Dünya mediası prezident seçkisindəki saxtakarlıqlardan yazır

Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkiləri zamanı yol verilən kütləvi qanun pozuntuları bir yana, xüsusən, Mərkəzi Seçki Komissiyasının ehtiyatsızlıq üzündən seçkinin nəticələrini bir gün əvvəl yayması dünya mediasında müzakirə mövzusu olaraq qalır.

Hətta Afrikada da Azərbaycandakı seçki saxtakarlığına təəccübləniblər. Keniya mətbuatında ölkəmizdəki seçki ilə bağlı material “Azərbaycanda səsvermə başlamamış seçkinin nəticələri yayılıb” başlığıyla yayımlanıb.

“Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin azad və ədalətli olacağı əvvəlcədən gözlənilmirdi. Hakimiyyəti on il əvvəl atasından miras almış Ilham Əliyev hökuməti fəallara və jurnalistlərə qarşı hədələri gücləndirmişdi. Hüquq müdafiəçiləri bu ölkədə ifadə azadlığının məhdudlaşdırılmasından, medianın hakimiyyətin təsiri olmasından gileylənir. BBC-nin Azərbaycandakı seçkiyə dair materiallarının sərlövhəsi (Əvvəlcədən müəyyənləşdirilmiş prezident) də deməyə əsas verir ki, bu ölkədə azad və ədalətli seçki gözləntisi çox aşağı idi”, - deyə məqalədə qeyd olunub.

***

Almaniyanın dünyaca nüfuzlu “Der Spiegel” jurnalı da Azərbaycandakı seçkini “nəticələri əvvəlcədən bəlli olan seçki” kimi xarakterizə edib. Məqalədə qeyd olunub ki, seçkinin nəticələri səsvermədən bir gün əvvəl elan olunub.

Məqalədə həmçinin seçki prosesinin kütləvi qanun pozuntuları, saxtakarlıqla müşayiət olunduğu vurğulanır.

Uzaq Avstraliyanın “Melbourn Age” qəzeti də Azərbaycandakı seçkilərdən yazarkən yuxarıda qeyd olunan halları sadalayır. Azərbaycanda Mərkəzi Seçki Komissiyasının ehtiyatsızlıq edərək, nəticələri səsvermədən bir gün əvvəl yayması bu məqalədə də öz əksini tapıb.

“The New York Times”: “Seçki saxtakarlıq şəraitində keçib”

Dünyaca nüfuzlu “The New York Times” qəzeti də Azərbaycandakı seçki saxtakarlığından yazır. Məqalədə qeyd olunur ki, beynəlxalq müşahidəçilər bu seçkini kəskin tənqid edib. Onlar bildiriblər ki, seçki ədalətli olmayıb, böyük miqyaslı saxtakarlıqlar şəraitində keçib: “ATƏT müşahidəçiləri bildiriblər ki, geniş miqyaslı qanun pozuntuları, o cümlədən qutulara bülletenlərin topa-topa atılması böyük saxtakarlığın göstəricisidir. Müşahidəçilər qeyd edirlər ki, seçki prosesi başlanğıcdan çox ədalətsiz olub. Prezident Ilham Əliyev nəzarətində olan böyük media imkanlarından açıq-aşkar istifadə edib və inzibati rıçaqların köməyilə müxalifətə qarşı açıq repressiya siyasəti aparıb. Seçki kampaniyasının gedişinə ən pis təsir göstərən hallar içərisində seçicilərin qorxudulması və mətbuatın imkanlarının məhdudlaşdırılmasını qeyd etmək olar. Iş o həddə çatıb ki, protokollar belə saxtalaşdırılıb. Bu prosesdə diqqəti cəlb edən məsələlərdən biri də Avropa Şurası Parlament Assambleyası ilə Avropa Parlamentindən olan müşahidəçilərin mövqeyinin ATƏT-in mövqeyindən kəskin fərqlənməsi olub. Seçkiyə verilən qiymətdə kəskin fərq bu vaxta qədər Əliyevin həyata keçirdiyi geniş miqyaslı lobbi fəaliyyətinin nəticəsi idi”.

ABŞ-ın tənqidi Azərbaycan hakimiyyətini narazı salıb

Bu arada, “Associated Press” agentliyi ABŞ-ın ölkəmizdəki seçkinin saxtakarlıqla müşayiət olunmasına dair mövqeyinə Azərbaycan hakimiyyətinin sərt reaksiya verdiyi haqda məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanın Xarici Işlər Nazirliyi ABŞ Dövlət Departamentinin tənqidini “qəbuledilməz” adlandırıb.

“Associated Press” eyni zamanda, Azərbaycanda seçki zamanı yol verilmiş kobud qanun pozuntularını sadalayır. Bildirilir ki, Azərbaycanda seçki səsvermə günü qutulara topa-topa bülletenlərin atılmasıyla müşayiət olunub. Həmçinin səslərin sayılması prosesində ciddi qanun pozuntularına yol verilib. Seçkiqabağı dövrdə ifadə, sərbəst toplaşma azadlıqları təmin olunmayıb.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar