ELM, TƏHSIL, İSTİQLAL CARÇISI - Hacıbaba Əzimov

Avqustun 1-də istiqlalçı deputat, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi, Lənkəran Dövlət Universitetinin qurucusu və ilk rektoru, Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri, professor Hacıbaba Əzimovun anadan olmasının 80 illiyi tamam olur.

Bu münasibətlə VAMBP-nin Rəyasət Heyəti partiya adından təbrik bəyannaməsi yaymışdır. Bəyannamədə prof. H.Əzimovun keçdiyi həyat yolundan qısaca bəhs edilərək göstərilir ki, o, 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuş, 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir. Elmi fəaliyyətinə MEA Tarix İnstitunda başlamış (1960-1969-cu illər), sonra Pedaqoji Universitetdə baş elmi işçi-doktorant, dosent, professor, Siyasi Tarix Kafedrasının müdiri-professoru (1985-1991-ci illər) vəzifələrində çalışmışdır. 1966-cı ildə namizədlik, 1981-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir.

Prof.H.Əzimov 1991-1992-ci illərdə Bakı Dövlət Universiteti Lənkəran filialının təşkilatçısı və direktoru, 1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetinin (LDU-nun) qurucusu və ilk rektoru olmuşdur.

Bəyannamədə xüsusi olaraq vurğulanır ki, prof. H.Əzimovun fədakar əməyi və yüksək təşkilatçılıgı sayəsində tarixən çox qısa bir zaman kəsiyində qurucusu olduğu Lənkəran Dövlət Universiteti respublikada ən nümunəvi ali tədris mərkəzlərindən birinə çevrilmiş, LDU-da həyata keçirilən düzgün kadr siyasəti, yaranmış saf rəhbərlik-müəllim-tələbə münasibətləri, yüksək səviyyədə keçirilən elmi-mədəni tədbirlər sayəsində o zaman Lənkəranda və bütün bölgədə çox xoş milli-mənəvi, ictimai-siyasi mühit bərqərar olmuşdur.

Bəyannamədə yazılır: “Ölkəmizin görkəmli tarixçi alimlərindən biri olan H.Əzimov respublikada və xarici ölkələrdə çap edilmiş 10-dan artıq kitabın, 100-dən çox digər samballı əsərlərin müəllifidir. O, beynəlxalq və respublika əhəmiyyətli bir sıra fundamental tədqiqatların, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının tarix bölməsinin, bir sıra tədris vəsaitlərinin müəlliflərindən biridir. Onun elmi əsərləri beynəlxalq və respublika elmi mərkəzləri tərəfindən dəfələrlə yüksək dəyərləndirilib, 1982, 1984, 1987-ci illərdə çap edilmiş kitabları tarix elminin ən mühüm nailiyyətləri sırasına daxil edilib. Elmi əsərlərində Rusiyada üç inqilab dövründə Azərbaycan xalqının demokratik və milli-azadlıq hərakatı tarixinin bir sıra mürəkkəb problemləri ilk dəfə olaraq dərindən və hərtərəfli araşdırılıb ictimaiyyətə çatdırılmışdır.

Prof. H.Əzimovun “Azərbaycan tarixində “ag ləkələr” (1989) adlı əsəri Azərbaycan xalqının ictimai-siyasi və istiqlal mübarizəsi tarixinin düzgün və yeni konsepsiyada işıqlandırıldıgı ilk nümunələrdəndir. O, 1990-ci ilin “20 yanvar” qətliamından dərhal sonra, mətbuatda sərt hərbi senzura tətbiq edilməsinə baxmayaraq, yanvarın 31-də böyük formatlı “Bakinskiy raboçiy” qəzetində çap etdirdiyi “Azərbaycan tarixi.1918-1920-ci illər. Yeni təfəkkür aynasında “ag ləkələr” adlı iri həcmli məqaləsində vaxtilə Androniklərin, Şaumyanların Türkiyə və Azərbaycanın dinc əhalisinə qarşı törətdikləri amansız qətliamları dürüst faktlarla göstərməklə və xalqımıza qarşı bu genosid siyasətin SSRİ rəhbərliyi tərəfindən yanvarın 20-də Bakıda və sonra bir sıra rayonlarda təkrarən həyata keçirildiyini, lakin bütün bunların Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilməyəcəyini bəyan etməklə əsil ziyalı qeyrəti və vətəndaşlıq mövqeyi nümayiş etdirmiş və bununla da o vaxt dərin kədər və hüzn içərisində olan xalqımıza böyük mənəvi dəstək olmuşdur.

Prof.H.Əzimov uzun illər ərzində bir sıra beynəlxalq və respublika Elmi Şuralarının, ixtisaslaşdırılmış dissertasiya Müdafiə Şuralarının üzvü, LDU yanında ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri olaraq ölkəmizdə gənc alimlərin hazırlanmasına böyük töhfələr vermiş, 50 nəfərdən artıq şəxs onun elmi rəhbərliyi, rəyi və elmi məsləhətçiliyi ilə doktorluq və namizədlik dissertasiyası müdafiə etmişdir.

Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyinə və xalq arasında böyük nüfuzuna görə prof. H.Əzimov 1990-cı ildə Azərbaycan Respublikasının xalq deputatı, 1991-ci ildə isə cəmi 51 nəfərdən ibarət ilk professional parlamentin - Milli Məclisin üzvü seçilmişdir. O, Azərbaycanın dövlət müstəqilliyi naminə fədakarcasına mücadilə aparan Müstəqil Azərbaycan Deputat Blokunun (“Demblok”un) üzvü olmuş, gözlənilən hər cür təqib və repressiyalara baxmayaraq, hələ 1991-ci il martın 7-də Ali Sovetdə SSRİ-nin saxlanması ilə baglı respublikada referendum keçirilməsinin əleyhinə, Azərbaycanın dövlət müstəqilliyinə səs vermiş cəmi 43 nəfər istiqlalçı deputatdan biri, 1991- ci il oktyabrın 18-də Ali Sovetdə qəbul edilən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını hazılayan deputat komissiyasının sədri, Konstitusiya Aktının əsas müəllifi və parlamentə təqdimatçısı olmuş, Azərbaycan Respublikasının ilk Milli Məclisinin deputatı oldugu müddətdə (1991-1995-ci illər) ölkənin dövlət müstəqilliyinin möhkəmlənməsində, dövlət atributlarının və qanunvericilik bazasının hazırlanıb qəbul edilməsində fəal iştirak etmişdir”.

Daha sonra təbrik bəyannaməsində deyilir: “Acı təəssüf hissiylə bildirməliyik ki, prof. H.Əzimov Azərbaycanda elm və təhsilin inkişafında, dövlət müstəqilliyinin bərqərar olmasında və möhkəmlənməsində müstəsna xidmətlərinə görə mövcud hakimiyyət tərəfindən nəinki layiqincə qiymətləndirilməmiş, əksinə, dövlət orqanlarında mühüm vəzifələrə yerləşdirilmiş Rusiyanın “5-ci kolon”una mənsub olan məmurlar tərəfindən dəfələrlə təqib və repressiyaya məruz qoyulmuş, 1997-ci ildə heç bir hüquqi əsas olmadan qurucusu olduğu LDU-nun rektoru vəzifəsindən kənarlaşdırılmış, sonra işsiz qoyulmuş və dəfələrlə Milli Məclisə seçkilərdə iştirakına imkan verilməmişdir. Bütün bunlara rəğmən, o, heç vaxt antimilli, antiazərbaycan dairələr qarşısında sınmamış, əyilməmiş, uğrunda çalışdığı böyük amallara daim sadıq qalaraq ictimai-siyasi fəaliyyətini əzmkarlıqla davam etdirmiş, xalqımıza və milli müstəqil dövlətçiliyimizə sədaqətlə və təmənnasız olaraq xidmət göstərmiş və göstərməkdədir.

Bəyannamədə Hacıbaba müəllimin ictimai-siyasi fəaliyyəti yüksək dəyərləndirilərək onun hələ 1992-ci ildən Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri olaraq respublikamızın ərazi bütövlüyünü, xalqımızın milli birliyini qorumaq və etnik separatçılıq meyillərinin qarşısını almaq sahəsində gördüyü işlər təqdir edilir və göstərilir ki, o və onun rəhbərlik etdiyi VAMBP 1993-cü ilin iyun- avqust aylarında Lənkəranda Ə.Hümbətov başda olmaqla “Talış Muğan Respublikası” adlı qondarma qurum elan etmiş separatçı xəyanətkar dəstənin ifşa və darmadağın edilməsində mühüm rol oynamışdır. Sonra bəyannamədə xatırladılır ki, prof. H.Əzimov son 20 il ərzində müxtəlif zaman kəsiyində fəaliyyət göstərmiş Seçki İslahatı və Demokratik Seçkilər Uğrunda Hərəkatın, Demokratiya Uğrunda Hərəkatın, Konstitusion Seçki Blokunun, Demokratik Azərbaycan Blokunun Sədrlər Şurasının üzvü, Milli Müqavimət Hərəkatının və Ziyalılar Məclisinin İdarə Heyətinin üzvü, 28 siyası partiyanı özündə birləşdirən Birləşmiş Müxalifət Hərəkatının koordinatoru və təşkilat komissiyasının sədri, Azərbaycan Naminə Hərəkatın (ANH) İdarə Heyətinin sədri, son illərdə isə İstiqlalçı Deputatlar Məclisinin və Demokratik Qüvvələrin Milli Şurasının təsisçilərindən biri olaraq ölkədə milli demokratik qüvvələrin konsolidasiyası, insan hüquqlarının qorunması, azad cəmiyyətin və xalqımızın ali iradəsi ilə legitim hakimiyyətin formalaşması uğrunda aparılan mücadilədə fəal iştirak etmiş və etməkdədir. O, həm ümumdemokratik hərəkat və təşkilatların təsisçilərindən biri, həm də VAMBP-nin sədri olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan – Azərbaycan münaqişəsinin ədalətli həlli ilə bağlı ümummilli proqram xarakterli sənədlər paketi hazırlayıb respublika rəhbərliyinə, beynəlxalq təşkilatlara, siyasi və ictimai qurumlara təqdim etmiş, dəfələrlə ermənipərəst mövqedən çıxış edən xarici dairələrin Qarabağ problemi ilə bağlı saxta və qərəzli təkliflərinin təslimçi mahiyyəti haqqında bəyanatlar vermişdir.

Prof. H.Əzimov gördüyü dəyərli işlərlə, Vətənə təmənnasız xidmətləri ilə xalqımızın böyük hörmət və etimadını qazanmışdır. Onun keçdiyi mənalı həyat yolu və fəaliyyəti həmişə öz əqidədaşları, yetirmələri olan çoxsaylı alimlər, müəllimlər və gənclər üçün örnək olmuş və olmaqdadır”.

Bəyannamənin sonunda VAMBP-cilər Azərbaycanda elm və təhsilin inkişafında, dövlət müstəqilliyinin əldə edilməsində və möhkəmlənməsində, ölkəmizdə azad və ədalətli cəmiyyət qurulması naminə mübarizədə dəyərli xidmətlərinə görə prof. H.Əzimova minnətdarlıq hisslərini bəyan edir və onu anadan olmasının 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik etdiklərini bildirirlər.

"AzPolitika.info"nun kollektivi də görkəmli ziyalımız Hacıbaba Əzimovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, yeni-yeni müvəffəqiyyətlər arzu edir. 

 

635x100

Şərhlər

Cavanşir 2018-08-01 00:06:12

Xalqımızın ləyaqətli oğlu çox hörmətli Hacıbaba müəllimi ad günü münasibəti ilə ürəkdən təbrik edir,can sağlığı arzulayıram.Hacıbaba müəllim APİ-də oxuduğum vaxt bizə tarix fənnindən dərs deyib və həmin düvrlərdə yüksək mədəniyyəti, təmizliyi,dürüstlüyü,vətən sevgisi ilə bizləri heyran etmişdi.Hacıbaba müəllim kimi insanları qorumaq,hörmətini saxlamaq hər bir azərbaycan vətəndaşının borcudur.Hacıbaba müəllim sizi ad gününüz münasibəti ilə bir daha təbrik edir ən xoş arzularımı çatdırıram.

Mühəndis 2018-08-01 00:06:12

Hörmətli Admin. Azpolitika,62 yaşım var.çox üzr istəyirəm Hacıbaba müəllimdən və Sizdən.Adını Hacıbala yazdığım üçün.Sizdən xahiş edirəm müəllimin adını redaktə edəsiniz.Qabaqcadan minnətdaram.

Qabil Hüseynli 2018-08-01 00:06:12

Hacıbaba müəllim gözəl alim, tanınmış ictimai-siyasi xadim kimi doğma Azərbaycanımız qarşısında xidmətləri böyükdür. O yüksək intellekti, əməksevərliyi sayəsində elmin yüksək pillələrini fəth edə bilmiş, siyasi əzmi,vətənsevərliyi ilə çoxsaylı insanların rəğbətini qazanmışdır.Biz də hörmətli alimimizin, nüfuzlu siyasətçinin 80 illik yubileyi münasibətilə təbriklərə qoşulur, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayırıq.

Mühəndis 2018-08-01 00:06:12

Hacıbala müəllimi 80 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm. Hacıbala müəllim özü bir Azərbaycan tarixidir.O keçmiş sovet döründə milli ruhda tək-tək yetişmiş ziyalılardan biridir.Çox təəssüf hissi ilə deyirəm,onlar da azalır.Millətini, xalqını,Dövlətini ürəkdən sevən insanlar azaldıqca onların yerini qeyriləri,yəni antilər tutur.Hazıra-nəzir dövləti it leşi kimi parçalayıb,qanını içirlər.Amma onlara qarşı nə bir ziyalı, nə ağsaqqal çıxa bilmir.Çünki ölkədə onlar həddən azdırlar.Heyf..çox heyf.Göz yaşı..

Son yazılar