“Mətbuatı bu işlərə qatmaq, prokuror əvəzinə çıxarmaq nə dərəcədə məntiqlidir?” – Elmira Axundova

Dərc olunub: 31/07/2018 - 20:36

20180730022532-1Artıq bir neçə gündür bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasındakı telefon söhbətinin audioyazısı yayılıb. APA TV-nin xəbərinə görə, telefon danışığından anlaşılır ki, söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir.

Elmira Axundova bir neçə dəfə həmin məbləği qaytaracağını vəd edir. Deputat söz verir ki, oğlu ilə birlikdə adı hallandırılan qalmaqallı borc məsələsinin həllinə çalışır.

APA TV-yə müsahibəsində deputat Elmira Axundova problemin məhkəmə müstəvisində ədalətli həll ediləcəyinə inandığını deyir: “Hamı bilsin ki, Fərman Məmmədovla Binəqədi rayon məhkəməsində iki ildən çoxdur ki, bizim məhkəməmiz gedir. Və həmin o audio və video yazılar mənim tərəfimdən Binəqədi məhkəməsinə təqdim olunub. Mən artıq Binəqədi məhkəməsindən özüm tələb etmişəm ki, məsələ araşdırılsın və sorğu göndərilsin. Mənim o adamla iş birliyim olub, ya yox? Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İbrahimovun da məhkəməsi gedir”.

Elmira Axundovanın sözlərinə görə, artıq 5 ildir Fərman Məmmədov adlı şəxs özünə yaxın olan mətbuat orqanları vasitəsilə deputatı və onun ailəsini ittiham edir. Deputat hesab edir ki, Fərman Məmmədov bu kimi hərəkətlərlə məhkəməyə təzyiq edir: “Mən və mənim oğlum qanun çərçivəsində mübarizə aparırıq. Mətbuata o vaxt üz tutulmalıdır ki, məhkəmələrdə iddiaları təmin olunmasın. Mətbuatı bu işlərə qatmaq, prokuror əvəzinə çıxarmaq nə dərəcədə məntiqlidir? Mən istərdim ki, hüquq-mühafizə orqanları bu cür qanunsuz hərəkətlərə qarşı cavab versinlər. Bu, mübahisə yox, məhkəmə predmetidir. Artıq biz hamımız məhkəmədə görüşəcəyik. Mən sizi dəvət edirəm məhkəmədə iştirak edib prosesi izləyəsiniz. Çünki Fərman Məmmədov məhkəmə prosesinə müxalifət mətbuatı ilə gəlir. Siz də gəlib qulaq asa bilərsiniz. Mən yenə də deyirəm ki, bunlar qanunsuz hərəkətlərdir. Mən istəyirəm ki, bunu siz də biləsiniz”.

Elmira Axundova məhkəmə hökmü olmadan kiminsə günahlandırılmasını istəmədiyini deyib.

Xatırladaq ki, Fərman Məmmədov deputat Elmira Axundovanın oğlu Həbib Axundova və onun yaxın dostu Elnur İbrahimova 575 min manat pul verdiyini, Elmira Axundovanın şəxsən bu pulun 250 min manatını evində ona geri qaytardığını, qalan pulu isə vermədiklərini bildirir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Həbib Axundov isə məhkəmədə zərərçəkən qismindədir.






loading...


Fikrinizi bildirin