Qərbdən Azərbaycanda işləyən banka sanksiya

Avropa İttifaqı bu gün səhərdən etibarən Rusiyaya qarşı sanksiyaların üçüncü fazasına dair gərgin müzakirələrə başlayıb.

Virtualaz.org saytı Qərb mənbələrinə istinadla xəbər verir ki, Ukrayna ətrafında böhranın başlamasından bu yana ilk dəfə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadiyyatın bütöv sektorlarına istiqamətlənmiş sanksiyaları müzakirə etməyə başlayır. Siyahıya Azərbaycanda da filialı olan “Vneştorqbank” (VTB) qrupu daxil edilib.

Məlumata görə, sanksiyalara dair müzakirələr Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələrinin Komitəsində (Coreper) keçirilir. Komitə Rusiyaya qarşı maliyyə, silah, ikili təyinatlı məhsullar və energetika sanksiyalarının tətbiqinə dair paketi müzakirəyə çıxarıb.

Bundan əvvəl - iyulun 28-də axşam məlum olub ki, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ liderləri öz aralarında apardıqları telefon danışıqlarında Rusiyaya qarşı sanksiyaların siyahısının genişləndirilməsinə dair razılığa gəliblər. Səbəb Moskvanın Ukraynanın şərqində fəaliyyət göstərən separatçılara silah dəstəyini davam etdirməsi və beynəlxalq birliyin çağırışlarına məhəl qoymamasıdır.

Avropa Komissiyasının rəsmisi Conatan Todd bildirib ki, Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketini bu həftə ərzində təsdiqləməyə hazırlaşırlar. Daimi nümayəndələr komitəsi sanksiyaları razılaşdırsa, məsələ təsdiqlənmək üçün Avropa İttifaqı Şurasına təqdim ediləcək. Sanksiyaların şura tərəfindən razılaşdırılması və qüvvəyə minməsi proseduru iyulun 30-da axşamadək başa çata bilər.

Hələlik sanksiyaların yeni dalğasının tətbiq olunacağı şəxslərin və şirkətlərin adlarına dair heç bir rəsmi informasiya yoxdur.

“The Wall Street Journal” diplomatik qaynaqlara istinadən xəbər verir ki, “qara siyahı”ya beş nəfər və iki bank daxil olacaq. Qəzet bu bankların “Sberbank” və “VTB Group” olacağını yazır.

Bildirilir ki, sanksiyalar bu maliyyyə institutlarının imkanlarını kəskin şəkildə məhdudlaşdıracaq. Avropa Komissiyasının hesablamalarına görə Rusiyanın sektoral sanksiyalardan iki il ərzində 100 milyard dollar itirəcəyi gözlənilir. Eyni zamanda Avropa İttifaqının özü də bu sanksiyalardan ciddi ziyan çəkəcək.

Qeyd edək ki, sanksiyalara məruz qalması gözlənilən VTB-nin Azərbaycanda da törəmə bankı fəaliyyət göstərir. “Bank VTB” (Azərbaycan) ASC-nin səhmdarları “Bank VTB” ASC və “Ata Holding” ASC-dir. “Bank VTB” (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 6 filial və baş ofisdə yerləşən müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar