PUTİN HÖKUMƏTİNİ HƏYƏCANLANDIRAN RƏQƏMLƏR – Dünya çempionatı da qurtardı, bəs sonra?...

Kreml rəhbəri özünə qarşı KİV-lərin diqqətini necə çəkməyi yaxşı bilir. Bu həftə Vladimir Putin Avstriya xarici işlər naziri Karin Knaysalın toyunda iştirak etməklə və Mezeber sarayında kansler Anqela Merkellə danışıqlar aparmaqla KİV-lərin diqqət mərkəzində olub. “Komsomolskaya pravda” qəzeti sevinclə yazıb ki, Qərb hökumətlərinin Rusiyanı təcrid vəziyyətinə salmaq istəyi baş tutmayıb.

Qaldı ki, daxili siyasətə, Rusiya KİV-lərinin bu məsələdə eyforiyaya düşməsinə çox az səbəb var. Çünki “Rosstat”-ın təqdim etdiyi rəqəmlər ilk yarım il üçün heç də xoş mənzərə göstərmir. Belə ki, ölkənin Ümumi Daxili Məhsulu keçən illə müqayisədə 1,6 faiz yüksəlib ki, bu da Rusiya İqtisadiyyat Nazirliyinin və Mərkəzi bankının 1,8-2,2 faizlik proqnozlarına görə xeyli aşağıdır.

Rusiya üçün daha bir böyük problem təkcə iqtisadi böyümənin ləng getməsində yox, ümumiyyətlə gələcəkdə iqtisadiyyatın tənəzzülə uğrayacağını göstərən bir sıra faktorların mövcudluğundadır. Belə ki, ilin ilk yarısında böyüməyə təsir edən hadisələr indi əhəmiyyətli dərəcədə azalıb. İqtisadiyyatın normal halda olmasına ixracat, istehlak, böyük dövlət sifarişləri və futbol üzrə dünya çempionatı kömək edib. Dünya çempionatı qurtarıb. Dövlət sifarişləri əsasında maliyyələşən inşaat layihələri isə sona çatıb.

Bu il üçün özünün verdiyi böyümə proqnozunu aşağı salmağa məcbur olan Ruiya hökuməti həyəcan içindədir. Vəziyyəti düzəltmək üçün İqtisadiyyat Nazirliyi infrastruktur layihələrinin maliyyələşdirilməsi proqramını işə salır. Ümumiyyətlə, 690 layihənin dəstəklənməsi nəzərdə tutulur. Nazirliyin təklifinə görə, önümüzdəki altı ildə yolların və elektrik şəbəkələrinin yenilənməsi üçün 92 milyard avro ayrılmalıdır.

- Dünya çempionatından sonra istehlakın aşağı dşməsi

Hal-hazırda ixracatdan başqa istehlak da tədricən aşağı düşməyə başlayıb. İyun ayında pərakəndə ticarətin həcmi keçən illə müqayisədə üç faiz artmışdı. Satışın həcminə təkcə futbol üzrə dünya çempionatına gələn turistlərin suvenir mağazalarındakı bütün hər şeyi almaları yox, eyni zamanda da Rusiya milli komandasının gözlənilməz yaxşı oyunundan eyforiyaya düşmüş rusiyalıların istehlaka meyl etməsi də təsir göstərmişdi.

Ancaq indi ölkə əhalisi yenidən gündəlik qayğıları ilə məşğuldur. Real gəlirin dörd il aşağı düşməsindən sonra, gəlirlər cüzi də olsa artıb. Burada birdəfəlik effektlə də qarşılaşırıq. Məsələn, ilin əvvəlində pensiyanın bir dəfə qaldırılması, prezident seçkiləri öncəsi dövlət orqanlarında çalışanların məvaciblərinin yüksəldilməsi və ya mükafatların yazılması müvəqqəti təsir effekti yaratmışdı. Amma prezident seçkilərindən sonra dövlət orqanlarında işləyənlərin məvacibləri yenidən azaldıldı.

Bütün bunlarla yanaşı bir çox işverənlər əməkdaşların əmək haqlarını ləngidirlər. Yayda əmək haqlarının ödənilməsinə görə yığılmış bir aylıq borc 20 faiz təşkil edib. Ona görə əhali alış-verişdə yenidən güclü qənaətə yol verir.

”Romir” araşdırma mərkəzinin məlumatına görə, iyul ayında orta kassa çekinin həcmi 6,50 avro azalıb. Bu son iki ilin ən aşağı göstəricisidir. Bunun səbəbi qiymətlərin aşağı düşməsi ilə bağlı deyil, sadəcə olaraq insanlar daha az pul xərcləyirlər.

Digər tərəfdən rusiyalılar çox şeyləri kredit vasitəsilə alırlar. Bu il əhali arasında kreditlərin sayı keçən illə müqayisədə 20 faiz yüksəlib. İpotekadan başqa böyük sayda bağlanılmamış istehlak kreditləri də var. Rusiyalıların kreditlərinin həcmi onların gəlirlərinin demək olar ki, dörddə birini təşkil edir. Bu, 2014-cü ildəki böhran səviyyəsindədir. Analitiklər kredit köpüyünün meydana gəlməsi təhlükəsi barəsində danışırlar. İlk əlamətlər artıq var: bu il 5,6 milyon rusiyalı məhkəmə çəkişmələri ilə üzləşib ki, bu da keçən ilə görə bir milyon nəfər çoxdur. Onların ümumi borcu 26,3 milyard avrodur.

”Ekspert” reytinq agentliyi yeni bank böhranı təhlükəsi xəbərdarlığını edir. Analitiklər hesab edirlər ki, ən geci 2020-ci ildə əhaliyə istehlak kreditlərinin verilməsi banklar üçün iqtisadi cəhətdən faydalı olmayacaq.

Sənaye istehsalı da öz yerində saydığından Rusiya iqtisadiyyatını sabit vəziyyətdə yalnız yüksək neft qiyməti saxlayır. Hasilatın artırılması ilə əlaqədar OPEK+ sövdələşməsinə Rusiya neft-qaz sənayesi qazma qurğularının və ixrac kəmərlərinin aktivləşdirilməsi ilə reaksiya verib. Moskva indiki konyukturadan istifadə etmək istəyir. Çox böyük ehtimalla Amerikan sanksiyalarının sərtləşdirilməsi Kremlə əlavə problemlər gətirəcək. İyul ayında Donald Trampın Vladimir Putinlə keçirdiyi görüşdə Moskva ilə əlaqələri yaxşılaşdıracağı barədə verdiyi vəd özünü doğrultmadı.

Avqustun əvvəlində Vaşinqton Moskvaya qarşı yeni sanksiyaların tətbiq olunmasını elan edib. Amerika hökuməti bu sanksiyaların səbəbini keçmiş Rusiya casusu Skripalın zəhərlənməsi ilə izah edir. ABŞ, detalları açıqlamaq istəməyib.

Rusiyanın “Aeroflot” aviaşirkətinin ABŞ-a uçuşlarının qadağan edilməsi barədə söhbətlər gedir. Bununla yanaşı diqqət mərkəzində Trampın aktiv şəkildə tənqid etdiyi “Şimal axını-2” qaz kəməri də var. Əgər ABŞ Rusiya layihəsinin investisiyasına cərimə tədbirləri tətbiq etsə, onda kreditorlar qismində çıxış edən avropalı əməkdaşlar layihədən çıxa bilərlər. Belə olan halda Rusiya iqtisadiyyatı daha böyük təzyiq altında qalar.

(“Handelsblatt”-Almaniya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar