«Yüksəklik bizdə idi, briqada komandiri bizi ordan zorla düşürdü»

"Demək olar ki, hər gün saatlarla bizim kəndimiz atəşə tutulur, camaat çölə-bayıra çıxma bilmir». Azərbaycanın Ermənistanla həmsərhəd Tovuz rayonunun Koxanəbi kəndinin sakini, keçmiş polis əməkdaşı Ələsgər Məmmədov AzadliqRadiosuna müsahibəsində son günlər üzləşdikləri vəziyyəti belə təsvir edir.

- İyulun 30-da kəndə Ermənistan ordusunun kəşfiyyatçısı keçmişdi, həyəcan siqnalı verilmişdi, bütün ordu və kənd sakinləri ayağa qalxmışdı. Amma heç kimi tapa bilmədilər.

- Kəndinizin atəşə tutulması nə vaxtdan başlayıb?

- Çoxdan belədir. Amma haradasa 20 gün olar ki, kəndimiz hər gün atəşə tutulur. Burda bir dənə də olsun salamat ev yoxdur, hamısının dam örtüyü, divarları deşik-deşikdir. Camaat evindən bulağa su gətirməyə gedəndə, gözü erməni postunda qalır, qaça-qaça gedib-gəlir. Ermənistan əsgərlərinin postuna ən yaxın bizim kənddir. Ona görə hər gün saatlarla kəndi atəşə tuturlar.

- Kəndə atəş açılan postları, səngərləri aydın görmək olurmu?

- Əlbəttə, Ermənistan ordusunun postu bizdən hava yolu ilə 400-500 metr məsafə ola, ya olmaya. Mən evimizdən çıxanda piyada 10 dəqiqəyə həmin postlara çatırdım. Hazırda Koxanəbinin atəşə tutulduğu 3 səngəri vaxtilə biz qazmışıq. Mən polis olmuşam, o vaxtlar beş polis hərbçilərlə birgə həmin postlarda dururduq. Evdən ora hər gün piyada qalxırdım.

- Bəs necə oldu ki, həmin postlar Ermənistan ordusunun əlinə keçdi?

- Haradasa 1992-93-cü illərdə. O vaxt bizim briqada komandirimiz var idi - Murad Əliyev. O, zorla bizi həmin postlardan aşağı düşürdü. Dedi kəndinizdə komandir işləmək istəyən adam var, mən silah-sursat verərəm, qoy, o kənd camaatını başına yığıb kəndi qorusun. Ondan sonra biz yüksəklikdəki postu tərk etdik.

- Ondan sonra kəndi atəşə tutmağa başladılar?

- Bəli, bir-neçə gün sonra həmin səngərlərdə bir Ermənistan əsgəri gördük, daha sonra yavaş-yavaş artmağa başladılar. Təsəvvür edirsiniz, iki il əvvəl Ermənistan ordusu vaxtilə bizim dayandığımız səngərlərdə, mənim dayımın ot biçdiyi yerdə açıq-aşkar, heç nədən çəkinmədən gecə-gündüz betondan istehkamlar qurmağa başladı. Ora işıq çəkmişdilər, qaynaq aparatı gətirmişdilər. İşləri ağpaltarlı fəhlələr görürdü. Hətta deyirdilər ki, guya işləyən ağpaltarlılar azərbaycanlı əsirlərdir. İndi həmin yerdən kəndimizi hər gün atəşə tuturlar. Həmin vaxt kənd camaatı komandirə yalvardı ki, heç olmasa, həmin istiqamətə bir-iki güllə atın ki, onlar orda açıq-aşkar iş görə bilməsinlər. Komandir camaata qulaq asmadı, Ermənistan əsgərləri də rahat orda iş apardı. Həmin səngərlər kənddən 500-600 metr yüksəklikdədir. Hansı ki, vaxtilə həmin səngərin ikisini mən özüm qazmışam.

- O, postlardan kəndinizə güllə atanları görə bilirsinizmi?

- Orda 20-yə yaxın əsgər və mülki adamlar dayanır. Həmin adamlar səngərdə hər gün görünmürlər. Həftədə iki-üç dəfə görünürlər və onda da dayanmadan atəş açırlar. Kəndi atəşə tutanlar daha çox mülki adamlardır. Ermənistan əsgərlərini hərdən görürük, onlar mülki adamlar kimi o qədər də fəal deyillər.

- Həmin ərazidə Azərbaycan ordusunun əsgərləri və postları yoxdur?

- Onların sağında da, solunda da Azərbaycan əsgərləri var. Bizim postlardan həmin səngərlərin içərisi və Ermənistan kəndləri aydın görünür.

- Onda niyə kəndinizi atəş altında saxlayan həmin nöqtələrə müdaxilə olunmur?

- Bilmirəm. Onu deyim ki, ötən il «Qızıl Aypara»dan nümayəndələr Ermənistan tərəfi ilə görüşmək üçün həmin postlara qalxmışdılar. Bizdən briqada komandiri də orda idi. Ermənistan hərbçiləri ora gəlmədilər, dedilər o postlar Azərbaycan əsgərlərinindir. Belə idisə, niyə elə həmin an Azərbaycan əsgərlərini o postlara qaldırıb həmin səngərləri götürmədilər. Ermənistan hərbçiləri demir post onların deyil, onda bizimkilər niyə o səngərləri tutmadılar, aydın deyil.

- Deyirsiniz, həmin postlardan Azərbaycan kəndləri hər gün atəşə tutulur. Onlara Azərbaycan ordusu cavab verirmi?

- Son günlər cavab verilir. Ermənistan ordusunun əsgərləri atəş açmağa başlayan kimi bizimkilər cavab atəşi açır və onunla da onlar atəşi dayandırırlar. Ermənistan əsgərləri əsasən günortadan sonra kəndi atəşə tutur və haradasa iki saat davam edir. Əsasən iriçaplı silahlardan atəş açılır. Bir dəfə kəndimizə qumbaraatandan atəş açmışdılar. Bu günlərdə Azərbaycan ordusunun postu yandırıldı.

- Güllə altında kənd camaatının əhvalı necədir, necə yaşayırlar, kəndi tərk edənlər varmı?

- Hər gün atəş altında olan kənddə yaşayış necə ola bilər? Kənddə 20-25 ev varsa, onun 15-də yaşayış var, adamlar hara gəldi köçüblər. Rayon mərkəzinə, qonşu kəndlərə köçənlər də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar