Banka basqın edən şəxsin şikayəti rədd edildi

Dərc olunub: 13/09/2018 - 15:14

bank_albom_260915Bakı Apellyasiya Məhkəməsində banka basqın etməkdə təqsirləndirilərək həbs olunan 1967-ci il təvəllüdlü Nazim Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə bu il yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanı tutaraq mətbəx bıçağını boğaz nahiyəsinə dirəyib xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin vaxt kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.


loading...




Fikrinizi bildirin