“Kamran Əsədov abituriyentin vəkili kimi çıxış edir” – “DİM rəhbərliyi haqlıdır”

Dərc olunub: 17/08/2018 - 00:03

etibarXəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəklərini bildirib. Buna səbəb K.Əsədovun abituriyent Əsgəri İbrahim Əli oğlunun imtahanlarda 596 bal toplamasına baxmayaraq, ali məktəbə qəbul olmadığı haqda açıqlamasıdır. Halbuki, Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal toplayıb.

M.Abbaszadə bununla bağlı bildirib: “Abituriyentin 596 bal toplaması ilə bağlı iddiası qəbul olunmur. Cavab kartlarını yalnız məhkəmə prosesinə təqdim edə bilərdik. Məsələ ictimaiyyətləşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcəyik. Çünki ondan məsələni təkzib etməyini istəmişdik, ancaq o, bundan imtina edib”.

“AzPolitika” məsələ ilə bağlı mövqeyini öyrənmək üçün təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin mövqeyini öyrənib. E.Əliyev deyib:

– Kamran Əsədov öz ətrafında elə mif yaradıb ki, sanki yeganə təhsil ekspertidir. Təhsillə bağlı bütün məsələlərdə birinci olmaq istəyir. Olsun. Yol açıqdır. Lakin bir çox hallarda yol verdiyi yanlışlıqlar haqlı olaraq ayrı-ayrı şəxslərin və dövlət qurumlarının iradına səbəb olur. Konkret olaraq bu məsələdə DİM rəhbərliyi haqlıdır. Kamran Əsədov abituriyentin vəkili kimi çıxış edir və dəqiqləşdirilməmiş məsələni ictimailəşdirir. Və bununla da cəmiyyətdə böyük nüfuz qazanmış bir qurumun rəhbərliyinin işgüzar imicini ləkələməyə çalışır.

- Etibar müəllim, tanınmış təhsil eksperti kimi DİM-lə bağlı hansısa müraciətlər Sizə də ünvanlanırmı?

– Əlbəttə, bizə ekspert kimi müraciət edənlərin sayı çox olur. Bir məsələni qeyd edim ki, DİM bütün fəaliyyətini abituriyentlərin mənafeyinə həsr edir. Onların yanlışlıqlara yol verməmələri üçün böyük işlər aparır. Məsələn, ixtisas seçiminin vaxtını uzadır, ixtisas seçimində səhvə yol verən abituriyentlərin səhvlərinin aradan qaldırılmasına köməklik edir, qısa bir vaxtda qəbul olunanların və boş qalan yerlərin siyahısını dərc edir və s. Təvazökarlıqdan uzaq bir məsələni də deyim ki, DİM İctimaiyyətlə Əlaqələr Şöbəsi çox operativ və funksional çalışır. Təhsil ekspertlərinin sorğularına qısa bir vaxtda cavab verilir. Düşünürəm ki, Kamran bu məsələni kortəbii işıqlandırmaqdan öncə sorğu ilə müraciət etsəydi daha yaxşı olardı. Çünki DİM-in kiminsə balına “əl gəzdirməsi”ni düşünmək normal insan təfəkkürünə sığan məsələ deyil. Hər il 100 minlərlə insan bu qurumun fəaliyyətini izləyir. Belə hallara 26 ildir ki, heç kim rast gəlmir.


loading...




Fikrinizi bildirin