Qərbdən Rusiyanı bir neçə həftəyə çökdürə bilən sanksiyalar

Avropa İttifaqı iyulun 29-da axşam Rusiyaya qarşı sektoral sanksiyalar paketini rəsmən elan edib.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrosonun və Avropa İttifaqı prezidenti Herman Van Rompuyun adından yayılmış birgə bəyanatda deyilir.

Sanksiyalar paketinə əsasən Rusiya dövlətinə məxsus olan maliyyə institutlarının Avropa İttifaqının (Aİ) kapital bazarına çıxışı məhdudlaşdırılır, Rusiya ilə silah ticarətinə embarqo qoyulur və bu ölkəyə ikili təyinatlı malların göndərilməsi dayandırılır.

Həmçinin Rusiyaya xüsusi həssas texnologiyaların, o cümlədən neft texnologiyalarının verilməsi məhdudlaşdırılır. Sanksiyalar iyulun 31-də Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra rəsmən qüvvəyə minəcək və 3 ay ərzində qüvvədə olacaq.

İndiyədək Rusiyada hesab edirdilər ki, Aİ bumeranq effektini nəzərə alıb sektoran sanksiyalara getməyəcək. Lakin belə görünür ki, Ukrayna məsələsində Rusiyanın geri çəkilməsinə nail olmaq Brüssel üçün iqtisadi maraqlardan daha üstün oldu. Belə ki, Aİ ölkələrinin Rusiyaya illik ixracı 120 milyard avrodur. Deməli, sanksiyalar Avropa ölkələrinin iqtisadiyyatlarına da zərbə vuracaq.

Rusiya isə daha çox maliyyə sanksiyalarından ziyan çəkəcək. Analitiklərin qənaətinə, görə maliyyə sanksiyaları Putinin zəif yeridir. Məsələ ondadır ki, Rusiyanın 500 milyard dollarlıq valyuta ehtiyatları var, lakin bu ehtiyatların böyük hissəsi qiymətli kağızlar formasında saxlanılır.

Rusiya Amerikanın və ya Avropanın ödəmə sistemlərindən istifadə etmədən öz iqtisadiyyatına bir avro, yaxud bir dollar da olsun kapital cəlb edə bilməz. Başqa sözlə, Mərkəzi Bankın mülkiyyəti dondurulmuş vəziyyətdə qalacaq, Rusiya iqtisadiyyatı isə Qərbin kapital bazarlarına çıxış imkanlarını itirəcək. Belə olan halda cəmi bir neçə həftəyə Rusiya iqtisadiyyatı çökə bilər.

İndi Rusiyanın yeganə şansı odur ki, sanksiyalar məhdud müddətə - 3 aya qüvvədə olacaq. Əgər sanksiyalar müddətsiz olsaydı, o zaman Rusiyanın onun ləğvi üçün şansları çox aşağı olardı. Çünki Aİ ölkələri arasında sanksiyaların ləğvinə dair konsensus əldə etmək çətindir.

Sanskiyalar paketinin hazırlanması üzərində işləyən diplomatın “EUObserver” resursuna bildirdiyinə görə, Rusiya bu qadağalardan bu il 23 milyard avro, gələn il isə 75 milyard avro itirəcək. Avropa İttifaqı isə bu il 40 milyard, gələn il 50 milyard avro ziyan çəkəcək.

Avropa İttifaqı ilə eyni vaxtda ABŞ-da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Birləşmiş Ştatların Maliyyə Nazirliyinin saytında yer alan rəsmi məlumatda deyilir ki, Rusiyanın üç bankı - “Bank Moskva”, “Rosselxozbank” və “Vneştorqbank” qara siyahıya salınır. ABŞ vətəndaşlarına və şirkətlərinə bu banklarla əməkdaşlıq etmək, onların borc öhdəliklərini almaq, habelə bu banklarla bağlı olan hüquqi şəxslərlə əməkdaşlıq etmək qadağan edilir.

Həmçinin Rusiyanın Birləşmiş gəmitikinti korporasiyası da qara siyahıya salınıb. Dövlət katibi Con Kerri bildirib ki, ABŞ Rusiyaya qarşı sektoral sanksiyalara hazırdır, lakin ümid edir ki, bu sanksiyalara ehtiyac olmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar