"GƏLİN ONLARI ÖLDÜRƏK..." -  Trampın anormal davranışları kitab oldu

Trampla bağlı dərc olunan yeni kitabda Ağ Evdə baş verən anormal hadisələrdən bəhs edilir

"AzPolitika.info" Qərb mətbuatına istinadla yazır ki, amerikalı jurnalist Bob Vudvordun Donald Tramp və onun rəhbərliyi dövründə Ağ Evdə baş verənlər barədə yazdığı yeni kitab böyük səs-küyə səbəb olub. İş o yerə çatıb ki, Tramp adminstrasiyası həmin kitabda yazılanlarla bağlı xüsusi açıqlama vermək məcburiyyətində qalıb.

Amerikalı jurnalistin Ağ Evdəki mənbələrə əsaslanaraq yazdıqlarına görə, Trampın dövründə Ağ Evdə işlər xaotik və çox pis təşkil olunmuş durumdadır. "The Guardian" nəşri kitabdan bir neçə nümunə gətirərək, oxucularına təqdim edib.

Məsələn, kitabda deyilir ki, ötən il Tramp şəxsən Bəşər Əsədin qətlə yetirilməsi barədə müdafiə naziri Cim Mettisə əmr veribmiş. Müəllif yazır ki, prezident Suriyada əhaliyə qarşı kimyəvi silah tətbiqindən dərhal sonra Mettisə üz tutaraq, "Gəlin onu öldürək! Gəlin müdaxilə edək. Gəlin orada onların hamısını öldürək!" deyib. Öz növbəsində Mettis bu işlə məşğul olacağını vəd versə də, nəticədə Suriyaya aviazərbələr endirməklə kifayətlənib və bu zərbələr şəxsən Əsədə yönəldilməyib.

Kitabda deyilir ki, ümumiyyətlə ABŞ prezidentinin yüksək rütbəli köməkçiləri onun təhlükəli saydıqları qərarlarını yerinə yetirməkdən yayınırlar və onun bu tip davranışlarını məhdudlaşdırmağa çalışırlar.

Kitabdakı maraqlı məqamlardan biri ABŞ müdafiə nazirinin Trampın milli təhlükəsizlik məsələləri və xarici siyasət sahəsində biliklərinin 5-6-cı sinif şagirdləri səviyyəsində qiymətləndirməsidir. Müəllifin dediyinə görə, nazir bu fikirləri Trampın ABŞ-ın Koreya yarımadasındakı hərbi mövcudluğunu sual altına almasından sonra söyləyib.

Ağ Evdə baş verən anormal hadisələrdən biri kimi isə Trampın iqtisadi məsələlər üzrə sabiq məsləhətçisi Harri Konun onun masası üzərindəki sənədi oğurlaması göstərilir. Həmin sənəd ABŞ-ın Cənubi Koreya ilə azad ticarət zonası barədə razılaşmadan çıxmasını nəzərdə tuturmuş. Köməkçi eyni hərəkəti ABŞ-ın NAFTA(Şimali Amerika Azad Ticarət Zonası)-dan çıxmasını nəzərdə tutan layihə ilə bağlı da edib və sənədi masanın üzərindən çırpışdırıb. Bildirilir ki, hər iki sənəd ABŞ-ın maraqlarına zidd imiş. Ən maraqlısı isə odur ki, 72 yaşlı prezident sənədlərin yoxa çıxmasını ümumiyyətlə hiss etməyib...

Kitabda həmçinin iddia edilir ki, Ağ Evin aparat rəhbəri Con Kelli D.Trampı "axmaq", Ağ Evi isə "ağılsızlar şəhəri" adlandırıb.

Trampın özündən sitat gətirən müəllif prezidentin ədliyyə naziri Ceff Seşnsi "satqın" adlandırdığını deyir. Tramp naziri lağa qoyaraq, "bu oğlan gerizəkalıdır, o, gicbəsər cənubludur..." deyibmiş.

Bütün bunlarla yanaşı, "The Guardian" yazır ki, Ağ Ev kitabda yazılanları işdən qovulan və bununla da incik düşən əməkdaşların uydurmaları olduğunu iddia edib.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar