Tanınmış ilahiyyatçının qardaşının məhkəməsi başlayıb - FOTO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Şamil Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə qəzada dünyasını dəyişmiş Vüsal Quliyevin hüquqi varisi, onun anası Rəfiqə Quliyevanın məhkəməyə ərizə ilə müraciət etdiyi elan olunub.

R.Quliyeva ərizəsində qeyd edib ki, qəzanı törədən Ş.Həsənov az miqdarda sərxoş olmayıb və o, hadisə zamanı əyləci sıxmayıb.

Mərhumun anası Ş.Həsənovun əməlinin qəsdən adam öldürmə kimi qiymətləndirilməsini, istintaqın ədalətli şəkildə apatılmasını məhkəmədən xahiş edib.

Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin olunub.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi bu il martın 12-də Sumqayıt şəhərində baş verib.

Belə ki, Həsənov Şamil Bəhram oğlunun sərxoş halda idarə etdiyi “Hyunday Azera” markalı 99 DV 039 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozması nəticəsində Həsənov Eldar Cəmşid oğlunun idarə etdiyi 50 BE 671 dövlət qeydiyyat nişanlı “Oka” markalı avtomobillə toqquşub. Nəticədə E.Həsənovun və sərnişin Quliyev Vüsal Vidadi oğlunun hadisə yerində vəfat ediblər.

Faktına görə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Ş.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ş.Həsənov Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzumudur. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun qardaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar