100 il əvvəlki və sonrakı qutu

Bu sətirləri 9 oktyabrda seçki qutusuna topa-topa bülletenlərin atıldığına dair saysız-hesabsız videokadrları izləyəndən sonra yazıram. Hisslərim qarışıqdır. Bir az qəzəb, bir az sevinc. Bir az ümid, bir az çarəsizlik.

Odur ki, bu qarışıq hislərdən yoğrulan yazıda nələrsə sizə qarmaqarışıq gələcəksə, gərək bəribaşdan üzrlü sayasınız.

***

Rejimə qəzəblənmirəm. Ondan daha artığını gözləmək təəccüblü olardı. O nəyə qadirdirsə, onu etdi.

Bəs sistemin saxtakarlıq sifarişini yerinə yetirənlər? Heç onlara da hər hansı qəzəbim-zad yoxdur. Ölkədə 40 ildir hakim olan saxtakar, oğru zehniyyət yalnız özünə bənzəyənləri yetişdirə bilərdi. Yetişdirib də. Həm də kifayət qədər. Indi onların əli ilə əkdiyi zülm ağacının meyvələrini toplayır.

Amma bir tərəfdən də üzülürəm, narahat oluram, ağrıyıram ki, onların arasında çoxlu müəllim var, mənim övladım isə artıq məktəbə gedir. Ən böyük arzum onun azad, ləyaqətli, dürüst bir insan kimi böyüməsi, təhsil almasıdır. Ancaq indi onu xalqın səsinin, iradəsinin oğurlanmasında əsas pay sahiblərindən birinin əllərinə əmanət etmək məcburiyyətindəyəmsə, bu arzum necə reallaşacaq? Seçki qutusuna topa-topa bülleten atmağı əxlaqına, şəxsiyyətinə sığışdıranlar mənim övladıma hansı yüksək təhsil və ideallar bəxş edə bilərlər?

Bir yandan da saxtakarlıq videolarını izlədikcə içimi qəribə bir sevinc hissi bürüyür. Bu qədər pul, bu qədər inzibati, administrativ resurs, repressiyalar, gündən-günə dərinləşdirilməyə çalışılan xof, qorxu mühiti. Gecə-gündüz təktərəfli bu qədər təbliğat. Hər addımda qarşımıza çıxan şahsevənlik, bütpərəstlik təsvirləri, təşviqatı. Amma yenə də saxtalaşdırmaqdan başqa əlacları yoxdur. Yenə də “karusel”in, topa-topa bülletenin, ölülərə “səs verdirməyin” ümidinə qalıblar. “Qələbə”ni əyri yollarla təmin etməkdən başqa çarələrinin olmadığının fərqindədirlər. Qorxu toplumun sistemə nifrətini sevgiyə çevirə bilməyib. Azacıq ədalətli bir seçkidə qurduqları bu şər xanimanının yerlə bir olacağını bilirlər.

Və saxtalaşdırmaqdan başqa yol yoxdur!

***

Bütün bu baş verənlərdən sonra isə indi bu ölkədə seçki ilə dəyişiklik ümidi itənlərin sayının bir az da artacağı dəqiqdir. Əslində guya 9 oktyabr seçkisinə gedəndə nə qədərimizdə bu ümid vardı? Sadəcə, cəmiyyəti əsir alan bozluq və boşluq içərisində prosesi canlandırmaq, diriltmək missiyasını yerinə yetirdik. Buna Don Kixotluq da deyə bilərsiniz, özünətəsəlli də, imitasiya da. Amma ən minimal şərtlərlə belə Azərbaycanda gedişatı xalqın xeyrinə dəyişməyin mümkünlüyü təcrübədən keçirildi. Və nəticə əladır! Bu şərtlərlə, rejim hətta dünyanın o başından da aydın görünən total, rüsvayçı saxtakarlığa getdisə, deməli, davam etməyə dəyər.

Uğur mütləq olacaq: ya seçki qutusu ilə, ya da onsuz. Amma olacaq.

Onsuz da 100 ildir qutu dərdi ilə uğraşırıq. Əvvəlcə Novruzəlinin poçt qutusu idi dərdimiz, indi də seçki qutusudur. Əslində bu fərqli qutu əhvalatları arasında ilk baxışda gözə görünməyən, amma ciddi bir bağ var.

Indiyədək məktubu poçt qutusuna atıb sonra da başqası gəlib oğurlamasın deyə onun yanında oturub gözləyən Novruzəlinin hərəkətini cahillik kimi yozurduq. Amma cahillik deyilmiş. Hətta bəlkə müdriklmik imiş. Az qala bizi seçki qutusuna bülletenimizi atıb sonra da səsimizi oğurlamasınlar deyə onun yanında oturub gözləməyə məcbur edirlərsə, daha Novruzəlini niyə qınayaq?

O niyə poçt qutusuna atdığı məktubun oğurlanmayacağından əmin olmalı idi?

Axı yüzillərdir bu ölkədə ancaq oğurlayırlar: azadlığı, haqqı, hüququ, alın tərini, üzlərdən təbəssümü, gözlərdən sevinci, ürəklərdən işığı. Novruzəlinin babasından da oğurlayırdılar, Novruzəlinin özündən də oğurlayırdılar, indi Novruzəlinin nəvələrindən də oğurlayırlar.

Bir sözlə, heç nə dəyişməyib, olsa-olsa, poçt qutusunu seçki qutusu əvəzləyib. Vəssalam.

(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar