İlham Əliyev Şamaxıda yeni məktəb binasının açılışında iştirak edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.

“Report” xəbər verir ki, dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyeva məlumat verdi ki, Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab verməməklə yanaşı, tədris üçün yarasız vəziyyətdə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2016-ci ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istismara hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir idman qurğuları quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompyuter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar