KƏRƏM HƏSƏNOVUN TƏKZİB CƏHDİ - "Nə komitəyə, nə sədrinə aidiyyatı var..." 

"Son günlər yerli mətbuatda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı yazılar heç bir həqiqəti əks etdirmir. Komitə mövcud qanunvericiliyə əsasən fəaliyyətini davam etdirir". Bunu "Yeni Müsavat"a açıqlamasında Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya və ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri Qulu Xəlilov deyib.

Qeyd edək ki, söhbət AzPolitika.info-nun silsilə araşdırma yazılarından gedir. İndiyədək 4 hissəsi dərc olunmuş araşdırmada Azərbaycanda 1996-cı ildən başlayaraq həyata keçirilən özəlləşdirmə prosesində baş verən fırıldaqlar, cinayətlərlə bağlı sensasiyalı məlumatlar öz əksini tapıb. Bundan başqa, araşdırmada Kərəm Həsənovun vəzifə pillələrində fantastik sıçrayışının sirri açılıb, onun vəzifəsindən sui-istifadə edərək ələ keçirdiyi dövlət əmlakının siyahısı dərc olunub. 

Əmlak Məsələləri Dövlət Komitəsinin informasiya və ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri Qulu Xəlilov isə siyahıda bəhs olunan obyektlərin "müxtəlif fiziki və hüquqi şəxslərin adına" olduğunu deməklə, bu məlumatları təkzib etməyə cəhd edib. "Oradakı obyektlərin nə komitəyə, nə də ki, komitə sədrinə aiddiyyatı var. Bu yazılardakı məlumatlar yalan və əsassız olmaqla yanaşı, komitə sədri Kərəm Həsənovun qanuni fəaliyyətinə ləkə salan bir yazıdır", deyə, komitə rəsmisi əlavə edib.

Qeyd edək ki, araşdırma müəllifi 20-dən artıq obyektin kimlərin adına sənədləşdirildiyi barədə də məlumat verib. Lakin bəllidir ki, bu, Azərbaycanda məmurların istifadə etdiyi klassik metodlardan biridir: obyektlər başqa şəxslərin adına sənədləşdirilir. Heç araşdırma müəllifi də iddia etməyib ki, obyektlərin hüquqi sahibi Kərəm Həsənovdur, çünki söhbət faktiki sahiblikdən gedir.   

Bu baxımdan, hörmətli Qulu Xəlilovun təkzibi başadüşüləndir - durub deməyəcək ki, bəli, bu obyektlər Kərəm Həsənovundur, dövlət talanıb.  Lakin AzPolitika.info öz araşdırmasının arxasındadır, hüquq-mühafizə orqanlarının marağı olarsa, bizim təqdim etdiyimiz siyahıdakı obyektlərin faktiki sahibinin kimliyini 2 gün ərzində dəqiqləşdirmək olar. (Biz də əlimizdə olan materialları təqdim etməyə hazırıq!) Necə ki, vaxtilə Fərhad Əliyevin ələ keçirdiyi obyektlərin siyahısını qısa müddət ərzində müəyyənləşdirə bilmişdilər.

Qeyd edək ki, çox mötəbər mənbələrə və sənədlərə əsaslanan araşdırmanın növbəti hissəsi saytımızın sabahkı - 2 avqust buraxılışında dərc olunacaq. 

AZƏRBAYCANDA ƏMLAK TALANININ ASTAR ÜZÜNÜ GÖRMƏK İSTƏYİRSİNİZSƏ, BİZİ İ İZLƏYİN!

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar