ABŞ 3 NƏHƏNG ÖLKƏNİ DOLLARLA ÇÖKDÜRÜR! - Azərbaycanı nə gözləyir?

"Gec olsa da Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir"

ABŞ-ın tətbiq etdiyi, yaxud etməyə hazırlaşdığı sanksiyalar Azərbaycanın 3 böyük qonşusunda ciddi iqtisadi təlatümlərə səbəb olub.

Belə ki, Moskva valyuta birjasında dünən ABŞ dollarının məzənnəsi 2016-cı ilin avqustundan sonra ilk dəfə 67 rubl səviyyəsini keçib. ABŞ dollarının məzənnəsi 41 qəpik yüksələrək 67,06 rubla çatıb. Türkiyədə isə dollar ilk dəfə olaraq 6 lirəni keçib.

Rusiya Bankı (Mərkəzi Bank) ölkənin valyuta bazarının vəziyyəti ilə bağlı açıqlama verib. Qurumun bəyanatında bildirilir ki, son günlərdə rublun məzənnəsində volatilliyin müşahidə olunması qlobal maliyyə bazarlarında dəyişiklik fonunda yeni potensial sanksiyalarla bağlı xəbərlərə maliyyə bazarının təbii reaksiya verməsi ilə bağlıdır: “Rusiya Bankı maliyyə sabitliyinə yaranacaq təhlükənin aradan qaldırılması üçün kifayət qədər resursa malikdir” (report).

Bu açıqlamaya rəğmən, yerli analitiklər Rusiya Mərkəzi Bankı qədər optimist deyillər. Belə ki, payızda başlanacağı gözlənilən daha sərt ABŞ sanksiyaları barədə məlumat açıqlanandan dərhal sonra əhali banklardakı dollar əmanətlərini geri çəkməyə başlayıb. Eyni zamanda apreldən bəri getdikcə sürətlənən Rusiyadan kənara valyuta axını daha geniş xarakter alıb. Analitiklərin fikrincə, əlavə sanksiyaları reallaşarsa, Mərkəzi Bankın valyuta bazarında vəziyyəti sabitləşdirməyə gücü çatmayacaq.

Türkiyə də təxminən eyni problemlərlə üzləşməkdədir. Fərq bir ondadır ki, Türkiyə Mərkəzi Bankı valyuta bazarını nəzarətdə saxlamaq üçün demək olar ki, heç bir rıçağa malik deyil. Ölkədə ticarət kəsiri sürətlə artır, dövlət borcları da həmçinin. ABŞ-ın təzyiqi ilə xarici qurumlardan kredit almaq imkanlarının da məhdudlaşması qardaş ölkə iqtisadiyyatını çox çətin imtahan qarşısında qoya bilər.

İrana gəlincə, bu ölkədə ABŞ sanksiyaları üzündən iqtisadi problemlər sosial etirazlar səviyyəsinədək kəskinləşib.

Qeyd edək ki, Rusiya və Türkiyə Azərbaycanın qeyri-neft sektorunda ən böyük ticarət tərəfdaşlarıdır. Ölkəmizin idxalında bu iki ölkə mühüm yer tutur. İranla da əlaqələr son illərdə xeyli gücləndirilib. Bundan əlavə, Azərbaycan Dövlət Neft Fondu vasitəsilə Rusiyanın VTB bankına 500 milyon dollar yatırıb, Beynəlxalq Bank vasitəsilə İranda dəmiryol tikintisinə 500 milyon dollar kredit ayırıb. SOCAR vasitəsilə Türkiyənin neft-kimya sənayesinə qoyulan sərmayələrin həcmi isə iyirmi milyard dollara yaxındır.

Qonşularda baş verən sosial-iqtisadi problemlərin Azərbaycana hansı təsirləri mümkündür?

Millət vəkili, Milli Məclisin İqtisadi və sosial siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ki, qeyri-neft sektorunda böyük ticarət tərəfdaşlarımız olan qonşu ölkələrdə baş verənlərin Azərbaycana təsiri qaçılmazdır: “Bu hadisələr bizi narahat etməyə bilməz. Çünki bunlar bizim yaxın və qonşu dövlətlərdir. Rusiya və Türkiyə ilə qarşılıqlı ticarət əlaqələrimiz hər biri üzrə 2 milyard dollara yaxındır. İranla da əlaqələrimiz var. Bu hadisələrin səbəbi aydındır - ABŞ sanksiyaları. Hesab edirəm ki, bu hadisələr davam etdiyi müddətdə Azərbaycana da təsirləri davam edəcək. Yəni bu ölkələrin ABŞ-la münasibətləri normallaşanadək”.

Millət vəkili hesab edir ki, qonşu ölkələrdə baş verənlər ilk növbədə manatın məzənnəsinə təzyiqləri artırır: “Onlarda milli valyutaların dəyərdən düşməsi bizdə də manatın məzənnəsinə təsir edir. Lakin düşünürəm ki, hələlik Azərbaycanda manatın məzənnəsini qoruyub saxlamaq üçün real şərtlər var. Bu şərtlərdən birincisi, neftin qiymətidir - bizim üçün əlverişli olan 70 dollar civarındadır. İkincisi, idxal-ixrac əməliyyatlarında müsbət saldonun olmasıdır - ixracımız idxalımızı üstələyir. Üçüncü şərt isə fiskal siyasətdə nəzarət mexanizmini gücləndirmək, şəffaflığı artırmaqdır”.

V.Əhmədovun fikrincə, Türkiyə və Rusiyada milli valyutaların dəyərdən düşməsi Azərbaycandan bu ölkələrə xarici valyuta axınını gücləndirə bilər: “Bu ölkələrdə əmlak sürətlə ucuzlaşır. Bizim insanlar oradan əmlak almaq üçün buradan dollar aparmaq istəyəcəklər. Eyni zamanda bu ölkələrdən idxal arta bilər. Bu isə müəyyən qədər daxildə dollara tələbatı artıra bilər. Hesab edirəm ki, Mərkəzi Bank və hüquq-mühafizə orqanlarının bunun qarşısını almaq üçün kifayət qədər təcrübəsi var. Fikrimcə, hadisələr uzun müddət belə davam etsə, Azərbaycanın müəyyən qədər özünü təsirlərdən qorumaq imkanları var. Lakin yaxınmüddətli dövrdə - iki aydan, üç aydan sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil”.

İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu isə diqqəti Rusiya və Türkiyəyə yatırılan investisiyalar cəlb edir: “Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir. Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır. Bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir. Lakin son zamanlar türk lirəsinin sürətlə dəyər itirməsi, rublun isə “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə məzənnəsinin ucuzlaşması fondun valyuta səbətinin gəlirliliyini azaldır. Son günlər hər iki valyutanın ABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib. Belə ki, bu günə olan məlumata görə artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır”.

Q.İbadoğlunun sözlərinə görə, ABŞ prezidentinin Konqresə təqdim etdiyi sanksiyaya məruz qalacaq şirkətlər arasında Azərbaycanın da sərmayəçisi olduğu VTB Bankın da olması diqqətdən kənarda qala bilməz: “Məsələ burasındadır ki, ARDNF-nin bu bankda 500 milyon dollarlıq sərmayəsi var. Bundan əlavə, ARDNF Moskva şəhərinin biznes mərkəzi ”Tverskaya 16" ünvanında yerləşən və satış dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə də sahibdir və onu idarə edir. Rusiyanın maliyyə bazarlarında başlayan ucuzlaşma bu sərmayəni də dəyərdən salmaqla yanaşı, ondan əldə edilən gəlirləri dollar ifadəsində azaldır.

Onu da xatırladım ki, Azərbaycan Dövlət Neft Şirkətinin əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır. Hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyub. Bununla yanaşı, hər iki ölkənin iqtisadiyyatında və banklarında olan Azərbaycan mənşəli şəxsi sərmayələr də təhlükə qarşısındadır".

İqtisadçı-alimin fikrincə, gec olsa da Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir: “Əks təqdirdə, bizim itkilərimiz daha çox olacaq və manatı da qoruya bilməyəcəyik”.

Baş verənlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da reaksiya verib, “Biz Ekonomik mübarizədə uduzmayacağıq” deyib. Bu sözləri o, Türkiyənin Bayburt bölgəsinə ziyarəti zamanı söyləyib. “Bunlara inanmayın. Onların dolları varsa, bizim də Allahımız var” - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti onu da vurğulayıb ki, hökumət intensiv şəkildə yeni dövrün hazırlıqlarını aparır: “Bir tərəfdən dünyanın dörd bir yanına gedirik-gəlirik. Ölkəmizi, inşallah, yeni dövrə daha fərqli hazırlamağın cəhdi içərisindəyik”.

Sonda bir məqamı qeyd edək ki, ABŞ-ın Rusiya, İran və Türkiyəni çökdürmək, ən yaxşı halda zəiflətmək üçün iqtisadi hücum taktikası seçməsi təsadüf deyil. Hər üç ölkə uzunmüddətli dövlət ənənəsinə malikdir. Bu ölkələrin xalqları xarici təhlükə qarşısında öz iqtidarlarını açıq və birmənalı şəkildə dəstəkləyir. 2016-cı ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhd zamanı bunun şahidi olduq. Türkiyə xalqı ssenarisi Amerikadan yazıldığı iddia edilən qiyam cəhdinə sərt təpki verərək, Ərdoğanı, onun iqtidarını dəstəklədi. İqtisadi böhran isə millətlərin xarici təhlükəyə qarşı müqavimətini zəiflədir. Hətta xırda provokasiyalarla ölkələrdə sosial-siyasi kataklizmlər yaradır. Görünür, ABŞ-ı idarə edən güclər bu həssas məqamı hesabladıqları üçün regionun üç nəhəng dövlətinə qarşı növbəti iqtisadi hücuma start verib. Bu dəfə nə baş verəcək? Qərb, Birləşmiş Ştatlar istəyinə çatacaqmı? Sualın cavabı yaxın zamanlarda hər kəs üçün aydın olacaq. (Musavat.com)

635x100

Şərhlər

şahin 2018-08-11 11:12:09

əslinə qalsa sanksiyalar rusiya və türkiyəyə öz şərtlərini diktə etməkdən başqa bir şey deyil əzəli gündən amerika dünya üçün təhlükə yaradıb sormaq lazımdır nə axtarırsan suriyada liviyada iraqda əfqanıstanda ukraynada gürcüstanda rusiya sərhədlərində sonrada deyirsiz rusiya təcavüz edir əvvəlcə başa salın görüm niyə təcavüz edir rusiya və türkiyə atdıgınız addımlar əladır bu yolda sizə uğurlar

Azəri türkü 2018-08-11 11:12:09

Mənə cavab yazan qardaşım mən o sualı BMT-yə verməmişəm.Diqqətlə oxuyub analiz etsəydin görərdin ki,mən bizim hakimiyyətə sul vermişəm.

Bəhram Qarabağlı 2018-08-11 11:12:09

Şərhər səbəbləri aşkarlamaq isтəsələr də, savadlı iqтisadçılar cürəт eтməiblər? Üçlükdən üçcə misal. Azərbaуcanı unuтdugu 1987-1994 тəxribaтları, xaricə axan, eləcə milli iqтisadiууaтdan kənar iri sərmaуələr və (ozbaşına) "siуasi mərifəт" xərcləri çoxdan narahaт eтməliуdi? İqтisadi hesabaтsız siуasəт heç dovləтin işinə уaramaz. Azı 4 il gecikmiş "Suriуa siуasəтi"ndən, İraqı əldən vermiş Kreml və Ankara nə gozləirdilər? ABŞ уaranandan aşkar iqтisadi mübarizədədir və bu уolda qarşı birliуi də çokdürüb.

Azeri Turkune 2018-08-11 11:12:09

Sen bu suali BMT - ye yox, bizim hokumete ver. Niye Turkmenistanda ---- qaz,isiq,su ve s pulsuzdu bizde yox?????? O ki, qaldi Rusiyaya onu idare edenler oqru ve basqa dovletlerden mueyyen maraqlari temin etmek ucun bac alirlar. Biz de o siyahidayiq.Putin rejimi getmelidir. onda rus xalqi da , biz de rahat yasayariq.

Azəri Türkü 2018-08-11 11:12:09

Bu gün ABŞ-ın dünyada at oynatmasının günahkarı lazımsız quruma çevrilmiş BMT-dir.O.B.N-nə dən soruşmaq istəyirəm ki,nə üçün ABŞ-da nəqliyyat pulsuz deyil.Türkmənistan ABŞ-ın müttəfiqi deyil,ancaq orlarda işıq,su,qaz və adambaşına cörək norması pulsuzdur.

Hesen 2018-08-11 11:12:09

Balaca milletleri biz Rusiya ve Türkiye ile müqayise etmemeliyik, bu xalqlar dünya idare edibler, "teki qarnımız doysun" psixologiyasından uzaq olublar. Dövletlerine qarşı tehlükeni vaxtında görübler. Onları bele şeylerle sındırmaq olmaz. Qubad beyin sözleri iqtisadi baxımdan doğru olsa da uzun perspektivde yanlışdır; Türkiyeden sermayeleri çıxarıb ermeniperest qerb dövletlerinin banklarına qoyacağıq? Sabah ilk fürsetde hamısını donduracaqlar, nece ki indi Türkiyeni tehdid edirler.

o.b.n 2018-08-11 11:12:09

Krımı,Dinestiryanı,Abxaziyanı,Osetiyanı və Qarabağı işğal edən Kremlə, 2014-də ABŞ-ın verdiyi sanksiya 2-3 ilə bəhrəsin verərdi,əgər Erdoğan və Çin olmasaydı.Və bu ərazilər,həmdə rus xalqı coxdan azad olardı.Baxın ABŞ-ın müttəfiqi olan, nefti-qazı olmayan Estoniyada nəqliyyat pulsuzdur qanun alidir,Kremlin müttəfiqi olan bu qədər sərvətə sahib olan ölkədə isə gediş haqqı 50% qaldırılır.Riallıq budur.Bu masa siyasətu qardaş Türk xalqına baha başa gələcək.Bizimdə iktisadiyatımız Türkiyədən asılır təsiri olcaq

Bəzilərinə 2018-08-11 11:12:09

Əvvəlcədən deyim ki,mənim Rusiyadan və ABŞ-dan zəhləm gedir.Çünki,hər ikisi işğalçı dövlətdir.Ancaq hər şeyi öz adı ilə cağırmaq lazımdır. Hər iki dünya müharibəsini Avropa başlayıb.Bu gün dünyada gedən müharibələrin səbəbkarı ABŞ-dır.ABŞ dünyanı dollarla işğal edib.Baxın doğma Türkiyə müstəqil siyasət yeridir.ABŞ ona dollar müharibəsi rlan edir.Mən tam əminəm ki,bəzi dövlətlər olmasa ABŞ,Hitler almaniyası kimi bütün dünyanı rəsmi işğal etmək fikrinə düşər və bunu edər.Bir az obyektiv olmaq lazımdır.

t.ədalət 2018-08-11 11:12:09

ABŞ-ın sanksiyaları işğalçı Ruysiyanın üzərindədir.Rusiya geri çəkilməyənədək iqtisadi müharibənin cəngində qalacaq.Nəhayətdə bütün imkanlarını itirəcək,işğal etdiyi Krımı,Gürcüstan ərazilərini,ermənilərin adı altında Azərbaycan torpaqlarını,Ukrayna və digər əraziləri saxlamağa maliyyə iqtidarını tükətəcək.ABŞ müəyyən vaxtdan sonra ərköyün dostu Türkiyənin adını həmin siyahıdan çıxaracaq.Bu,mütləqdir!Bizimkilər isə hələ də "böyük qardaş" dedikləri işğalçı Rusiyadakı yatrımlarını itirə bilərlər!

omer 2018-08-11 11:12:09

Menim wehsi fikrim odurki abw olmasa rusiya butun dunyadan haqq alar..abw rusiyani duzgunluye devet edir..dunyanin en gozel olkesi ve xalqi olan rusiya bir ailenin esirine cevrilib..bu gun rusiya ve iran cox tessufki bize yaxin turkiyenide ozleri ile quyunun dibine cekirler

Son yazılar