“İNTERPOL AXTARIŞLARIMI DAYANDIRMIR” - Hüseyn Abdullayev

Milli Məclisin keçmiş üzvü Azərbaycan hökumətinin beynəlxalq qurumlar vasitəsilə təhdidlərini davam etdirdiyini deyir

“Almaniyadan siyasi sığınacaq alsam da, Azərbaycan hökumətinin tələbinə əsasən İnterpoll xətti ilə axtarışıma son verilməyib. Almaniyadakı vəkillərimin 8 aydan çoxdur İnterpolun Londonda yerləşən baş ofisi ilə yazışmalarına baxmayaraq, axtarışlar dayandırılmır”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayev deyib.

İyulun 29-da NATO Əməkdaşlıq İnstitutu Hüseyn Abdullayevin təqib edilməsi ilə bağlı Ağ Ev başda olmaqla dünyanın bir neçə aparıcı qurumuna müraciət edib.

Bu haqda NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Facebook sosial şəbəkəsində status yayıb. F. Məmmədov Azərbaycandan köçüb Avropa ölkələrində siyasi sığınacaq alan bir sıra şəxslərin təhlükəsizlikləri ilə bağlı ciddi problem olduğuna diqqət çəkib: “NATO Əməkdaşlıq İnstitutunu narahat edən məsələlərdən biri bu gün Azərbaycandakı dictator rejimin Avropada siyasi sığınacaq alan ictimai fəal insanları təhdid və şantaj etmək məqsədi ilə beynəlxalq institutların imkanlarından qanunsuz istifadə etməsidir. Qərara gəlmişik ki, bu məsələ ilə bağlı bilgilərimizi dünya birliyinə çatdıraq. Almaniyadan siyasi sığınacaq alan keçmiş Milli Məclis üzvü Hüseyn Abdullayevlə bağlı təqiblər əldə etdiyimiz faktlardan biridir. Prosesin bu şəkildə davam etməsi beynəlxalq institutların nüfuzuna ağır zərbə vurmaqdadır. Belə hallara yol verilməməsi üçün BMT-yə, Ağ Evə, ABŞ Dövlət Departamentinə, ABŞ Konqresinə, “Freedom House” təşkilatına, Avropa Parlamentinə, Avropa Komissiyasına müraciətlər etmişik”.

Fərrux Məmmədov onu da bildirib ki, məsələ haqqında dünyanın aparıcı media quruluşlarından olan CNN, BBC, EuroNews, ABC, “Washington Post”, “New York Times”, “Spigel”, “The Guardian”dan problemi işıqlandırmaları xahiş olunub.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Hüseyn Abdullayev Azərbaycan hakimiyyətinin ona qarşı irəli sürdüyü vergidənyayınma ittihamını absurd sayır: “Azərbaycan hakimiyyətinin ittihamları əsassızdır. Gerçəkliyi, Azərbaycan hakimiyyətinin saxta ittihamlarla məni şantaj etməsini, böhtan atmasını üzə çıxarmaq üçün dünyanın aparıcı beynəlxalq institutlarına, eləcə də insan haqları qurumlarına çatdırılmasına ehtiyac var. Bu məsələni gündəmdə saxlayan bütün şəxslərə təşəkkür edirəm”.

Hüseyn Abdullayev onu da bildirib ki, iyulun 31-də vəkilləri vasitəsilə Almaniya Daxili İşlər Nazirliyinə, Bundestaqa müraciət edəcək:“Mən Almaniyadan sığınacaq almışam. Təhlükəsizliyim Almaniya dövlətinin təminatı altındadır. Hesab edirəm ki, həyatım və təhlükəsizliyim üçün üzləşdiyim problem haqqında Almaniya dövlətinin xəbərdar edilməsinə ehtiyac var. Əminəm ki, dünyanın ən demokratik və sivil dövlətləri sırasında öncüllərdən olan Almaniya təhlükəsizliyim üçün vacib olan bütün addımları atacaq”.

Aygün Muradxanlı

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar