“BÖHRAN GÖZ GÖRƏ-GÖRƏ GƏLDİ…” – Türkiyə iqtisadiyyatını ABŞ çökdürür, yoxsa?...

Türkiyənin ana müxalifət partiyasının rəhbəri Kamal Kılıcdaroğlu ABŞ-Türkiyə münasibətlərinin hazırkı vəziyyətilə bağlı çıxışında deyib ki, Trampın atdığı hər “tvit” Türkiyə xalqının qürurunu zədələyir. Ancaq görünən odur ki, ABŞ prezidentinin hər ismarıcı həm də Türkiyə iqtisadiyyatına çox ciddi zərbə vurur.

Türkiyədə həbsdə olan keşiş Bransonu ABŞ-a təhvil verməkdən imtina edən rəsmi Ankaranın vəziyyəti düzəltmək üçün atdığı bütün adımlara rəğmən, türk lirəsini ayaq üstə saxlamaq mümkün olmur. ABŞ-a göndərilən nümayəndə heyətinin heç bir razılaşma əldə edə bilmədən geri dönməsi, Trampın isə Türkiyədən idxal olunan polad və alüminiumun gömrük vergisini 2 dəfə artırması qərarı lirəni biraz da dəyərsizləşdirməyə xidmət etdi.

Təəssüf ki, Ərdoğanın və onun kürəkəni olan maliyyə naziri Berat Albayrakın açıqlamaları da hər hansı müsbət effekt vermədi və avqustun 10-u qardaş ölkə mətbuatının yazdığı kimi, Türkiyənin iqtisadi tarixinə “qara cümə” kimi düşdü. Belə ki, Türkiyə mediasının yazdığına görə, həmin gün Ərdoğanın çıxışından az öncə 5.90 lirəyə olan dollar, çıxış davam edərkən 6.25 lirəyə qalxıb, Albayrakın çıxışı zamanı isə 6.38-i ötüb...

Trampın gömrük rüsumunun 2 dəfə artırılması ismarıcından dərhal sonra isə dollar artıq 6.87 lirə olub.

Türkiyədə bir çox təhlilçilər Ərdoğanın “Onların dolları varsa, bizim də Allahımız var” ifadəsinin lirənin ümidinin yalnız Allaha qaldığı qənaətini yaratdığını bildirir və bunun yanlış yanaşma olduğunu iddia edirlər. Həmçinin, maliyyə nazirinin də çıxışında hər hansı konkret fəaliyyət planının göstərilməməsi analitiklər tərəfindən narazılıqla qarşılanır və bu açıqlamaların lirənin kursuna əksinə, mənfi təsir göstərdiyini bildirirlər.

Türkiyədə tanınmış iqtisadçılardan olan professor Refet Gürkaynak mətbuata açıqlamasında deyib ki, indiki durumun yaranmasında başlıca səbəblərdən biri ABŞ-ın siyasi təzyiqlərilə yanaşı, uzun illərdir yürüdülən iqtisadi siyasətdir: “Belə olacağı uzun zamandan bəri bəlli idi. Əgər yaxşı iqtisadçı olmaq böhranı əvvəldən görməkdirsə, Türkiyədə hər kəs bunu söyləyirdi. Göz görə-görə gələn bir böhrandır bu”.

Professor iqtisadiyyatın düzgün idarə edilmədiyini iddia edir və hər şeyin başında həddən artıq borclanmanın durduğunu bildirir: “1990-larda 3.5 faiz olan cari kəsir artıq 10 faizə çıxdı. Böhranı əmələ gətirən şey borcdur. Bu borcla da biz inşaat işləri gördük. Nəticədə böhran yaşayırıq. ”Bizim də Allahımız var” deyilən zaman isə hər kəs bunu “işimiz Allaha qaldı” kimi eşidir…”

İqtisadçı bununla Türkiyənin son illərdə xərclədiyi vəsaitin istehsal etdiyi məhsula nisbətdə 10 faizədək çoxaldığını bildirir ki, bu da borclanma hesabına başa gəlib. Alınan borclar isə gələcəkdə gəlir gətirəcək hansısa istehsal sahəsinin açılmasına yox, inşaata yönəldilib.

Refet Gürkaynak ölkəsinin böyük iqtisadi çətinlik yaşayacağını proqnozlaşdıraraq, Türkiyənin hələ də borc almaq məcburiyyətində olduğunu deyib: “Nəticələr birinci növbədə özünü maliyyə bazarında göstərir. Bunun ardınca yavaşlama gələcək. Bəzi sektorlar daha həssasdır. Məsələn, inşaat sektoru dərhal dayanır. Dolayısıyla ortaya çıxan işsizliyin miqyası daha böyük olacaq. Türkiyə hələ də borc almaq zorundadır. Onun üçün də doğru işlər görmək, ağlı başında şeylər söyləmək, dava etməmək və nəhayət bundan sonra ölkəyə düzgün iqtisadi siyasət gətirmək lazımdır…”

Göründüyü kimi, Türkiyənin hakim dairələri ölkənin maliyyə bazarındakı durumu yalnız ABŞ-ın siyasi təzyiqlərilə əlaqələndirsələr də, iqtisadçılar bu durumu həm də son illərdə aparılan iqtisadi siyasətlə bağlayırlar. Ancaq burada hər iki amilin eyni dərəcədə rol aldığı açıq görünür.

Hazırda milli valyutası güclü təzyiq altında olan və ciddi maliyyə çətinliyi yaşayan ölkə təkcə Türkiyə yox, həm də Rusiya və İrandır. Və hər üç ölkənin yürütdüyü iqtisadi siyasətdəki yanlışlarla yanaşı, ABŞ-la ciddi siyasi konfliktləri var. Baxmayaraq ki, Türkiyə digər iki ölkədən fərqli olaraq, ABŞ-ın siyasi müttəfiqi və NATO-da tərəfdaşıdır. Bu qarşıdurmadan kimin qalib çıxma ehtimalının yüksək olduğunu təsəvvür etmək üçün isə adi bir müqayisə aparmaq olar. Beynəlxalq Valyuta Fondunun hesabatına görə, 2017-ci il üzrə ABŞ-ın Ümumi Daxili Məhsulu (ÜDM) 19 trilyon dollara yaxındır. Rusiyada bu göstərici 1.5 trilyon, Türkiyədə 860 milyard, İranda isə 400 milyard dollara yaxındır. Bu 3 ölkənin ÜDM-nin cəmi tək ABŞ-ın analoji göstəricisinin heç 15 faizini də təşkil etmir…

Son hadisələr siyasi gücün ölkənin iqtisadi qüdrətinə nə dərəcədə bağlı olduğunu bir daha ortaya qoydu. Və Türkiyədəki müstəqil iqtisadçıların da böyük əksəriyyəti məhz bu məqamı vurğulayaraq, ölkənin siyasi cəhətdən haqlı olduğu durumlarda belə, xarici təzyiqlərdən ziyansız çıxmasının yeganə yolunun düzgün iqtisadi siyasət sayəsində formalaşan dayanıqlı iqtisadiyyatın yaradılmasında görürlər.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Abit 2018-08-11 19:34:24

Men başqa cür düşünürem.Rusiya ile yaxın münasibetde olan dövletlerin aqibeti bele olacaq.Düşünmek şazımdi ey insanlar,siyaset bir oyundu.

Cahangur 2018-08-11 19:34:24

Cəlal bəу, bəlkə "Xalqı gorə-gorə Ozəl qlobal siуasəтlə Тürkiуənin İqтisadiaтını çokdürürük", başlıgı daha dogru olardı? Güman ki, şüurlü aləm qədimdən bircə ailənin normal уaşamına bir "baş"ın тəminaт vermədiуini əmin oldugu halda, iki "qardaş" prezidenтura тəklikdə belə dünуanı "razı salacaq"larına əmindirlər?

Xalq 2018-08-11 19:34:24

Əslində bunlar hamısı Suriyada Türkiyənin apardığı müharibənin fəsadlarıdır. İranda da eyni vəziyyət, Rusiyada da. Sadəcə zaman məsələsi idi.

t.ədalət 2018-08-11 19:34:24

Türkiyənin xarici siyasətində problemlər var.Trampın belə bir anti türk addım atması,onun yəhudiliyi ilə sonuclanmır.Burda zahirən özünü gizlədən güclü bir fetoçu əli var.Xarici siyasəti yönəldənlər nələrin baş verəcəyini irəlicədən yaxşı anlayırlar.Fetoçuların özlərini arxayın aparması da şübhələri artırır.Türkiyənin bu gün əsl cəbhəsi onun xarici işlər nazirliyidir.Vaxtı ilə Atatürk Çanaqqala zəfərini ordudakı xainləri uzaqlaşdırmaqla qazandı.

G.M 2018-08-11 19:34:24

Ərdoğanın Atatürkə olan sayqısızlığı,dini cəhalət sevdası ,``İslam Sultanı`` olmaq arzusu Türkiyəni çökdürəcək.Və bu qaçılmazdır.

Tahir 2018-08-11 19:34:24

Diktator Ərdoğan indiyə kimi Türkiyə nə isə yaxşı edibsə indi Türkiyəni bir dövlət kimi məhv edir.

Son yazılar