“Yeni pensiya qanunu acı dərmana bənzəyir…” - Medvedev

Rusiyada hələ parlamentin və prezidentin təsdiqləmədiyi yeni pensiya qanununun cəmiyyət tərəfindən kəskin mənfi reaksiya ilə qarşılanması hökuməti narahat edib.

“AzPolitika” Rusiya mətbuatına istinadla bildirir ki, baş nazir Dmitri Medvedev pensiya yaşının artırılmasını və onun hesablanma qaydasında edilən dəyişiklikləri nəzərdə tutan yeni qanunla bağlı geniş açıqlama verməyə məcbur olub.

Kütləvi etirazlara səbəb olan qanunu acı dərmana bənzədən baş nazir deyib ki, insan sağalmaq üçün bəzən acı dərmanlar qəbul etməyə məcburdur: “Bu, doğrudan da çox çətin məsələdir. İnsan bəzən acı dərmanı içmək istəmir, ancaq bilir ki, onu içməsə hər şey daha pis qurtara bilər. Yeni qanun da bunun kimidir.”

D.Medvedev deyib ki, hazırda işləyənlərlə pensiyaçıların sayı az qala eynidir. Bu isə ümumilikdə pensiya sisteminin parçalanmasına səbəb ola bilər.

Bununla yanaşı,Medvedev hökumətin yeni qanunla bağlı geri addım atmasının mümkünlüyünə də eyham vurub. O deyib ki, qanun hələ parlamentdədir, onunla bağlı geniş diskussiyalar aparılır. Və ekspertlərin, təhlilçilərin rəyinin qanun layihəsinə ciddi təsir göstərəcəyini də xüsusi qeyd edib.

Bundan bir müddət öncə isə Vladimir Putin yeni qanunla bağlı bildirib ki, pensiya yaşını artırmağa tələsməmək də olardı. Bu açıqlama da Rusiya rəhbərliyinin cəmiyyətin kəskin etirazları səbəbindən geri addım atacağı ehtimalını xeyli gücləndirir.

Xatırladaq ki, Rusiya Dumasının müzakirəyə çıxardığı yeni pensiya qanununa görə, kişilər 2028-ci ildən etibarən 65, qadınlar isə 2034-cü ildən sonra 63 yaşdan pensiyaya çıxacaqlar. Hazırda isə kişilər 60, qadınlar 55 yaşdan pensiyaya çıxır və bu yaş həddi 1932-ci ildən qüvvədədir.

CƏLAL

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar