İlham Əliyev Şamaxı və İsmayıllıda səfərdə - FOTOLAR

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfər edib. AzərTAc bildirir ki, Prezident ümummilli lider Heydər Əliyevin Şamaxı rayonunda ucaldılan abidəsini ziyarət edib və önünə gül dəstəsi qoydu.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Məlumat verildi ki, ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda son vaxtlar yenidənqurma və abadlıq işləri aparılıb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak etdilər.

Dövlətimizin başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən sonra heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab vermirdi və tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2016-cı ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istifadəyə hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri yaradılıb. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.

Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna nail olub.

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında da iştirak ediblər.

**

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna da səfər edib. Dövlətimizin başçısı burada da xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov abidənin ətrafında, o cümlədən rayonda görülən abadlıq işləri, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.

Prezidenti İlham Əliyev və xanımı İsmayıllı rayonuna səfər çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun, Keyvəndi kəndinin ərazisində istifadəyə verilən “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının, yenidən qurulan 110/35/10 kilovoltluq 2x16 MVA gücə malik “İsmayıllı” yarımstansiyasının açılışında və  Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra istifadəyə verilməsi tədbirində də da iştirak ediblər.

 

 

 

 

635x100

Şərhlər

Vətəndaş 2018-08-25 22:22:34

Prezident İlham Əliyevin hər bir xeyirxah təşəbbüsü təqdirə layiqdir.Amma məmurlar prezidentin hər bir r/na gedişi zamanı minlərlə insana əzab və zülm gətirir.Dünən İsmayıllı r/n-nun düz mərkəzində ailə üzvlərim(yaşlı,xəstə həyat yoldaşım,3 yaşlı nəvəm və digərləri-4 nəfər)mindiyi avtomobil və diğər maşın karvanı şəhərin mərkəzində 4 saata yaxın üzü Oğuz -Qəbələ istiqamətində tərpənməz vəziyyətdə saxlanılıb.Həmin vaxt prezident hələ Şamaxıda tədbirlərdə idi.Bu qədər olmaz axı. Düzdür prezidenti qorumaq lazımdır.

Şamaxılı 2018-08-25 22:22:34

Bəs Şamaxıda Televiziya,Kondisioner,Avtomobil zavodlarının,Xalça fabrikinin dayanmasından İcra başçısı niyə məlumat verməyib?Axı bu müəssisələrdə işləyənlər illərdir işsizdir.Bununla İcra başçısı maraqlanırmı və Prezidentə məlumat verdimi? Yalanla yaşayırıq.

Son yazılar