HƏRBİ EKSPERT SƏFƏR ƏBİYEVİN MİLYONLUQ HESABLARINI AÇDI - MTN-ə müraciət

 “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli baş prokuror Zakir Qaralova və milli təhlükəsizlik naziri Eldar Mahmudova müdafiə naziri Səfər Əbiyevlə bağlı növbəti müraciətini edib. Müraciətdə S.Əbiyev haqqında ciddi ittihamlar və iddialar yer alır.

Y.Cəfərli qeyd edir ki, Macarıstanın OTR BANK-ı müdafiə nazirinin 65 milyon avroluq bank hesabını dondurub. Bank Səfər Əbiyevdən bu məbləği necə qazanması barədə gəlir deklorasiyası təqdim etməyi xahiş edib. Səfər Əbiyevdə isə gəlirlər haqda arayış olmayıb.

“Bundan başqa hələ 10-12 il əvvəl İnterpol birmənalı olaraq qurumun Azərbaycandakı Milli Mərkəzi Bürosuna belə bir məlumat vermişdi. Bildirilirdi ki, yuxarıda adları göstərilən şəxslər və kompaniyalar çirkli pulların yuyulması ilə məşğul olmaları şübhəsi ilə İnterpolun maraq dairəsinə düşüblər. Biz, silahlı qüvvələrə ictimai nəzarəti həyata keçirən ictimai təşkilat olaraq, uzun müddətdir ki, mətbuatda yayılan bu məlumatın araşdırılması ilə məşğuluq. Apardığımız araşdırmalar göstərir ki, söhbət uzaq Macarıstanda Səfər Əbiyevin bank hesablarının doldurulması ilə məşğul olan "şəxs"lər və "kompaniyalar"dan gedirdi. Özü də konkret olaraq həmin fiziki və hüquqi şəxslərin rekvizitləri də göstərilirdi. Sən demə, Tiflisdə 12,8 milyon dollar qiyməti olan 6 hidroelektrik stansiya almaq üçün Budapeştdə yaşayan 2 azərbaycanlının bank hesabına 17 milyon dollar köçürülməlidir. Burada 4,2 milyon dollar fərq əmələ gəlir. Bu fərqə xalq arasında "şapka" deyilir. Macarıstan İnterpolunun hesabatlarında göstərilir ki, 2 ay ərzində Azərbaycandan bu dövlətdəki 5 bank hesabına şübhəli pul köçürməsi qeydə alınıb. Bu köçürmələrdən 686.000, 196.000, 617.000 və 252.000 dollar əlavə "şapka" əldə edilib. Bu məlumatlara əsaslanıb müdafiə naziri vəzifəsini tutan Səfər Əbiyevin ayda orta hesabla 3 milyon dollar "şapka" qazandığını müəyyən etmək olar. Özü də bu, təkcə Macarıstanda müəyyən olunan 5 hesabla bağlı məlumatlara əsasən gəlinən nəticədir. Səfər Əbiyevin 65 milyon avroluq təkcə bir hesabı dondurulub!”, - deyə Y.Cəfərli qeyd edir.

“Biz, ictimai qurum olaraq, bu barədə göstərilən banka bir neçə dəfə yazılı müraciət etsək də hər hansı bir cavab ala bilmirdik. Buna görədə araşdırmaları birbaşa bankın Macarrıstanın paytaxtı Budapeşt şəhərində yerləşən baş ofisində aparmağa qərar verdik.Təəssüf ki, ictimai qurum olduğumuzdan araşdırmalarımıza rəsmi xarakter verə bilmədik. Bankın rəhbərliyinin sözlərinə görə bu dövlətlərarası münasibətlər kateqoriyasına aid olan məsələdir və bank yalnız Azərbaycanın rəsmi orqanlarının sorğusuna yazılı cavab verə bilər. Amma bank əməkdaşları mətbuatda yayılmış bu məlumatın doğruluğunu inkar etmədilər. Vətəndaş cəmiyyəti nümayəndələri olaraq, mətbuatda yayılmış bu məlumat üzrə Respublika Baş Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməsini tələb edirik”, - deyə müraciətdə qeyd edilir.

Y.Cəfərli 2013-cü il ərzində rəhbəri olduğu təşklat tərəfindən aparılan araşdırmalar zamanı Səfər Əbiyevin digər Avropa ölkələrində də bank hesabları olması barədə məlumatlar əldə etdiklərini qeyd edir: “Doğrudur, hələlik Macarıstanda olduğu kimi geniş məlumat toplaya bilməmişik, amma Almaniyada, Avstriyada, İspaniyada, İsveçdə və İsveçrədə belə bank hesablarının mövcudluğunu araşdırmaqda davam edirik. Araşdırmaların nəticələri barədə müvafiq dövlət orqanlarına məlumat verəcəyik”.

Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Eldar Sabiroğlu isə “Bizim Yol”un bu barədə sorğusunda aşağıdakı kimi cavab verib: “Onun nəyinə şərh verək? Oyuncaq vəziyyətə düşən bu gerizəkalı bədbəxt sifariş yerinə yetirməkdən usanmır. Əgər bir adam ki, özünə bu cür yolla çörək qazanmağı rəva görürsə, nə qədər öyüd-nəsihət, düzəliş versən, tənqid etsən mənası yoxdur. Öyrəndiyi peşədən əl çəkən deyil. Ümumiyyətlə, beləsinə uzun-uzadı baş qoşmaq da əhəmiyyətsizdir. Sağında-solunda bir-iki nəfər var idi, onlar da qaçdılar. İndiki günlərdə onu bir az da fəallaşdırıb müdafiə naziri barədə qondarma, yalan məlumatları yaymağa sövq edirlər. O, da buna asanlıqla gedir. İndi özünüz nəticə çıxarın, beləsindən özgə nə gözləmək olar? Müraciətdəkilərin hamısı yerli-dibli cəfəngiyatdır. O, «rəqəmləri», «bank hesablarını» bu gerizəkalıya verənə demək istəyirik ki, «faktını» təsdiq edəcək iynənin ucu qədər sübutu ortalığa qoya bilərsə, buyursun. Əks təqdirdə belə sərsəm şeylərlə özünü daha da alçaltmasın”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar