“Hətta ən pis danışıqlar belə, müharibədən yaxşıdır” – Koçaryan

Dərc olunub: 17/08/2018 - 21:29

kocaryanErmənistanın ikinci prezidenti Robert Koçaryan “Yerkir Media” telekanalına geniş müsahibə verib.

AzVision.az xəbər verir ki, Koçaryan rezonans doğuran müsahibəsində nəinki Ermənistanda, o cümlədən regionda baş verən proseslərdən, xüsusilə də İrəvanın müttəfiqliyə yaraşmayan tərzdə Moskvaya münasibət göstərməsindən və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni vəziyyətdən narahat olduğunu bildirib.

Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hökuməti mövcud vəziyyətə nəzarət edə bilmir və bütün təhdidləri adekvat qiymətləndirməyi bacarmır. Koçaryanın fikrincə, Dağlıq Qarabağ münaqişəsi ətrafında kifayət qədər problematik vəziyyət yaranıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığına dair bəyanatını şərh edən Koçaryan deyib: “Ermənistanın birinci şəxsi sadəcə kənara çəkilərək “bu məsələdə yaxamı geri çəkirəm” deyə bilməz. Bu, mümkün deyil. Hər kəs onun danışıqlarda iştirak edəcəyini görəcək və artıq o, bu cür bəyanatlar verib. Mən Paşinyanın bu mövqeyini təcrübəsizliklə əlaqələndirirəm. Çünki yeni hökumət təsəvvür edə bilmir ki, danışıqlar prosesindən imtina nə deməkdir və bu, hansı nəticələrə səbəb ola bilər. Hətta ən pis danışıqlar belə, müharibədən yaxşıdır. Əgər danışıqlardan imtina edirsənsə və bu proses ümumiyyətlə yox olursa, yeganə həll yolu müharibədir”.

Sabiq prezident onu da bildirib ki, Qarabağ məsələsində öz təcrübəsini Paşinyanla bölüşməyə hazırdır: “Mən hazıram. Dialoqdan heç vaxt qaçmamışam. Məsuliyyəti öz üzərinə götürmək üçün cəsarət lazımdır, daha dovşan kimi qaçmaq yox”.


loading...




Fikrinizi bildirin