“BABƏK”də TIXACIN YARANMASININ SƏBƏBİ AÇIQLANDI - "Alternativ hərəkət yolu açıldıqdan sonra tikinti aparılmalı idi"

Uzun müddətdir təmir prosesi gedən paytaxtın Babək prospektində günün pik saatlarında böyük tıxacların yaranmasının, sürücülər və sərnişinlərin əsl cəhənnəm əzabı yaşamasının səbəblərinə həsr etdiyimiz yazıya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən reaksiya verilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov "AzPolitika.info"ya açıqlamasında bildirdi ki, Babək prospektində nəqliyyatın hərəkətinin tənzimlənməsilə bağlı müəyyən problem olsa da, ərazidə yol polisinin xidmət həyata keçirmədiyi fikri doğru deyil: "Orada yol polisi xidmət aparır. Məsələ bundadır ki, Babək prospektinin 10-cu zavod dairəsi kəsişməsindən hərbi hissəyə qədər olan hissəsində hər iki tərəfdə vəziyyət qənaətbəxşdir. Xətlər çəkilməsə də, asvalt döşənib, daşlar vurulub, nisbətən hərəkət mümkündür. Sıxlıq da yaranmır, rahat hərəkət mümkündür. Amma keçmiş "Maşın bazarı" istiqaməti olan hissəsində isə, təmir-tikinti işləri davam edir. Sıxlıq da həmin ərazidə yaşanır. Həmin əraziyə də BŞDYPİ iki "naryad" təyin edib. Siz günün pik saatlarında orada olsanız, həmin "naryadların" ərazidə xidmət etdiyini də görə bilərsiniz".

Vaqif Əsədov bildirdi ki, ərazidə müəyyən müddət tıxacın yaranmasına isə bəzi sürücülərin yol polisinin qanuni tələblərini yerinə yetirməməsi səbəb olur: "Polis əməkdaşımızın "dayan", "gözlə" tapşırıqlarının, digər tərəfə üstünlük verməsinin diqqətsizlikdən və ya bilərəkdən bəzi sürücülər tərəfindən yerinə yetirilməməsi süni sıxlığa, tıxaclara səbəb olur.

vaqif-esedov-vaqif-esedov

İkincisi isə tıxacların olmaması üçün tikintinin özünün də səmərəli təşkili vacib şərtdir. Mən hesab edirəm ki, ilk növbədə həmin ərazidə alternativ hərəkət yolu açıldıqdan sonra təmir-tikinti işlərinin aparılması mümkündür".

Vaqif Əsədovun sözlərinə görə, bu edilmədiyindən həmin ərazidə polisin yol hərəkətini tənzimləmək istiqamətindəki fəaliyyəti real səmərə vermir: "Siz haqlısınız, həqiqətən Babək prospektində sürücülərin hərəkətində süni sıxlıq yaşanır. Ancaq biz də orada xidmət aparırıq. Çox istərdim ki, bunu hamı bilsin."

Vaqif Əsədov bildirdi ki, özü də həmin ərazidə yaşadığından, problemdən xəbərdardır: "Mən özüm də həmin ərazidə yaşayıram. O vəziyyətin real şahidiyəm. Tikintinin aparılmasına müəyyən tələblər var. O tələblərdən biri də alternativ yolu təşkil edib, sonra tikintini həyata keçirməkdir. Ancaq görünür, həmin ərazidə alternativ yol təşkil etməyə şərait imkan vermədiyindən, belə bir vəziyyət yaranıb. Bilirsiniz ki, Ağ Şəhərdə böyük işlər gedir, Ağ Şəhərdən Babək prospektinə çıxış yolları salınır. Ağ Şəhər üçün su, qaz, kommunikasiya xətləri çəkilir. Ərazidə aparılan işlər də bununla bağlıdır. Bu işlər sürətlə gedir və yəqin ki, tezliklə tamamlanar. Ona görə də, sizin sayt vasitəsilə Babək prospekti üzrə hərəkət edən sürücüləri təmkinli olmağa dəvət edirəm. Həmin ərazidə polis əməkdaşlarının göstərişləri üzrə hərəkət etməyi tövsiyə edirik. Unutmayaq ki, bir sürücünün tələsərək birinci olmaq istəyi, sonra da yolun ortasında qalması, nəqliyyatın hərəkətini iflic hala salır".

Sonda Vaqif Əsədov bildirdi ki, Daxili Qoşunlara aid hərbi hissədən "maşın bazarı" adlanan əraziyə qədər qazıntı işləri getdiyindən, sürücülər müvəqqəti olaraq başqa variantlardan istifadə etsinlər: "Çox az bir ərazi qalıb, təxminən bir kilometr. Ancaq işin nə vaxt yekunlaşacağını "Azəravtoyol" deyə bilər".

***

YOL POLİSİ “BABƏK”dən “DİDƏRGİN DÜŞÜB” Daxili Qoşunlara aid hərbi hissə də blokadaya alınıb

Paytaxtın Babək prospektinin uzun illər acınacaqlı vəziyyətdə olan asfalt örtüyü nəhayət ki, dəyişdirilir, yol əsaslı təmir olunur. Lakin Bakının əsas nəqliyyat arteriyalarından biri olan bu yolun əvvəlki vəziyyəti əhaliyə bir əzab verirdisə, təmir dövründə yaşanan durum 10 qat artıq əziyyət çəkdirir. Yəni ki, bu yoldan istifadə edənlər bir bəladan qurtarmamış, ikinci bəlaya düşüblər.

Demək olar hər gün pik saatlarda yolu buradan düşən sürücülər və sərnişinlər əsl cəhənnəm əzabı yaşayır. Prospektə bitişik ərazilərdə yaşayan əhalinin isə sözün əsl mənasında günü qaradır. Təmir gedən ərazidə quraşdırılan yol nişanları o qədər xaotik və bir-birinə ziddir ki, sürücülər çaş-baş qalır, qarşı yola daxil olur, əks istiqamətdə hərəkət edir, qəza şəraiti yaradır və sair. Və bütün bu dərəbəylik nəticədə böyük tıxaca səbəb olur.

Xüsusilə prospektin Daxili Qoşunlara aid N saylı Hərbi Hissəsinin qarşısındakı yol ayrıcında baş verənlər 70-ci illərin Hindistanındakı nəqliyyat axınını xatırladır -anlamaq olmur kim haradan gəlib, hara getmək istəyir, nə işıqofor tanıyan var, nə yol nişanı. Nəticədə elə qaydalara riayət etməyənlər də daxil olmaqla, yolu buradan keçən hər kəs əziyyət çəkir, saatlarla tıxacda qalır.

Ancaq görünür, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindəkilərdən heç kimin buradan yolu düşmür. Ya da kimsə bu idarənin başındakıları və ümumilikdə Yol Patrul Xidmətini bu prospektdən "didərgin salıb". Yoxsa hər gün təkrarlanan bu biyabırçılığa başqa ad vermək olmur. Hansı ki, Daxili Qoşunlara aid hərbi hissənin qarşısında bircə yol patrul avtomobilinin xidmət aparması kifayət edər ki, belə dəhşətli tıxac yaranmasın. Bəli, sadəcə bir YPX maşını...

Ancaq dəfələrlə qeyd etdiyimiz kimi, bizim YPX-nin adındakı "X" hərfi artıqdır, çünki çox vaxt bu qurumun fəaliyyətində "xidmət" anlayışından əsər-əlamət olmur! Tıxac olan ərazidə bircə dənə YPX avtomobili görməzsiniz, oradan 300-500 metr məsafədə isə qoşa-qoşa gəzirlər, göstərdikləri "xidmət" də təbii olaraq nə yolla olursa-olsun cərimə yazmaqdan və gecələr "içkili ovuna" çıxmaqdan ibarətdir, vəssalam!

Yaxşı, bizim yol polisinin adi sürücülərə, sərnişinlərə qarşı saymazyana, bəzənsə hətta yekəxana davranışına, münasibətinə artıq adət etmişik, onsuz da düzələn deyillər. Ancaq bunu qoyaq bir kənara. Bəs ərazidəki Daxili Qoşunlara aid hərbi hissə? Tıxac yaranan kimi, bu dövlət əhəmiyyətli obyekt əməlli - başlı blokadaya alınır, buraya nə girmək, nə də çıxmaq mümkün olur. Və artıq aylarladır ki, belə də davam edir. Hər hansı fövqəladə durum baş versə, buradakı canlı qüvvə və texnikaya təcili ehtiyac yaransa, onları necə hərəkətə gətirəcəklər, minlərlə avtomobildən ibarət bu tıxacı necə yarmaq olacaq? Yəni BŞDYPİ-də heç olmasa bunun məsuliyyətini dərk edən kimsə yoxdurmu?

Doğrusu, təmir gedə-gedə yolu nəqliyyatın hərəkəti üçün belə yarıtmaz formada açıq saxlamaqdansa, bağlamaq daha yaxşı olardı. Və yəqin ki, şəhərdə nəqliyyatın təhlükəsiz və intizamlı hərəkətinin təşkilinə görə cavabdeh olanların özlərini də hər gün pik saatlarda bu yola salmağa ehtiyac var. Bəlkə onda anlayarlar ki, insanlara belə əziyyət vermək olmaz və həmin ərazidə yaşayanların, bu yoldan istifadə edənlərin onların ünvanına söylədiklərini də öz qulaqları ilə eşidərlər...

CƏLAL

AzPolitika.info

635x100

Şərhlər

turk 2018-09-08 13:22:38

səhərin xətaivə əksər rayonlarindaki hundurmərəbəli binalarda yanxin və digər bədbəxt hadisələr bas verərsə həmin binalarin arxasina və yan tərəfinə fovqaladə halar nazirliyinin əmkdaslari və texnikasi necə kecib hadisəyə mudaxilə edəcə? ay səər merinin yeni rəhbərliyi bini niyə dusunmursuz. Butun Baki səhəri təhlukədədir....Hacibala və səhərin butun icra hakimiyəti bascilarinin tamahi və vəzifə cinayətləri ucbatindan. Pasinyandan danisirsiz bəs bu qədər problemdən danisan olacaqmi ya?

Redaktor 2018-09-08 13:22:38

Tekce baki samaxi yolunda 50 eded radarla yanasi 20 eded yol polis masini var. Hereketin tehlukesizliyini yox suruculere suni problem yaratmaq ucun. Emekdasimizdan bu yolaxidmet eden guya ki de yol polisi 07 sentyabr tarixinde samaxi rayon erazisinde hec bir sebeb olmadan 50 manat rusvet alib. Sorusursuz ki xeyir ola yurnalist yol polisine ne sebebe esasiz 50 manat pul verib. Bunu qoy dyp rehberliyi aydinlasdirsin. Resmi muraciet esasinda.

Redaktor 2018-09-08 13:22:38

Eslinde bu erazi yol yasilasmanindi ama burda 100 nefer fehle islemeli olsa da 10 fehle bele islemediyinden berbad veziyetdedir. Bini sahe reisi elsen muradov deyir

G.M 2018-09-08 13:22:38

Vaqif mallım ,YPX - KPX -dir...Kollarda patrul xidməti.Özü də son vaxtlar əməkdaşlarınız kolluqlarda,zibil yeşiklərinin içində,padvallarda xidmət keçir.Ancaq onlarda günah axtarmaq fikirindən uzağam..``Planları`` çox ağır şərtləri bu yollarla ``yola verirlər` Babək praspektində bu şeylər mümkün deyil......

G.M 2018-09-08 13:22:38

Yol Polislərinin hərəkətin tənzimlənməsiylə nə əlaqəsi var ki..onlar Restoranların həndavərindəki kolluqlarda,Navastroykaların zirzəmilərindəki dayanacaqların zibilxana yeşiklərinin içində ayıq sürücülərlə pul qazanırlar.

Son yazılar