ONLARIN NÖMRƏSİ 700-lə BAŞLAYACAQ… – “Nar” 700 bal toplayan 29 “təhsil qəhrəmanını” mükafatlandırdı (FOTOLAR)

Dərc olunub: 15/08/2018 - 18:59

_J4A6096

Azərbaycanın ayrı-ayrı guşələrindən gəlsələr də, onları birləşdirən bir uğur var – 700 bal! Qəbul imtahanında ən yüksək bal toplayaraq, valideynlərinə sonsuz qürur və sevinc bəxş edən, Azərbaycan təhsili və elminə isə ümidlər vəd edən abituriyentləri bir yerə toplamış “Nar”, onlara xeyir-dua ilə yanaşı, qiymətli hədiyyələr verdi.

“Nar” və modern.az saytının artıq 2-ci ildir ki, 700 bal toplayan abituriyentlər üçün təşkil etdiyi tədbirin rəsmi hissəsi başlamazdan öncə, təhsil qəhrəmanlarının bəzilərilə söhbətləşə bildik.

Gəncə şəhər İsrafil Məmmədov adına 27 saylı fizika-riyaziyyat-kimya təmayüllü məktəb-liseyin məzunu Selcan Məmmədli Azərbaycanın ikinci ən böyük şəhərində 700 bal toplayan yeganə abituriyentdir. ADA Universitetində hüquq ixtisası üzrə pulsuz təhsil alacağını deyən Selcan, birinci imtahanda 676 bal toplayıbmış. Ancaq iyulun 26-da keçirilən ikinci imtahanda maksimum nəticə göstərən Selcan oxuyacağı universitetdə də uğurlarını davam etdirəcəyinə inanır.

Selcanın hazırda Aqrar Universitetin dosenti olan atası Mahil Məmmədov övladının nailiyyətilə qürur duyduğunu gizlətmir və uğura gedən yolun uşağın təhsilə marağından və valideynin məsuliyyətindən keçdiyini deyir: “Uşaq təhsilə meyilli olmalıdır. Amma sözsüz ki, valideyn də tələbkar olmalıdır. Qızımın uğurları hələ çox kiçik yaşlarından, bağça illərdən başlayıb. İngilis dili təmayüllü bağçaya gedən Selcan erkən yaşlarından xarici dildə sərbəst danışmağı ilə hər kəsi təəccübləndirməyi bacarıb. Sonrakı illərdə də elmə, təhsilə həvəsli olan Selcan orta məktəbi əla qiymətlərlə oxuyub”.

_J4A5908

Göyçayın Ləkçıplaq kənd 1 saylı orta məktəbinin məzunu Şəkər Qədirli isə birinci imtahanda 685 bal toplayıbmış. İkinci imtahanda istəyinə nail olan Şəkər, Baki Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi fakültəsini seçib.

Maraqlıdır ki, Şəkərin bacısı Gülər Qədirli də yüksək balla (677 bal) ali məktəbə qəbul olub və elə o da Bakı Ali Neft Məktəbində təhsil alır: “Bu tədbirə dəvət edilməyimiz təkcə bizim üçün stimul deyil. “Nar”-ın bu diqqəti növbəti qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də bir stimuldur. Onlar görürlər ki, biz yüksək nəticəmizə görə seçilirik, mükafatlar alırıq. Bundan gələcəkdə imtahan verəcək məzunların həvəslənəcəyi şübhəsizdir”.

Onu da qeyd edək ki, bu ilin qəbul imtahanlarının qəhrəmanlarının şərəfinə təşkil olunmuş tədbirdə abituriyentlər və onların valideynlərilə yanaşı, millət vəkilləri, Təhsil nazirliyinin və Dövlət İmtahan Mərkəzinin təmsilçiləri də iştirak edirdi.

_J4A5935

“Nar”-ın ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov təmsil etdiyi şirkətin istedadlı gənclərin təhsildə böyük nailiyyətlər əldə etməsini stimullaşdırdığını xüsusi qeyd etdi. Bi il 29 abituriyentin 700 bal topladığını xatırladan cənab Axundov şirkət olaraq onların bu nailiyyətinə çox sevindiklərini və “Nar”-ın belə gəncləri gələcək uğurlar üçün həvəsləndirməyə, onları təbliğ etməyə böyük önəm verdiyini vurğuladı.
“Gənclərimizin ildən-ilə göstərdikləri daha yüksək nəticələr bizi çox fərəhləndirir. Yüksək əzmkarlıq və çalışqanlıq kimi xüsusiyyətlər sayəsində əldə edilən bu nailiyyətə görə gənclərimizi təbrik etmək “Nar” olaraq bizim üçün də artıq xoş bir ənənəyə çevrilmişdir. Əminəm ki, bu, daha böyük uğurların başlanğıcıdır”, – deyə Əziz Axundov qeyd etdi.

_J4A5986

Əziz Axundov artıq tələbə sayılan 29 nəfər abituriyentə “Nar”-ın xüsusi hədiyyələrinin olduğunu bildirdi. Bu hədiyyələrə smartfon və onun üzərində verilən “Nar” nömrəsi daxildir. Həmçinin, bu özəl abunəçilərə mobil internet və zənglər üçün ödənişsiz balans verildi. Hədiyyənin ən maraqlı özəlliyi isə ondadır ki, artıq “Nar” abunəçisi olacaq bu istedadlı tələbələrin nömrəsinin əvvəli 700 rəqəmilə başlayacaq.

Modern.az saytının rəhbəri Elşad Eyvazlı ən yüksək bal yığan tələbələrə üz tutaraq, qazanılmış uğurla kifayətlənməməyi tövsiyyə etdi və ali məktəbdə bu uğurun davamını gətirmələrini arzuladı. Eyni zamanda, cənab Eyvazlı təhsildə yüksək nəticə göstərən gənclərimizə göstərdiyi dəstəyə görə “Nar” operatoruna minnətdarlığını bildirdi.

_J4A6009

Tədbirdə iştirak edən millət vəkili Mahir Abbaszadə tələbələrlə birgə, onların valideynlərini təbrik etdi. Deputat vurğuladı ki, bu il rekord sayda – 29 nəfərin 700 bal toplaması xüsusilə sevindiricidir və bu nəticə dövlətin təhsilə ayırdığı diqqətin, təhsildəki uğurların göstəricisidir.

Dövlət İmtahan Mərkəzi (DİM) Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bu ilki nəticəni ötən illərlə müqayisə edərək bildirdi ki, 2007-ci ildə cəmi 3 nəfər 700 bal toplamışdı. Ötən il 15, bu il isə 29 nəfərin ən yüksək bal toplamasını qeyd edən cənab Xanlarzadə indiyə qədər ümumilikdə 111 nəfərin 700 bal yığmağa müvəffəq olduğunu dedi.

_J4A5953

Təhsil Nazirliyinin təmsilçisi Firudin Həmzəyev də təbriklərə qoşulduğunu bildirərək, bu uğurda həmçinin, abituriyentlərin təhsil aldıqları orta məktəblərin zəhmətinin və rolunun olduğunu vurğuladı.

Sonda “Nar”-ın 29 “təhsil qəhrəmanı” üçün hazırladığı qiymətli hədiyyələr millət vəkilləri və digər qonaqlar tərəfindən bir-bir onlara təqdim edildi.


loading...




Fikrinizi bildirin