Taleh Şahsuvarlı baş redaktor təyin edildi

Tanınmış jurnalist Taleh Şahsuvarlı bu günlərdə Aznyus.az saytının baş redaktoru təyin olunub.

O, Axar.az-a müsahibəsində bu təyinatla və 6 yaşı tamam olan Aznyus.az saytı ilə bağlı danışıb.

– Bildiyimiz qədərilə sizə başqa media qurumlarından da iş təklifi gəlmişdi. Nəyə görə məhz Aznyus.az saytının təklifini qəbul etdiniz?

– Həmişə deyirəm ki, daş düşdüyü yerdə ağır olur. Ona görə də fikirləşdim ki, jurnalistəmsə, fəaliyyətimi bu sahədə davam etdirsəm, daha yaxşı olar. “Aznyus” populyarlığı, müsbət redaksiyası olan, Azərbaycan oxucusuna yaxşı mənada tanış bir saytdır. Bu saytı inkişaf etdirmək perspektivi var. Hesab edirəm ki, bu saytın mənə qədər mövcud olan konsepsiyası mənim konsepsiyama uyğundur.

– Bundan sonra saytda hansı dəyişikliklər gözlənilir?

– Kadrlar baxımından onu deyə bilərəm ki, bu günə qədər burada çalışan hər kəs yenə də öz işindədir. Heç kim işdən kənarlaşdırılmayıb və belə bir fikrimiz də yoxdur. Eyni zamanda biz artıq sayta yeni əməkdaşlar cəlb etmişik.

Sayta kənardan köşə yazarları da cəlb etməyi düşünürük. Həmin şəxslər arasında tanınmış imzalar da olacaq. Bundan əlavə saytımızda müəllif yazıları olacaq.

Kadr baxımından elə bir problem olacağını düşünmürəm. Əsas hədəfim İP uğrunda mübarizə aparmaq deyil, hər kəs tərəfindən qəbul olunan analitik informasiya portalı kimi fəaliyyət göstərməkdir. Təbii ki, yaxın zamanlarda da planlarımızı gerçəkləşdirmək üçün addımlar atacağıq. Yəqin ki, sentyabr ayından dəyişiklikləri müşahidə edəcəksiniz. Fikrimcə, insan arxı keçəndən sonra “bərəkallah” deməlidir. Jurnalistika da elə bir sahədir ki, onun “bərəkallah”ı oxucuların reaksiyasından, ictimai rəyə təsir imkanlarından asılıdır.

– Əvvəlki dövrlərdə Aznyus.az saytı eksklüziv xəbərləri ilə seçilirdi, lakin son vaxtlar portal populyarlığını bir qədər itirib. Yenidən “aznyus”da əvvəlki aktivliyi müşahidə edəcəyikmi?

– Saytın ilk baş redaktoru Elçin Zahiroğlu olub. O, çox mötəbər bir sayt yaratmışdı. Sonrakı redaktorlar da onun fəaliyyətini uğurlu davam etdirib.

Bir neçə gündür ki, sosial şəbəkələrdə çox fəal reklam kampaniyası aparırıq. Təbii ki, bu da öz müsbət təsirini göstərir. Bir həftədir işə başlamağıma baxmayaraq, xeyli eksklüziv xəbərlərimiz yayımlanıb. Biz beynəlxalq normalar çərçivəsində peşəkar formada öz işimizi qurmaq istəyirik. Süni İP arxasınca heç zaman qaçmayacağıq. Buna ehtiyacımız yoxdur.

– Aznyus.az-ın gələcəklə bağlı iddiası nədir?

– Jurnalistika sahəsində iddiasız adamam desəm, yalan olar. Əsas iddiamız yanvar ayına qədərki dövrdə ilk beşlikdə təmsil olunmaqdır. Əgər buna nail ola bilsək, hədəflərimiz dəqiq müəyyənləşəcək.

Bu vaxta qədər harda işləmişəmsə, kollektivlə daim səmimi münasibətdə olmuşuq. Məqsədimiz bundan sonra da iş yerindəki stresi minimuma endirərək, keyfiyyəti və məhsuldarlığı artırmaqdır.

– Yeni baş redaktoru olduğunuz saytın bu gün 6 yaşı tamam olur. Baş redaktor olaraq 7-ci yaşda hansı işləri görəcəksiniz?

– Ən başlıca hədəfim ondan ibarətdir ki, dost mühiti yaradaq. Çalışacağaq ki, çox da səhvlərə yol vermədən bütövlükdə insanların etimad göstərdiyi sayt olaq.

– Komandanıza daxil etmək istədiyiniz jurnalistlər varmı, yoxsa komanda artıq tam formalaşıb?

– Kollektivimiz demək olar ki, tam formalaşıb. Amma ola bilsin, sentyabrdan sonra daha 3 nəfəri işə götürək.

Bundan əlavə, bir neçə layihə həyata keçirmək istəyirik. Gələcəkdə götürüləcək işçilər də sırf bu layihələrlə məşğul olacaqlar. Layihələrin hansı istiqamətdə olması barədə hələlik heç bir məlumat verə bilmərəm. Çünki başqaları ideyamızdan bəhrələnə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar