ETSN ağac kəsən sahibkarı 800 manat cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı çəpərlənmiş yaşıllıq ərazidə 4 ədəd ağacın zədələndiyi məlum olub. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələri 2 gün ərzində məlum olacaq və nəticələrə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.

Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub. Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan “məcburi göstəriş” verilib.

635x100

Şərhlər

İldırım Türksoy 2018-08-01 17:46:55

Hörmətli "Azpolitika.info"! Bu cür ictimai əhəmiyyətli problemləri gündəmə gətidiyinizə görə əməkdaşlarınıza təşəkkür edirik! Eyni zamanda bildiririk ki, Xətai rayonu ərazisində, Əhmədli metrosunun yaxınlığındakı "Bizim market" mağazası ilə üzbəüzdə 1970-ci illərdə əkilən ağaclar bu ilin mart-aprel aylarında vəhşicəsinə məhv edilərək yerində mağazalar tikilir. Bu özbaşınalıqla yerində tanış olub nəticəsini ictimaiyyətə çatdırılmasını sizdən xahiş edirik. Əvvəlcədən təşəkkür edirik!

Son yazılar