"Azərbaycan məktəblərində rus bölmələri ləğv olunsun” -TƏKLİF

Azərbaycanda əvvəllki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyən insanların sayında artım müşahidə edilir. Bəzi valideynlər özləri rusca bir kəlmə olsun belə bilməsələr də, övladlarını rus sektorunda oxumağa məcbur edirlər.

Təhsil eksperti Nadir İsrafilov Modern.az saytına danışarkən deyib ki, ölkəmizdə rus dili xarici dil kimi tədris edilməlidir: “Öncə qeyd edim ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bir vaxtlar “ikinci dilimiz” sayılan rus dilinin xarici dillər qrupuna daxil edilməsi və bu dilin öyrənilməsi üçün tədris planları ilə nəzərdə tutulmuş dərs saatlarının fakultativ məşğələlərlə əvəzlənməsi, bəzi məktəblərdə isə ümumiyyətlə keçilməməsi rus dilinə qarşı ictimai rəyin dəyişməsinə də təsirsiz ötüşmədi.

Fikrimcə, ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək. Rus sektorunu qapatmaq gərəkdir. Dövlət büdcəmizdən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir. Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlət büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır”.

Ekspert qeyd edib ki, xüsusilə paytaxt məktəblərinin rus bölmələrində şagird sıxlığı müşahidə edilir:“"Bakı məktəblərində rus bölməsinə ifrat həvəs yaranıb”, "Bakı məktəblərində Azərbaycan bölməsi bağlanır”, "Təhsil Nazirliyinin nəzarəti altında olan paytaxt məktəblərində Azərbaycan bölməsi tarixə qovuşur” kimi təhlükəli manşetlər, sanki təhsilimizin problemləri azmış kimi, təhsilimizə bir daha yeni əlavə problemlər yaratmaqdan başqa bir şey deyil.

Bakı məktəblərində şagirdlərin 16 faizə yaxını rus bölməsində oxuyur. Birinci siniflərdə isə bu rəqəm 17 faizi keçib. Başqa sözlə desək, birinci siniflərin göstəricisi orta göstəricidən 2%-ə qədər çoxdur. Yəni artım tendensiyası müşahidə olunur. Elit məktəblərdə isə bu göstərici qat-qat yüksəkdir. Respublika üzrə rəqəmlər də təxminən buna uyğundur. Yəni orta göstərici 15%-ə bərabərdir. Rəqəmləri 15 il öncənin göstəriciləri ilə müqayisə etdikdə görəcəyik ki, 90-cı illərdə onların payı ümumi şagird sayında 7% təşkil edirdi”.

635x100

Şərhlər

NURəddin 2018-08-29 20:29:41

Təklif gözəl təklifdir.Amma icrası heç bir halda mümkün deyildir.Adamdakı cəsarətə bax eee.Azərbaycan sektorlarının hamısını bağlamaq mümkündür, amma ölkədə 1-cə rus sektorunu bağlamaq mümkün deyil.....

cəngərlik sakini 2018-08-29 20:29:41

Şükürlər olsun ALLAHA ki,sizdə bir tərpəniş oldu.Yoxsa bütün millət "çuşki"adından xilas olmaq üçün rus bölmələrinə axın edirdi.BƏYƏNİLSİN.

Elçin 2018-08-29 20:29:41

Erməniyə dəstək verən, Qarabağın işğalına dəstək olan, 20 yanvarda xalqımızı qıran, bizə zibil qözü ilə baxan və tarix boyu bizi əzən bir millətin dilində öz övldlarına təhsil vermək arzusunda olan AZƏRBAYCANLILARA ar olsun. ....... Rusya üçün agent hazlrlayan .........

t.ədalət 2018-08-29 20:29:41

Uşaqların rus sektorunda təhsilə meyl göstərməsinə səbəb işə qəbul zamanı gənclərdən sünii surətdə rus dilini bilməsi tələb olunur.Bəzi nazirliklərdə,məs.XİN , Gənclər və idman nazirliyində nazirlər və yaxın ətrafı rusca danışırlar.Bu,yolverilməzdir!Milli dövlətlər təhsilin ana dilində aparılmasına məcburdurlar.Çünki rus dilində təhsil alanların milli dövlətə sədaqəti olmur.

Son yazılar