“Mənim xaricdə olmağım işimiz üçün qat-qat faydalıdır” – Rüstəm İbrahimbəyov

“Məncə, Cəmil müəllimin namizədliyi təsdiq olunmamış Londona getmək düzgün deyil”

Hazırda Rusiyada olan Milli Şuranın sədri Rüstəm İbrahimbəyov “Yeni Müsavat”ın suallarına cavab verib. Azpolitika.info həmin müsahibəni təqdim edir.

- Rüstəm bəy, professor Cəmil Həsənli sizin də xeyir-duanızla Milli Şuranın vahid namizədi oldu. Hazırkı situasiyanı və onun şanslarını necə dəyərləndirirsiniz?

- Çox yaxşı dəyərləndirirəm. Çünki Cəmil Həsənli çox layiqli, dəyərli bir namizəddir və mən bu barədə dəfələrlə demişəm. Hələ mənim namizədliyim verilməmişdən qabaq mən onun adını dəfələrlə çəkmişəm ki, demokratik qüvvələrin ən layiqli namizədi Cəmil Həsənlidir. Hadisələr belə istiqamətdə getdi ki, biz bu məqsədə nail olduq və Cəmil Həsənli kimi yüksək səviyyəli ziyalımızı vahid namizəd kimi irəli sürdük. Vacib odur ki, mənim namizədliyim də təklif olunanda partiyaların liderləri, hüquq müdafiə təşkilatları və Milli Şuranın başqa üzvləri bir prinsiplə çıxış edirdilər ki, mütləq bu namizəd ziyalı düşərgəsindən olsun. Yəni siyasətlə bağlı olsa da, bir partiya ilə çox yaxın olmasın. Bu, çox vacib şərt idi və Cəmil müəllimin namizədliyi bu şərtə çox uyğundur. O, bir tərəfdən təcrübəli müxalifətçi, digər tərəfdən bizim görkəmli ziyalımızdır və bütün dünyada alim kimi tanınır, nəinki siyasətçi kimi.

- Amma bu da var ki, Cəmil Həsənliyə qarşı nəinki iqtidar düşərgəsindən, hətta Milli Şura daxilindən çıxışlar eşidildi, onu namizədlikdən imtinaya çağırışlar da oldu. Buna münasibətiniz necədir?

- Mən təəccüb edirəm. Bizim xalq elə öyrənib ki, yuxarıdan əmr gəlsin və hamı əllərini qaldırsın. Milli Şura çox fəal işləyən təşkilatdır və tərkibində on illərlə fəaliyyət göstərən partiyalar toplaşıb. Siz elə bilirsiniz ki, elə Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli nə dedisə, Milli Şura onu qəbul etməlidir? Milli Şura hər məsələni müzakirə, götür-qoy edir, sonra qərarını verir. Milli Şura üzvlərinin hərəsinin öz fikri olmalıdır. Amma buna baxmayaraq, Cəmil Həsənli 80-ə yaxın iştirakçının demək olar ki, yekdil səsini aldı, deyəsən, 1 nəfər əleyhinə çıxış etdi. Əsas budur ki, 3-4 iclasda məsələ müzakirə olundu və vahid qərar çıxarıldı. Bu, o deməkdir ki, Milli Şura içəridə çox güclü bir təşkilatdır. Baxmayaraq ki, bu qurumun tərkibində bir neçə partiya var ki, illərdir bir-biri ilə konfliktli münasibətlərdədir.

- Rüstəm bəy, Cəmil Həsənli prezident seçiləcəyi təqdirdə siz onun komandasında hansı posta iddialısınız?

- Heç bir posta. Mən əvvəllər də bu barədə demişəm, bu da mənim səmimi istəyimdir. Məni vahid namizəd kimi təklif edəndə də çox etiraz etmişəm. Mənim əsas məqsədim onu göstərmək idi ki, Azərbaycanda müxalifətçiliklə məşğul olmaq, müxalifət yolunda canını qoymaq olar, amma heç nəyə iddia etmədən. Mənim heç nəyə iddiam yoxdur və heç nə istəmirəm. Mənim vəzifəm Rüstəm İbrahimbəyovdur.

- Elə isə sizin siyasi proseslərlə bağlı ortaya film qoymaq niyyətiniz varmı?

- Ona baxarıq. İmkanlar yaransa, Azərbaycanda işləmək mümkün olsa... Son illər Azərbaycanda senzura çox sərtləşib və demək olar ki, normal film çəkmək qeyri-mümkündür. Bu, mənimçün də belədir, başqaları üçün də. Hökumət özünə lazım bildiyi filmlərə pul verir.

- Milli Şura rəhbərliyinin Londona dəvət olunması ətrafında da ajiotaj yaranıb və bu mövzu ilə bağlı fərqli fikirlər var. Siz bu dəvəti necə dəyərləndirirsiniz və nə gözləyirsiniz?

- Mən “Bizim Yol”da hörmət elədiyim Natiq Cavadlının yazısını oxudum. Belə bir ideya irəli sürüb ki, Rüstəm İbrahimbəyov vahid namizəd olanda Qərb ona maraq göstərmirdi. Amma Cəmil Həsənli vahid namizəd olan kimi Qərb çox maraqlanır. Məncə, belə hörmətli bir jurnalistin bu cür fikirləri bizim işimizə heç bir xeyir gətirməyəcək. Çünki London görüşü əvvəldən hazırlanmışdı. Bu, bir ay əvvəlin söhbətidir. Bu, o demək deyil ki, əvvəllər Qərbin marağı yox idi, indi var. Əvvəldən Milli Şuraya maraq var idi. Qərbdə heç vaxt belə görüşlər bir həftəyə təşkil olunmur. Amma mən indi ora Milli Şuranın sədri kimi gedirəm, Cəmil Həsənli vahid namizəd kimi. Eyni zamanda başqaları da gedir. İş ondadır ki, Qərb Azərbaycanda gedən prosesləri çox maraqla izləyir və əlindən gələni etməyə çalışır ki, bu seçkilər ədalətli, şəffaf keçirilsin. Amma özləri də bilirlər ki, bu, mümkün deyil. İndidən demək olar ki, bu seçkilər legitim deyil. Nəyə görə? Biz seçkilərə getməliyik, gedirik də. Ancaq bu nə seçkiqabağı mərhələdir ki, müxalifət liderini prokurorluğa dartırlar. Biləndə ki, İlqar Məmmədovun prezident olmaq iddiası var, onu dama basdılar. Təsəvvür edin ki, bu adam türmədə özünün seçki kampaniyasını aparacaq, gülməli şeydir. Bu yaxınlarda Eldar Namazovu, Eldəniz Quliyevi, Köçəri Nağıbəylini prokurorluğa çağırdılar ki, guya onlar dövlət çevrilişi etmək istəyib. Ondan qabaq sabiq nazir Nicat Quliyevin bağ evinə silah ataraq onu “Milli Şuranın terrorçu qanadı olmaqda” günahlandırdılar. Eyni zamanda təbliğat kampaniyasına cəmi 21 gün vaxt verilir. Hər gün bir qərar verilir ki, kiminsə pensiyası, maaşı artır. Əslində bu, üstüörtülü təbliğatdır. Faktiki olaraq başqa namizədlərin hüquqları tapdanır. Bu vəziyyətdə Cəmil müəllimin - bizim vahid namizədimizin şansı yenə də böyükdür və biz ona kömək etməliyik.

- Ola bilərmi ki, növbəti mərhələdə Cəmil Həsənliyə qarşı da problem yaradılsın, onun namizədliyi təsdiqlənməsin? Belə təhlükəni real sayırsınızmı?

- Bizim hakimiyyət hər şeyə gedə bilər. Cəmil müəllim deyir ki, onun hər addımını izləyirlər. Onu da deyir ki, bəlkə Londona getmədim, çünki axırıncı gün bir hoqqa çıxaracaqlar ki, gəlsin imzasını qoysun, Londonda isə əsas görüşlərimiz 9 sentyabrdadır. Ona görə də bəlkə Cəmil müəllim gedə bilməyəcək. Məncə, Cəmil müəllimin namizədliyi təsdiq olunmamış Londona getmək düzgün deyil. Biz 8 sentyabrda Londona uçmalıydıq. Ancaq 9 sentyabrda qeydiyyat məsələsi həll olunmalıdır. Qeydiyyata alınandan sonra Londona gedəcəyik.

- Cəmil Həsənlinin namizədliyi təsdiqlənməyəcəyi halda prezidentliyə iddialılardan başqa kiməsə dəstək verə bilərsinizmi?

- Onda şəxsən mən səsimi İlqar Məmmədova verəcəyəm. Mənə elə gəlir ki, İlqar Məmmədov çox savadlı, prinsipial, hazırlıqlı və cavan bir siyasətçidir. Ancaq mən belə bir hadisənin baş verəcəyinə inanmıram.

- Təklif etdiyiniz “1 milyon 1 manatdan” kampaniyasının gedişi barədə nə deyə bilərsiniz? Yeri gəlmişkən, özünüz vahid namizədin bank hesabına 3 min manat pul köçürəcəyinizi demişdiniz, pul hesaba köçdümü?

- Yox, hələ o hesabın nömrəsini bilmirəm. Amma mütləq köçürəcəyəm. Qanun, deyəsən, 3 min manat köçürməyə icazə verir, ona görə də 1 manat yox, 3 min köçürəcəyəm. Həmçinin dostlarıma, tanışlarıma da demişəm ki, onlar da nə imkanları var, kömək eləsinlər. Amma 1 manat kampaniyası da çox vacib kampaniyadır. Çünki puldan başqa xalqın münasibətini də ifadə edir.

- Bəs milyarder dostlarınız necə, bu kampaniyaya qoşulacaqmı?

- Mən dəfələrlə demişəm, “Milyarderlər klubu” siyasətdən uzaqdır, onlar öz işləri ilə məşğuldur. Onların arasında Abbas Abbasov bizim diasporun problemləri ilə məşğuldur, Söyün Sadıqov da ona kömək edir. Qalanları öz işləri, sənətləri ilə məşğuldur.

- Rüstəm bəy, artıq Milli Şuranın vahid namizədi deyilsiniz və bu mənada hakimiyyətin də sizə əvvəlki tək aqressiv münasibət bəsləyəcəyini güman etmək olmaz. Azərbaycana qayıdışınız nə vaxta qaldı?

- Mənim Azərbaycana qayıtmağımın mənası yoxdur axı. Vahid namizəd kimi gəlməliydim və gələcəkdim. Amma bunların məqsədi odur ki, məni daha Azərbaycandan buraxmasınlar və mən böyük imkanlarımdan məhrum olum. Mənim xaricdə olmağım işimiz üçün qat-qat faydalıdır.

- Elə isə Rusiya vətəndaşlığından imtina ilə bağlı ərizənizi geri götürdünüzmü?

- Xeyr. Hələlik mənim qərarım öz qüvvəsində qalır. Sonrakı addımlarımla bağlı hələ ki qərara gəlməmişəm. Vəziyyət necə var, elə də qalacaq və hələlik sənədləri geri götürməyəcəyəm.

- Milli Şuranın “kölgə kabineti”nin yaradıldığı barədə məlumatlar nə dərəcədə doğrudur?

- Yalan sözdür, belə şey yoxdur.

- Ümumiyyətlə, vahid namizəd qalib gələcəyi təqdirdə yeni prezidentin komandasında kimlər təmsil olunacaq, bu barədə heç müzakirələr də aparılmır?

- Xeyr. Milli Şura yekdilliklə Cəmil Həsənlinin vahid namizədliyinə səs verib. Ancaq kabinet-filan məsələləri ilə bağlı müzakirə aparılmayıb. Bunlar uşaq söhbətləridir.

- Hazırda Moskvadasınız?

- Moskvadayam.

- Bugünlərdə Dağıstana gəlmişdiniz. Bəs Milli Şuranın 15 sentyabr mitinqində iştirak üçün Bakıya gəlmək niyyətiniz yoxdur ki?

- Xeyr.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar