70 YAŞ – QOCALIĞIMIN GƏNCLİYİ, XOŞ GÖRDÜK!

Dərc olunub: 21/08/2018 - 19:31

“Polisə dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Mətbuat Şurasının icraçı katibi Şəmsəddin Əliyevin 70 yaşı tamam olur. “AzPolitika.info” Ş.Əliyevin özünün 70 illik yubileyinə həsr etdiyi “70 yaş – qocalığımın gəncliyi, xoş gördük!” sərlövhəli yazısını təqdim edir:

shemseddin

Sənin olmayan ayın günlərini sayma.
Atalar sözü

Gənclik illərindən fərqli olaraq, qocalıq dövrünün başqa cür zövqü-səfası varıymış. Bu illərdə fərdiyyətçiliyin təzahür formalarından olan, əxlaqi keyfiyyət kimi diqqət çəkən eqoist davranışlara xitam verilir, qəlb sakit, necə deyərlər “öz hayında” çarpışır.

“Qocalıq şənlik deyil” – zərb məsəlinə rəğmən deyə bilərəm ki, ləyaqətini və şəxsiyyətini ləkələmədən, məhkum olacağın qocalığa zərər vurmadan yaşamaq mümkündür…

70 il ərzində daha çox keçmişdə buraxdığım səhvlərimi saf-çürük edirəm, haya-küyə getdiyim anlara görə heyfslənirəm, özümü cəmiyyətdə tapa bilməyəndə günahı özümdə, bir az da elə bu cəmiyyətdə axtarıram. Həmişə məsuliyyətsiz və mənasız həyat sürməkdən qaçmaq istəsəm də, bacarmamışam. Gənclik illərində belə düşünməmişəm. “Mən, azad cəmiyyətin, azad vətəndaşıyam”- düşünüb, hansi səmtə, hansi yana üz tutdumsa, maneələri görmədim. İxtisasıma, bacarıq və qabiliyyətimə, bilik səviyyəmə uyğun iş tələb etdilər. Bacardım və irəlilədim…
Sonra? Sonrasını soruşma, dəyərli Oxucu! Sonra, başım üstə, üzü aşağı yuvarlandım…

Niyəsini də soruşma. Bir günah məndə oldu, bir günah da əhatəsində formalaşdığım cəmiyyətdə… Bəzən güləndə də ürəyim ağrıyardı, sevincdən kədərlənərdim.

Nələrin şahidi olmadım?! İtirdiyim qazandığımdan çox oldu… Bunları da qocalıq illərində təhlil etdim… İndi də bilməyim gec imiş…

Dünyanın zəmisi heç imiş demə,
Dünyanın gəmisi köç imiş demə,
Heçimi, köçümü indi bilmişəm
İndi də bilməyim gec imiş demə…

Atam, 75 yaşında çatanda deyərdi ki, qocalığa dözməyə tab gərək. Yorğun addımların sayı artdıqca həyat gözdən düşür. Özünə qəsd günah sayılmasaydı və buna görə o dünyada hesab sorulmasaydı çox adam qocalıqdan bezikib intihara əl atardı. Bunun bir həddi olmalıdır? “Ata,Yəqin ki, var…”

Gənclik illərindəki həyatım sanki itkin düşdü… 70 ilimin 30 ili polis orqanlarında şərəfli xidmətə peyvənd olundu. O illərin müəyyən vaxtını Vətən savaşında keçirdim… Kaş, müharibəni başa vuraydıq, indiki və gələcək nəsillərə Vətən uğrunda döyüş bir də nəsib olmayaydı… Kaş… kaş… Bu döyüş hələ çox can aparacaq…

Amma, bu ixtiyar çağındakı hər kiçik hisslər, giley-güzarla keçən vaxtlarım yaddaşıma elə bil mismarla bərkidilib və bir sıra suallar yaradır. Cavabını tapa bilməyəndə üzülürəm.

Bütün bunlara baxmayaraq, qocalığın özünə xas gözəlliyi varmış. Gözəllikləri, cəmiyyətin dinamik inkişafını, ətrafın qayğısını və gücünü dərk edə bilmək qabiliyyətini saxlaya bilənlər qocalığı hiss etmirlər. Bu mənada, xoşbəxt yaşamaq, səadət dolu günlərin sakini olmaq qocalığı niyyətindən kənara çəkir.

Bəzən sifətdəki təbəssümün yerini də təbii qırışlar zəbt edir. Bu qırışlar kosmetoloji müdaxilə nəticəsində zahirən aradan qalxsa da, batində onu ərsəyə gətirən kök var. Bu qırışlar müdriklik əlaməti, gənclik illərinin canlı təzahürü və canlı şahididir. Məsəl var, deyərlər: “Qocalmaq böyük incəsənətdir”. Gəncliyi qoruya bilmək isə başqa bir incəsənətdir. Həyatın faciəsi ondadır ki, insan tez qocalsa da gec müdrikləşir. Təəssüf…

Tarix boyu müdrik insanların sayı çox olub, lap çox. Haqqında yazılan və yazılmalı olan müdriklərin sayı isə azdır, lap az.

Anladım ki, itirdiklərimi geri qaytarmaq mümkün deyilmiş. Bu illər ərzində məni istəyən dost və tanışların, qohumların da sayı azaldı. Məni incidən başqa hallar da varıydı. Gənclik illərində “Qazandıqlarımı” xeyriyyəçiyə xas tərzdə paylamışam. Qocalığa məruz qaldığım illərdə sələmsiz “verdiklərimi” heç kimdən ala bilməyəndə ürəyim rahat durmurdu. Lazım olduğum anlarda yanıma tələsənlər çox olurdu. Ehtiyac duyduğum vaxtlarda isə hamı “məşğul” oldu, mənə vaxt ayıra bilmədilər…

Anladım ki, cəmiyyətdə xeyirxahlıq ərşə çəkilibmiş. Xeyirxahlıq da qocalarmış?!

Mən, ömrümün bu ixtiyar çağında oğlum və nəvələrimlə bir tavanın altında, mehriban yaşayırıq. Xoş gecələr mənə rahatlıq, açılan xoş səhərlər isə övladlarıma yaşayıram – deyə ümid bəxş edir. İndi onlar üçün yaşayıram…

Bir şeyi də anladım. Gənclik illərimi elə yaşamalıydım ki, qocalıqda ötən günləri xatırlayanda ah çəkməyim. Mahiyyətcə belədir. İnsan ümumi maraq üçün bir işə yaramırsa deməli, yaşamır.

Bəzən gənclik illərində oxuduqlarımı uzun illər ötəndən sonra anlamağa başlamışam.

Qocalıq və qocalar müxtəlif olurmuş. Alman filosofu Fridrix Nitşe nə vaxtsa deyib: “İnsanlar müxtəlif xasiyyətdə və səviyyədə olurlar. Birində ürək tez qocalır, başqasında ağıl. Kimin gəncliyi gec başlayıbsa, o, ağlına görə qocalır”.

Fransız xalqının böyük yazıçısı və filosofu, Nobel mükafatı laureatı Kamyu Alber kimi mən də ətrafımdan və umduğum insanlardan verə biləcəklərindən çox şeyi: dostluqda səmimiliyi və əvəzi ödənilməyən münasibəti, heç nə ummadan verilən vədlərə sədaqəti və ciddiliyi istəmişəm. İndi isə zaman dəyişib. Onlardan imkanlarının həddindən az tələb etməyi öyrənsəm də susub yanlarında durmağı xoşlayıram. Qarşılıqlı münasibətə xələl gəlməsin deyə ehtiyac duyduqlarım barədə onlara bir söz demirəm… Onların mənə qarşı hisslərinə və dostluq xətalarına da Xaliqin neməti kimi baxıram. Möcüzədir, elə deyilmi?!

70 yaşım qocalığımın gəncliyi və gəncliyimin varisidir. Onun pişvazına onbir aydır ki, çıxmışam. Xoş gördük səni, cavanlığımın varisi! Xoş gəldin. 80-cı illərimlə qərəzin yoxdursa, tut əlimdən, birlikdə gedək səksənə sarı. Səninlə ürəkli olaram… Birdən 8-ci onluq məni qəbul etmədi?…

70 il ərzində bircə an da olsa gəncliyimi unutmadım. Onunla yaşadım… Onun sorağındayam… Qocaldıqca tez-tez gəncliyimi düşünürəm. Geriyə dönməyə şans yox. Qocalıq “ov”unu hələ heç kimə güzəştə getməyib. Bu da Anakondanın başqa növüdür – deyərdim.

Bəzən saçın da ağarması yalançı olur. Zahiri görünüş qocalığa dəlalət etməz. Ruhun cavandırsa, mənən də cavansan.
Qədim Yunan filosofu Siseron yazıb ki, işsizlik və tənbəllik qədər qocalığı sürətləndirən zəruri amillər yoxdur. Doğrudan da belədir. Qocalığı doğuran amillərin hər biri işsizlikdən və tənbəllikdən başlayır. Həzər o gündən.

Nə vaxtsa Leonardo da Vinçidən oxumuşdum: “Gəncliyində elə davran və elə hərəkət et ki, qocalığın azuqəsiz qalmasın. Başa düşməlisən ki, qocalığın azuqəsi müdriklikdir. Bunu isə gənclik illərində qazanmaq mümkündür. Əks təqdirdə bihudə keçirtdiyin gənclik illəri qocalığına ciddi ziyan vura bilər. Ziyanı ödəməksə çox çətindir”.

Necə deyərlər, gənclikdə nə əkəcəksənsə, onu da qocalıqda biçməli olacaqsan. Hikmətə baxın. Gəncliyində səpilən toxum qocalıqda bitərmiş. Nə bitəcəyini də Allah bilir.

Sonda: Bədənin zamanın zərbələrindən zəifləyən, əllərin və ayaqların taqətdən düşdüyü bir vaxtda ağıl və yaddaş da korşalır, dil tutulur. Nə dediyin anlaşılmır… Keçmişinə qənim kəsilən qocalıq belə gəlir… Sərəncamında olmayan ayın günlərini saymağın nə mənası? Geriyə baxanda illər üstümə qar kimi tökülür. Yaddaşım köməyimə gəlir, o xoşbəxt anları yaşamalı oluram…

Uşaqlıqdan yorulub böyüməyə tələsdim. Böyüyüb uşaqlıq-şıltaqlıq illərimə qayıtmaq istədim. Güzəranım yaxşı keçsin deyə çox çalışdım, sağlamlığımı və vaxtımı itirdim. Sonra qazandıqlarım sağlamlığımı bərpa etməyə və ötən günlərimi qaytarmağa yaramadı. Həyəcanla gələcəyim haqda düşünməyə başladım. Ayılanda çox şeyin arxada qaldığını görəndə “Ah” – dedim. Elə bilirdim ki, hər şey ötdüyü kimi, qocalıq da keçib gedəcək…

Allahdan səksənə möhlət almaq arzusu ilə…

Şəmsəddin Əliyev
Hüquqşünas-publisist

“AzPolitika.info” saytının kollektivi dəyərli Şəmsəddin müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar, uzun ömür, can sağlığı arzu edir.








loading...


Fikrinizi bildirin