Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb

Dərc olunub: 18/08/2018 - 10:19

elcin quliyev“Əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir”.

“Report”un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

O vurğulayıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi altında yaxın müddətdə dövlətin ərazi bütövlüyü təmin ediləcək və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsi Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcək: “Buna əmin olan Azərbaycan sərhədçiləri bu vəzifənin icrasında şərəflə iştirak etməyə daim hazırdırlar”.

DSX rəisi qeyd edib ki, sərhədçilər üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması məsələlərinə Prezident İlham Əliyev hər zaman xüsusi diqqətlə yanaşıb: “Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 14 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Goradil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası, Şüvəlan qəsəbəsində yeni hərbi hissə, Bakı şəhərinin Nərimanov rayonunda 312 mənzilli yaşayış binaları inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib. Bu müddətdə 111 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib, yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 1000-dən artıq xidməti bina istifadəyə verilib. Son günlərdə “Göytəpə” sərhəd dəstəsinin “Daşkənd” sərhəd zastavasının və “Xudat” sərhəd dəstəsinin “Yuxarı Tahircal” sərhəd zastavasının yeni inşa olunan xidməti və yaşayış binaları komplekslərinin açılışlarının edilməsi bu istiqamətdə görülən işlərin uğurla davam etməsini göstərir”.

E.Quliyev xatırladıb ki, sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub.


loading...




Fikrinizi bildirin