Ziya Məmmədovun 625 milyonluq müştərək korrupsiya layihəsi

Bank Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolunun bir kilometrinə beynəlxalq standartdan ən azı 2 dəfə çox - 10 milyon dollar ayırıb; BVF, DB və başqa nüfuzlu Avropa donorlarından fərqli olaraq AİB korrupsiya risklərini nəzərə almadan böyük məbləğli layihələrə dəstək verir

Asiya İnkişaf Bankı (AİB) Nəqliyyat Nazirliyinə Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolu (63 km) çəkmək üçün vəsait ayırıb. AİB və Azərbaycan hökumətinin rəyinə görə, layihənin ümumi qiyməti 625 milyon dollardır. Avqustda ilk tranş ayrılacaq - 250 milyon dolların ayrılması təsdiqlənəcək.

Ekspertlərin fikrincə, beynəlxalq maliyyə institutlarının investisiya layihələrində iştirakı yaxşıdır. Onların mütəxəssisləri beynəlxalq normativləri əsas götürür, korrupsiyaya imkan vermir və s. Ancaq Azərbaycanda situasiya fərqlidir. Burada xarici donorlar da Nəqliyyat Nazirliyinin korrupsiya tutumlu layihələrinə maliyyə dəstəyi verir. Məsələn, beynəlxalq maliyyə institutlarının maliyyələşdirdiyi Bakı-Hacıqabul yolu (120 km) dəfələrlə tənqidə məruz qalıb. Yol 30 il istismar edilməli idi, amma hər il ən azı 2 yerində təmir gedir.

Dünyanın heç bir ölkəsində hətta asfalt beton yolun 1 kilometri 10 milyon dollara başa gəlmir. İspaniyada 8 zolaqlı yolun 1 kilometri 1,8, ABŞ-da 2, Finlandiyada 2,8, Rusiyada 3,3, Almaniya və Fransada 5 milyon dollardır.

Hər kilometrin qiyməti yolun eni və qalınlığı, ƏDV, layihə sənədləri xərci, torpaq alınması, kommunikasiyaların köçürülməsi və başqa detallar nəzərə alınmaqla müəyyənləşir. Bundan başqa, Azərbaycanda kəskin iqlim yoxdur. Amma istehsalın inhisarlaşdırılması, hökumətin və siyasi hakimiyyətin Nəqliyyat Nazirliyinə lobbiçilik etməsi “bahalı yolların” ortaya çıxmasına səbəb olur.

Ölkələrdə yolların bir çoxunun tikinti və bərpasına kredit ayıran Dünya Bankı yol layihələrinin xərcləri ilə bağlı hesablama aparıb. Bankın 40-a yaxın ölkədə kredit ayırdığı layihələrin müqayisəli analizini əks etdirən bu sənədə görə, təzə yolun salınması xərclərinin ən ucuzu hər kilometr üçün 142 min dollara, ən bahalısı isə kilometrinə 1 milyon 832 min dollara başa gəlib.

Bu qiymətlər ümumiyyətlə yol olmayan ərazilərdə aparılan yol tikintilərinə aiddir. Yəni söhbət sıfır variantından yolun salınmasından gedir. Artıq mövcud olan yolların bərpasına isə hər kilometrinə 62 min dollardan 609 min dollara qədər pul xərclənə bilər. Bu xərclər yol ötürücülərinin və qovşaqların tikintisini də əhatə edir.

Rəqəmlər arasında olan fərq yolun keyfiyyəti, ərazinin landşaftı, işçi qüvvəsinin, tikinti materiallarının ölkədən-ölkəyə fərqli qiyməti ilə izah olunur. Azərbaycanın da daxil olduğu beynəlxalq İpək Yolu layihəsinin bir hissəsini çəkən Qazaxıstanda yol tikintisinə sərf edilən vəsait Azərbaycandakı yol tikintisi məsrəfləri ilə müqayisədə çox azdır.

Qazaxıstan nəqliyyatçıları Çinə qədər uzanacaq 2500 kilometrlik birinci dərəcəli yolun çəkilməsi üçün 4 milyard dollarlıq büdcə tərtib ediblər. Başqa sözlə, hər kilometrə 1,7 milyon dollar xərc nəzərdə tutulub. Yolların keyfiyyətinə və yol şəbəkəsinin genişliyinə görə dünyanın qabaqcıl ölkələrindən sayılan Finlandiyanın paytaxt Helsinkidən Rusiya sərhədinədək çəkdiyi 1-ci dərəcəli yolun (B tipli) hər kilometri 3,4 milyon dollara başa gəlib.

Belə nümunələrin sayını artırmaq da olar. Ancaq oxucuları yormamaq üçün mühüm bir detalı vurğulamaqla bununla kifayətlənək - Qazaxıstanda yol tikintisində çalışanların əmək haqqı 5, Finlandiyada isə azı 10 dəfə Azərbaycanla müqayisədə yüksəkdir. Əgər Qazaxıstan və Finlandiyada yol tikintisi işçilərinin əmək haqqı fondu Azərbaycanla eyni səviyyədə olsaydı, bu göstəriciləri 2-yə bölmək lazım gələcəkdi.

Belə çıxır ki, AİB Nəqliyyat Nazirliyinin korrupsiya tutumlu növbəti layihəsini maliyyələşdirməyə qərar verib. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və başqa nüfuzlu Avropa maliyyə təsisatlarından fərqli olaraq AİB korrupsiya risklərini nəzərə almadan böyük məbləğli layihələrə dəstək verir. Təbii ki, bank burada nəsə itirmir. Çünki kreditlər dövlət zəmanəti ilə alınır və dövlət büdcəsi hesabına da ödəniləcək. Burada itirən Azərbaycan dövləti, qazanan isə başda Ziya Məmmədov olmaqla, bir neçə məmurdur.

Asiya İnkişaf Bankının mənzil-qərargahı Filippində yerləşir. AİB-in 67 üzvü var. Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür, bankın kapitalında 0,5 faiz paya malikdir. Bankın Azərbaycandan Rəhbərlər Şurasının üzvü maliyyə naziri Samir Şərifovdur. AİB Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. Böyük ehtimalla Azərbaycan hökumətini bu Şərq təsisatı ilə sıx bağlayan amillərdən biri də müştərək korrupsiya maraqlarıdır. Hər halda, fakt göz önündədir - bank heç bir xəsislik etmədən Masallıdan Salyanın Şorsulu kəndinə avtomobil yolunun bir kilometrinə 10 milyon dollar ayırıb.

Yeri gəlmişkən, AİB Rəhbərlər Şurasının 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçiriləcək. Azərbaycan hökuməti bu tədbirə çox ciddi şəkildə hazırlaşır və bununla bağlı baş nazirin müavini Yaqub Əyyubovun rəhbərliyi ilə təşkilat komitəsi də yaradılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar