Eyyy… adına "bay" deyən

Mehriban VƏZİR

Əbülfəz Elçibəy… bu ad unudulmayacaq. Çünki Azərbaycan Milli Azadlıq Hərəkatının ikinci adı Elçi Bəydir. Bu isim tariximizin parlaq parçasıdır. Məhz, cümhuriyyətimizin sinonim isminin Rəsulzadə olduğu kimi.

Elçi Bəyin özü vəfəaliyyətihələ çox təhlil ediləcək və öyrəniləcək. Hətta təftiş ediləcək, acizliyindən qəzəblənən ona qəzəblənəcək, suçlu bulmaq istəyən onu işarə edəcək və bütün halları ilə daha irəli zamanlara ötürüləcək.

Elə insanlar olacaq ki, həyatlarını belə ona görə müəyyən edəcəklər, tərəflərini belə ona görə seçəcəklər. Elələri də olacaq ki, ömür hədəfi onun kölgəsini qılınclamaqdan ibarət olacaq.

Zaman keçdikcə onu bilənlər ordusunda onun yeni heyranları doğulacaq. Eləcə də, ona düşmən kəsilənlər peyda olacaq. Sevməyi bacaranlar onu sevəcək, sevməyi bacarmayanlar onunla vuruşacaqlar. Meydana süngü kimi kəsgin qələmlər girəcək. Işin gözəlliyi və özəlliyidə bundadır – ideya uğrunda ölüm-dirim savaşı.Çünki o, artıq özlüyündə bir ideologiyadır. Mövcudluğu isə zaman içi deyil, zaman üstüdür.

***

Onun dövrünün cəmiyyəti fərqli bir cəmiyyətdir. Bu, ayrı bir mövzudur. Yazana, yazıb tarixə salana minnət. Bu gün burda, insafını itirmiş bu toplumda olub o günün insanını, məhz fədakar insanını, hətta sıravi insanını anlamaq çətindir. Çünki insafsızlığın insan boyunu aşdığı bir zamandayıq.

Onun dövrünün insanları insanlıq daşıyıcıları idi.Arınmışlar, durulmuşlar idi. Bu da bir başqa aləmdi. Uzun söhbətdi. Bunu da yazmaq üçün öncə kindən, kidurətdən arınmış, durulmuş qəlb sahibi olmalısan. Qəlbinin işığından baxmalısan dünyaya. Fərqləri, dəyişiklikləri, nəyin itib, nəyin bitdiyini bilməlisən. Görmək, duymaq, bilmək azdır, həmdəinci sətirlər düzmək üçün qəlb-qələm yetgin olmalıdır. Elə bir qəlb ki, ölümlər, ayrılıqlar vəhşiləşdirməsin səni, bir az da insafa, dinə gətirsin.

Elçi Bəy öz varlığı, gedib gələn nəfəsi ilə hədlərin mühafizi idi.

***

Keçək hədbilməzlərə.

Baycan ciddi bir qələm əhlidir. Onun `Quqark` əsəri ədəbiyyat tariximizdə qalacaq. Bir neçə yaxşı hekayəsi də var. Onlar da qalar, fikrindəyəm. Yazılmış, hətta fırça ilə çəkilmiş, sanki qara-qəhfəyi rəngli boya ilə həkk edilmiş tablolardı. Paylaşdığı təəssüratlar tünd, acı, hətta gözyaşardıcıdı...

Onun gözəl vərdişləri də var; daima yazır və oxuyur. Bir maarifçidir. Oxuduqlarını oxutdurmağa çalışır. Qapalı deyil, dünyaya, insanlara, ünsiyyətə açıqdı. Həm də sevilmək istəyiilə göynəyən biridir. Ağır həyat yükünü paylaşmaq ehtiyacı var. `Bu yükü dövlət çəkməyəcək, özün çəkəcəksən` deyə avanqard düşüncə sahibi deyil. Bəslənmə gözləyən biridir. İstədiyini ala bilmədiyindənyerə-göyə nifrət edir.

"Quqark"dan görünür ki, Baycan ağır bir zamanın, ağır bir məkanın, qəddarlığın, yoxsulluğun, qaçqınlığın yoğurub yapdığıməhsuldur. Ona görə də bu əlamətlər daima onun qələmindən ora-bura tuşlanır. Həyat onu necə yandırıbsa o da eləcə yandırıb yaxır, intiqam alır, şiddət göstərir. Bunu özgələrə etdiyi qədər də özünə edir. Yarasının qaysağını qoparıb qanadır və bu qanlı mənzərəni müdrikcə seyr edir.

Baycanın tərəzisi taraz deyil. Niyə də omalıydı ki. O, tarazlıq və şəfqət mühiti görməyən və az qala 90 %-imizi əhatə edən əhalimizə aiddir. Həyat, bütün tərəfləri ilə - doğmaları, dostları, yazıçılar birliyi, ictimaiyyəti, hökuməti ilə ona qarşı insafsız və vicdansız olub. Acılar ruhunu dəlik-dəlik edib, qurşunlar bağrında boşluqlar açıb.

İllər keçdi, ümidlər soldu,boşluqlar dolmadı. Boşluqları dolduracaq fürsətlər də vermədi tale. Fürsətlər yırtıcı caynaqların xidmətində oldu daima. Baycanlar da bu yırtıcıların xidmətində…

***

Əslində bizim hər birimiz, Baycan qarışıq,Vətən əhvalatlarının - milli azadlıq hərəkatının, bu hərəkatdan doğan Qarabağ işğalının, bu işğaldan törənən qan-qadanın, aldanışlarımızın, haqq yolumuzun qurbanlarıyıq. Hərəmiz cəzamızı bir cür çəkirik. Və hər birimiz öz halımıza uyğun keçinirik.

Baycan da yoxuşlarda yürüyür və tez-tezöz yükündən təntiyib uçurumun dibinə yuvarlayır özünü. Bu fikrimizi "ağıllı olmaqdan bezib özünü dəliliyə qoyur" kimi də ifadə edə bilərik.

Saydığımız tərəflərdən – doğmadan, dostdan, yazıçılar birliyindən, ictimaiyyətdən, hökumətdən yazıcı kimi, heç insan kimi dəsayqı görməyən Baycan sayıldığı tək tərəfə hücuma keçir. `Kor atlanır, kəndin çapır`

***

"Quqark" əsərini oxuduqdan sonra oxunması, yayılması, tərcüməsi ilə bağlı ərtafımdakı gənclərlə xeyli söhbət elədik. Hər kəsə deyirdim ki, (və deyirəm) bu, Qarabağ müharibəsi haqqında indiyə qədər yazılmış ən dərin və ən dəyərli əsərdir. Və hələ ki, ondan daha həssas, daha gerçəkçi bir əsər yoxdur.

O vaxt ağıllı gənclərimizdən biri dedi ki, Baycan "Quqark"dan sonrakı ən yaxın illərdə "Quqark"dan üstün bir əsər yazıb cəmiyyətə verməlidir. Bu, onun ədəbi gələcəyi üçün vacibdir. Olmasa tənəzzülə gedəcək. Mən isə elə düşünmürdüm. Hələ ömür var, yazar, deyirdim.

Gənc eləcə də ehtimal edirdi ki, Baycan bundan sonra "Quqark" kimi güclü bir roman yarada bilməyəcək. Özünü üstələməyə gücü çatmayacaq. Və ədəbi psixoza düşəcək. Hən qələmi, həm özü sarsılacaq. Lakin işdi, ehtimallar doğrulmasa və "Quqark"dan güclü bir roman yaza bilsə özünü xilas etmiş olacaq.

Mənə maraqlı gəlmişdi bu yanaşma. Lakin qətiyyən inandırıcı deyildi. Çünki ehtimal edirdim ki, yazacaq. Buna onun gücü var. Yazmasa belə ölməyəcək. Nizamlı şəkildə oxuyur, nizamlı şəkildə yazır. Qarşımdakı gənc isə müəllifin "Quqark"dan güclü bir əsər yazacağına ümid etmirdi və bu boşluğun müəllifdə yaradacağısarsıntılardan geniş-geniş bəhs edirdi. Nəyə əsaslandığı isə məlum deyildi. Intuitiv ola bilər.

Əslində bu yazımda məqsədim Seymur Baycan haqqında danışmaq deyil. Əksinə, onunla danışmaq istəmədiyimi ona çatdırmaqdır. Və bir də iki mühüm kəlməni; ayıb olsun.

AXC-nin 25 illiyi ilə bağlı yazdığı rəzalətə görə.

Niyə, deyim.

Xalqların milli azadlıq hərəkatı qutlu, mutlu bir prosesdir. Bu, bir xalqın yenidəndoğulması, Haqqa yaxınlaşması hadisəsidir. Milli müstəqillik uğrunda işğalçıya qarşı mübarizə - mübarizələrin ən ülvisidi. Həmişə bəhrə verməyə bilir. Mühüm olan kollektiv ağılın, kollektiv gücün bu məcraya yönəlməsidir. Bir istək uğrunda birgə döyünməsidir.

Və xüsusi qeyd edim ki, bizim milli mübarizəmiz öz möhtəşəm nəticəsini verdi. Biz respublikamızı yenidən müstəqil etdik, işğalçı qoşunu ölkəmizdən çıxardıq. Bu, Milli Azadlıq Hərəkatında iştirak edənlərin (böyük çoxluğun) və bu hərəkatın lideri Əbülfəz Elçi Bəyin qeydsiz şərtsiz, tarixi və şanlı qələbəsidir, Baycan. Oxuduğun bu qədər kitab bu sadə həqiqəti sənə göstərmirsə, papağın günə yanır.

***

80-ci illərdə məşhur yazıçılar Azadlıq meydanına getməyəndə və meydandan beş addım o yandakı evlərində oturub çay içə-içə meydana qara yaxanda uzun-uzun onları düşünür və anlamağa çalışırdım. Düşünürdüm ki, meydanda hər cürümüz ola bilər və hər şey ola bilər, çünki bu meydandır, lakin necə ola bilər ki, adın Əkrəm Əylisli ola, bir elə gözəl əsərin müəllifi olasan, həqiqi bir qələm sahibi, xalqın istəklisi olasan və ölkənin həyatındakı bu müqəddəs, bu möhtəşəm prosesi dərk etməyəsən. Bu, necə ola bilər. Və əlinə qələm alıb roman yazanda da o hərəkatın yalnız pis tərəflərini qabardasan, ülviliyini hiss etməyəsən. Bu qədər istedadın olsa belə hisslərin o yüksəkliyə vara bilməsin, gözlərin o gözəlliyi görə bilməsin, ağlın o hikməti ala bilməsin. Bunu heç anlamadım və anlamamaqda davam edirəm.

Görünür, bizim məşhur sovet yazıçılarını heç vaxt milli azadlıq istəkləri həyəcanlandırmayıb. Onların həyəcanları yalnız Moskvadan mükafat və qonorar qoparmaq olub. SSRİ-nin xalqların mübarizəsi ilə çökə biləcəyini ağıllarına belə gətirə bilməyiblər. Burda nəsə bir oyun olduğunu düşünmək daha sərfəli olub. Hərəkat başlayanda diksiniblər, ehtimal edilən repressiyalardan uzaqda durmaq istəyiblər. "Mən onlardan deyiləm" deyə and-aman etmək üçün.

Sonradan ortaya Əylislinin "Daş yuxuları" çıxanda yenə onu uzun-uzun düşünməyə başladım. Bu adam bu xalqın canıyananı, dərd qananı deyil. Onu hiss etmir, duymur, nəbzi nəbzi ilə vurmur, ağrısına ağrımır. Bitərəf də deyil. Qarşı tərəfin ağrısını daha dərin hiss edir, təəssübünü çəkir. Niyə. Bunu hələ də düşünürəm. Nəticəm yoxdu. Sadəcə zənn edirəm ki, bu, artıq Əylislinin yapısıdı. Və mənim o yapını anlamaq imkanlarım sıfıra bərabərdir. Düzünü Allah bilir ki, Əylisli öz xalqının düşməninə niyə belə munisdir. Niyə onlara haqq verir, bizə vemir. "Onlar" və "Biz" Əylisliyə münasibətdə hansı məsafəni ehtiva edir. Və adətən könülllərin biçdiyi bu kimi məsafələrin qədərini Əylisli üçün müəyyən edən nədi.

Əkrəm Əylisli bu böyük hərəkata, azadlığa aparan bu yola hələ ilk başlanğıcda nifrət edirdi. Ona milli azadlıq lazım deyildi. Ona "sovet azadlığı" yetərli idi. Onu Əylisdən yetim sifətində alıb gətirib Bakıda, Moskvada "atalı-analı" edən rejimin daha min il yaşamasını istəyirdi. Onun həyat proqramında yalnız özü idi, öz mənafeyi idi, kitabları, şöhrəti, qonorarı idi, başqa heç nə yox idi. Milli azadlıq heç yox idi.

O öz azadlığına qovuşmuşdu və bundan o tərəfinin də mövcud olduğu ağlına belə gəlmirdi.

Lakin əsərləri də artıq əvvəlki vüsətində deyildi, dəmir pərdələri aşa bilməmişdi. Zamanın o üzündə qalmışdı. Daha, sözün, özü dediyi kimi; 5 deyil, heş 2 çalarında belə yaza bilmirdi. Bu da təbii gedişat idi. Belə zamanlarında insan gərək kənara çəkilib özünə tamaşa etsin, "məndən bu qədər" deyə bilsin. Harasa səfir getsin, ölümündən öncə ölmüş nəhəng sovet yazıçıları kimi.

Amma yox, Əylisli yazdı. Yenə yazır. Allah ona rəhm eləsin. Bundan sonra Əylisli yaratsa-yaratsa yalnız qalmaqal yarada bilər, əsər yarada bilməz. O öz zirvəsindən özünü insafsızca, sui-qəsdcə aşağı yumalamış ünlü nasirdir.

Əylisli kimi tale yaşayan bir çox ünlülər olub və həmişə olacaq. Cəmiyyəti tərəfindən sevilmiş, şımarmış, sonra isə ikrah doğurmuş ünlülər. Onlar belə fələki fəaliyyətləri ilə heç nə itirmirlər, əslində. Sadəcə, tərkibində bol oksigen olan, hətta havada olandan min qat bol oksigen olan bir maddə var, gözəl bir maddə, hava kimi görünməz, amma hava kimi lazım… onsuz mümkün deyil, yaşamaq olmur, çatışmasa ölürsən – sevgi… onu itirirlər. Bununla da iş bitir.

Toplum qəddardır. Dirigözlü öldürür.

Siz, əziz dostlar, vaxtınız olsa Əylislinin Meydan Hərəkatı ilə bağlı fikirlərini oxuyun, məqalələrində, müsahibələrində, romanlarında…hazırda Baycanla birə birdir. Tam nəfəs nəfəsə gedirlər indi. Yanaşmalar, baxışlar, aşağılamalar eyni. Elə bil Əylisli bu gün Baycanın dili ilə danışmaqdadır.

Çox uzaqdan gəlirəm deyəsən Byacana. İndi də ona təəccüblənirəm. Və təəccüblə özümü suallara qərq edirəm. Baycan, sən bu qədər oxumusan, yazmısan, adına "Bay" demisən, "Can" demisən, Əylislidən fərqli bir zamanın oğlusan, bəs necə olur ki, sən milli azaddlıq hərəkatının ülviliyini, əzizliyini görə bilmirsən. Əgər bütün oxumaqlar, yazmaqlar dərk etmək və hədləri bilmək üçündürsə və bu qədər oxuyub yazdıqdan sonra sən həddini bilmirsənsə, bəs sənin axırın nə olacaq. Olmaya sən də `Quqark`dan sonrakı tənəzzülünü yaşayırsan…

Təkrar edirəm; Azərbaycanda uğurlu bir milli azadlıq hərəkatı olub. Hər şey nəticəsi ilə ölçülür. Nəticə, Müstəqil Azərbaycandır. O ki, qaldı ədalətli idarəetmə məsələsinə, bu, bir nəslin borcunda və gücündə deyildi ki, həm müstəqilliyə nail olsun, həm də demokratiya qursun. Xalq – sənli, mənli öz rifahı naminə ictimai proseslərdə iştirak etməliydi. Etmir, oturub günahkar axtarır. Sənin kimi. Həmin günahkarı da ya müxalifətdən, ya da Qərbdən tapıb çıxarır.

Baycan, sənin çalışdığın yerlərdə - saytlarda-filanda gör Azərbaycanın nə qədər yeni nəsil qələm adamı çalışır. FB-də müdrik zarafatlar edir, yekə-yekə danışır, heç kəsi bəyənmirsiniz. Lakin hər biriniz qələmə tətbiq edilmiş senzuranın içində boynunuzu büküb durmusunuz və yeri gələndə dosta-aşnaya izah verirsiniz ki, "nə edim, mən burda çox kiçik adamam, əslində heç adam da deyiləm, sadəcə redaktoram". Və bu halınızla siz başqalarından qəhrəmanlıq umursunuz. Döyüşə sizlər getməliydiniz. Sizlərisə - siz yeni nəsil qələm adamı- sizi zəlil edən rejimə qulluq edirsiniz. Bir yığınınız yazıçılar birliyi xətti ilə, bir yığınınız bəlli xəttlə. Hələ diliniz də var, danışırsınız.

Müxalifəti hər kəs tənqid edə bilər, əlbəttə. Onlar da özlərinə görə deyillər. Və tam tənqidlikdirlər. Lakin heç bir qələm adamının – nə əski, nə indiki nəsil olaraq milli azadlıq hərəktında fədakarca iştirak etmiş insanları tənqid etməyə mənəvi haqqı yoxdur. Dönüb bir özlərinə, kimliklərinə, fəaliyyətlərinə, etdikləri qulluqlara baxsınlar. Vicdanları varsa sussunlar.

Və xüsusilə qeyd edim, rejimin əzib-əzib cecəyini çıxardığı, kökünü qaşıdığı -bununla ictimai diriliyi sıfırladığı - müxalifətçiliyi tənqid etməkdən asan nə var ki, bu gün. Qoçağım, işin biraz çətinindən yapışaydın, barı.

Sən kimi cinayətkar adlandırırsan, Baycan. Sən nə dediyini özün eşidirsənmi. Dediklərinin çəkisini hiss edirsənmi. Ağlın yerindədimi.

Tamam. Anladıq. Dövlətin sərvəti bir ovuc acgöz, cahil tərəfindən 20 ildir yağmalanır. Sənin də payını basıb yeyirlər. Sən qalırsan baxa-baxa. Baxıb yana-yana. Milyonlarla insan kimi. Səni baxa-baxa, yana-yana qoyanlara söz deməyə hünərin yoxdu. Lakin içində qəzəb var və o qəzəblə çalmağa yer gəzirsən. Ən təhlükəsiz yeri də tapmısan; sayıldığın yer, adam yerinə qoyulduğun yer. Və təhlükə gəlməyən yer. Bunu da anladıq. Bəs sənin vicdanın yoxdurmu. Bəyliyin, alicənablığın yoxdurmu, özünə "Bay" deyən oğlan. Adamın oğruya gücü çatmayanda doğruyamı hücum çəkir.

Sən hansı ümidlərinin boşa çıxmasından yazırsan. Sənə kim və nə vəəd etmişdi. Sən bilmirsən ki, bütün nailiyyət birgə çalışmanın nəticəsi ola bilər. Onu da indicə dedim, siz yeni nəsil qələm adamları hardasınız və kimə xidmət edirsiniz, bəlli.Cəsarətiniz yalnız bu xalqı təhqir etməyə, söyməyə, aşağılamağa, zəif damarına, arıyan əzasına basmağa çatır. Bu xalqın içində qəhrəmanlığı görən, mərdliyi oyadan insanlara isə nifrət edirsiniz. Çünki sizə hazır rifah hədiyyə edə bilmədilər. Bağışlayın.Bağışlayın ki, sizin bilərək-bilməyərək qulluğunda durduqlarınızı devirib ata da bilmirlər.

Sən bu qədər oxudun və bilmədinsə nəyə yaradı o zəhmətlər. Niyə əziyyət çəkirdin. Ömründə bir kitab oxumayan birisi də elə həmin sözləri deyir, sənin kimi danışır, Milli Azadlıq Hərəkatını dərk etmir, onun liderini idrak etmir. Elçi Bəyi – ömrünü milli mübarizəyə həsr etmiş bir fədaini anlamır. Bilirsənmi niyə. Çünkü onun üçün asan deyil. Anlamaq ciddi təhsildən, mütaliədən, müqayisələrdən keçir. Haqqı yeyilmiş o cahil adam bilmir, bildiyini də deməyəqeyrəti yoxdur, susmaq üçün isə vicdanı yoxdur. Ona görə arsızca üzünü əks istıqamətə tutur. Amma onu bağışlamaq olar, çünki ömründə bir kitab oxumayıb, cahildi, yazıqdı, bədbəxtdi və hələ üstəlik qorxaqdı. Yaxşı bəs sənə mən nə deyim. Nə ad qoyum. Səni necə şərh edim.

Tamam. Anladıq. Sənin yazdığın saytlar hakimiyyətə xidmət edir. Orda `dövlət əleyhinə` (guya dövlət bunlar imiş) söz demək olmaz. Müxalifəti istədiyin qədər təhqir edib yerdən yerə vura bilərsən. Qonorar var. Pis zəmanəyə düşmüşük, çörək əclaflıqdan çıxır. Yaxşı bəs sənin bəyliyin hanı. Bunu özünə necə yaraşdırırsan. Heç olmasa özünə hörmət elə, get Trotskidən yaz…

Müxalifətdə olanları sevməyə bilərsən. Onsuz da elə şil-küt düşüblər ki, sevilməli halları qalmayıb. Özün bilərsən. Heç kəsə sevgi borcun yoxdu. Amma bir sayğı borcumuz var. Ən azı sənin deyə bilmədiklərini deyənlərə. Sənin edə bilmədiklərini edənlərə.

Halbuki sənin payını yeyib səni ac qoyan onlar deyil. Müxalifətə get deyirsən. Bəyəm bu dövlətin hansı ştatını tutub durublar ki. Hansı büdcəsindən maaş alırlar ki. Kimin iş yerini zəpt ediblər. Əslində, getməyinə dünəndən getməliydilər. Yıpranıblar. Lakin sənin bu hikkən gülüncdür. Çünki `get` deyəcəyin ünvanı səhv salmısan. Sən `get` deyəcəyin ünvandan qorxursan. Və bu `səhv`indən, bu acizliyindən, bu qorxaqlığından utanmırsan… və danışırsan. Acınacaqlı olan budur.

İnsan bir işi bacarmayanda abrına qısılıb susur. Yox, özü belə vəziyyətdə ola-ola başqalarına hücum çəkirsə, artıq bunun adı abırsızlıqdır.

Belə çıxır ki, səni küçədə döyüblər, qol-qabırğanı qırıblar, özü də haqsız yerə, sənin səni döyənə gücün çatmır,qəzəbdən çatlayırsan,küçədəkinin önündən götürülüb qaçan sən evdə kimisə, bir zəifi tapıb döyürsən. Ay özünə `Bay` deyən oğlan… Bəylik beləmi olur...

…əslində bizim, elə Baycanın da, söz deyəcəyimiz ünvan; Elçi Bəydir. Xalq hər kimə qızsa üzünü ona tutur. Deyilənlər əsil ünvanı ilə deyilsə məhv edilər bu yeni nəsil qələm adamı. Dünyanın işinə bax, Elçi Bəy, o böyük insan, indi də bunları belə xilas edir.(Contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar