“AYDA 5 MİN VƏD EDİB, MƏNİ DƏ ALDATDI, BANKI DA…” – Şirkət rəhbəri tərəfindən aldadılan qadın Prezidentdən kömək istəyir

Dərc olunub: 14/08/2018 - 15:33

1533792487_untitled-1Redaksiyamıza müraciət edən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakini R.Kazımova “ŞURATAZ LTD” MMC-yə rəhbərlik edən Abbasov Xaliq Nəriman oğlu tərəfindən aldadılaraq, daşınmaz əmlakından məhrum olunduğunu bildirir.

R.Kazımova müraciətində deyir ki, sözügedən şirkətin faktiki rəhbəri olan X.Abbasov onun etibarından sui-istifadə edərək, xanıma məxsus evi qanunsuz şəkildə Bank VTB (Azərbaycan) ASC-də girov qoyub: “Xaliq Abbasovun rəhbərliyi və cızdığı plan üzrə “QRANT GARDEN” MMC ilə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış 129926-1-11787 saylı “Baş kredit razılaşması”na əsasən 06.08.2014-cü il tarixdən 06.08.2024-cü il tarixədək 10 000 000 (on milyon) manat kredit xətti açılmışdır. “QRANT GARDEN” MMC-yə soyuducu quraşdırılması məqsədilə 60 ay müddətinə, illik 12 faizlə 1 275 000 (bir milyon iki yüz yetmiş beş) ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, öhdəliklərin icrasının təmini üsulu kimi “ŞURATAZ LTD” MMC və Abbasov Xaliq Nəriman oğlu ilə “zaminlik” müqavilələri bağlanılmışdır. Hazırda isə banka demək olar ki, heç bir ödəniş etməyən “QRANT GARDEN” MMC-nin müqavilə üzrə 1232018.30 (bir milyon iki yüz otuz iki min on səkkiz dollar otuz sent) ABŞ dolları məbləğində borcu vardır”.

Şikayətçinin dediklərindən belə aydın olur ki, “ŞURATAZ LTD” MMC-nin sözügedən kreditin qarşılığında qoyduğu girovların siyahısına R.Kazımovaya aid Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsində yerləşən 249.7 kv.m sahədən ibarət 6 otaqlı və 344.2 kv.m ümumi sahədən ibarət 5 otaqlı 2 mərtəbəli 2b nömrəli fərdi yaşayış evi də daxil edilib: “Xaliq Abbasov tərəfindən aldadılmışam. Belə ki, mənə məxsus sözügedən əmlakın girov qoyulması üçün lazım olan bütün sənədləşmə işlərini o özü həyata keçirib. Bu zaman evin dəyərini süni şəkildə şişirdərək saxta sənədlər əsasında girov qoymağa çalışan Xaliq Abbasovun planlarından xəbərim olmayıb”.

xaliq

Xaliq Abbasov

R.Kazımova şirkət rəhbərini saxtakarlıqda ittiham edərək, onunla yanaşı bir neçə nəfərə qarşı oxşar əməllər törətdiyini iddia edir: “Mənə məxsus evin yerləşdiyi torpaq sahəsi dövlətə məxus olduğu üçün girov qoyula bilməzmiş. Eyni zamanda, ev girov qoyularkən, orada qeydiyyatda olan şəxslərin razılığı alınmayıb. Əvəzində həmin şəxslərin yerinə imza edilərək, guya onların razılığının olmasına dair saxta sənəd hazırlanıb”.

Şikayətçi şirkət sahibinin həm onu, həm də bankı aldatdığını eyd edir: “X.Abbasov mənə məxsus evi ipotekaya qoyarkən bildirmişdi ki, onun həyata keçirdiyi biznes layihəsi çox uğurlu olduğu üçün bizə hər ay 5 000 (beş min) manat pul verəcək. Amma o, qismən ödəniş etdikdən sonra nəinki mənə, ümumiyyətlə banka da ödəniş etməyib”.
Məhkəməyə müraciət edən şikayətçi Nəsimi Rayon Məhkəməsinin 26.02.2018-ci il tarixli qətnaməsindən narazı qaldığını və işin hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Cəfərovun icraatında olduğunu bildirir. Faktiki olaraq, öz evindən məhrum olan R.Kazımova Prezident İlham Əliyevə müraciətində mülkiyyət hüququnun bərpa olunması və yaşayış evinin girovluqdan çıxarılmasına yardımçı olmağı xahiş edir.

R.Kazımovanın bu şikayətilə bağlı Xaliq Abbasovla əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Bununla belə, onun da mövqeyini yayımlamağa hazır olduğumuzu bəyan edirik.

Vaqif NƏSİBOV


loading...




Fikrinizi bildirin