Şəhid olmuş hərbçilərin sayı 9-a yüksəldi, 5 yaralı var - Video (YENİLƏNİR)

Ən yeni xəbərlər yazının yuxarısında yerləşdirilir

Ötən gün düşmənlə atışmada yaralanmış hərbçimiz dünyasını dəyişib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.

***

Şəhid olmuş Azərbaycan hərbçilərinin hamısının adı məlum olub

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb

APA-nın məlumatına görə, düşmənin həmləsini dəf edərkən Azərbaycan Ordusunun adları aşağıda qeyd olunan hərbçiləri şəhid olub:

- Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

- Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

- Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

- Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

- Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

- Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov

- Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

- Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu

Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 5 hərbçisi yaralanıb. Yaralıların adı dəqiqləşdirilir.

 * * * 

Ermənilərin kəşfiyyat-təxribat qruplarının iki istiqamətdə təmas xəttini keçmək cəhdinin qarşısı alınıb, şiddətli atışmadan sonra düşmən bölmələri xeyli itki verərək geri çəkilib

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.

APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, iyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrin giziri, 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar