Fərhad Əhmədovun 600 milyon dollarlıq yaxtasını Tatyanaya verdilər - DUBAYDA HÖKM

Dərc olunub: 30/08/2018 - 22:03

1535635988-346Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədov 600 milyon dollara yaxın dəyəri olan 115 metrlik “Luna” superyaxtasını keçmiş arvadı Tatyana Əhmədovaya uduzub.Virtualaz.org xəbər verir ki, bu barədə “Arabian Business” internet portalı məhkəmə sənədlərinə istinadla yazır.

Xəbərdə deyilir ki, Dubay şəriət məhkəməsi F.Əhmədovun vəkillərinin yaxtaya həbs qoyulması qərarından verdikləri apelyasiyanı rədd edib və London məhkəməsinin yaxtanın müsadirə olunaraq biznesmenin keçmiş arvadına boşanma təzminatı kimi verilməsi barədə hökmünü təsdiqləyib.

Məhkəmə işə ötən həftə sonu baxıb və yaxtanın Tatyanaya verilməsinə dair hökm çıxarıb. Hərçənd F.Əhmədovun vəkilləri bundan əvvəl israr edirdilər ki, London məhkəməsinin qərarına əsasən yaxtaya Dubayda həbs qoyulması qanuni deyildi.

Tatyananın mətbuat katibi “Arabian Business”ə göndərdiyi bəyanatında bildirib: “Biz məhkəmənin ötən bazar günü çıxardığı qərarı qeyd edirik və buna şadıq ki, Dubay məhkəməsi də “Luna” yaxtasına həbs qoyulması barədə hökmü qüvvədə saxlayıb. London məhkəməsinin qərarına uyğun olaraq biz “Luna”nın xanım Əhmədovanın mülkiyyətinə keçirilməsi üçün formal prosedurları təşkil etməkdə davam edirik”.

Tatyananın nümayəndəsi əlavə edib ki, yaxtanın F.Əhmədovun keçmiş arvadının mülkiyyətinə keçirilməsi “ancaq zaman məsələsidir”.

Xəbər verdiyimiz kimi London məhkəməsi 2017-ci ildə F.Əhmədovun Rusiyada qaz şirkətinin satışından əldə etdiyi 1.2 milyard dollarlıq kapitalın yarısının boşanma təzminatı kimi onun keçmiş arvadına ödənilməsi barədə hökm çıxarıb. Lakin biznesmen bu qərarı qanunsuz sayıb və tanımayıb. Bildirib ki, o Tatyanadan hələ 2000-ci illərin əvvəllərində vətəndaşı olduğu Rusiyanın qanunları əsasında rəsmən boşanıb. Və boşanmadan sonra könüllü olaraq hər il keçmiş arvadına milyonlarla dollar xərclik verib, ona Londonda malikanə, avtomobillər ayırıb.

Biznesmen London məhkəməsinin qərarına əsasən keçmiş arvadına “bir sent də verməyəcəyini” elan etmişdi. Daha sonra London məhkəməsi biznesmenin aktivlərinin axtarışına çıxdı və onun Panamada qeydiyyatdan keçmiş ailə investisiya fondunun aktivində olan “Luna” yaxtasının həbsi, Tatyananın xeyrinə boşanma təzminatı kimi müsadirə edilməsi haqda qərar çıxardı.

Həmin qərar əsasında bu ilin fevral ayında Dubayın ingilis yuridiksiyasını tanıyan məhkəmə orqanı DİFC “Port Rashed” limanına texniki baxış üçün yan alan yaxtaya həbs qoydu. Həmin vaxtdan azərbaycanlı biznesmenin vəkilləri yaxtanı həbsdən çıxarmaq üçün mübarizə aparırdı. Bu ilin iyul ayında Dubayın yüksək məhkəmə instansiyası-Birləşmiş Məhkəmə Komissiyası qərar vermişdi ki, London məhkəməsinin qərarı əsasında DİCF məhkəməsinin yaxtaya həbs qoyması bu instansiyanın səlahiyyətində deyil və işə şəriət məhkəməsi baxmalıdır. Çünki məsələ kommersiya mübahisəsi deyil, mülkidir, yəni boşanma məsələsidir.Qərarın ardınca yaxta ekipajının müsadirə edilmiş pasportları qaytarılmışdı və gəmiyə limandan lövbərləri geri çəkib sınaq manevrləri etməyə icazə verilmişdi.

Həmin qərar Tatyananın ciddi uğursuzluğu idi, çünki şəriət məhkəməsinin ərinə xəyanət edən arvadın tərəfini saxlaması real deyildi. Hansı ki, onun ərinə xəyanəti London məhkəməsinin sənədlərində də əksini tapıb. Lakin Tatyananın vəkilləri növbəti mərhələdə işi udublar və belə görünür ki, Əhmədov “Luna” ilə vidalaşmalı olacaq.










loading...


Fikrinizi bildirin