Ayda 300 min manat büdcədən yayınır? - BŞİH əməkdaşları sürücülərdən qanunsuz pul yığır

Dərc olunub: 13/09/2018 - 15:06

1536834132_ppp
Bu il aprelin 2-sində Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmana görə, “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
 Nizamnaməyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Bakı Nəqliyyat Agentliyin idarəetməsinə verilməsi iki ay müddətində təmin edilməli və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görülməli idi. Lakin Artıq o müddət başa çatsa da, parkomatlara nəzarət hələ də Bakı Şəhər İcra Hakimiyyətindədir.
 Son günlər isə parkomatlarla bağlı daha bir problem ortaya çıxıb. Belə ki, BİH əməkdaşları əllərində aparatla sürücülərə yaxınlaşaraq qəbz verir və onlardan vəsait ödəmələrini tələb edirlər. Əks halda isə cərimə yazacaqlarını bildirirlər. Bu isə haqlı olaraq sürücülər arasında narazılığa səbəb olur.
Ekspertlərlə problem, onun həlli yolları və alternativ varinatlardan danışdıq:
Yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Sfera.az-a açıqlamasında məsələnin hüquqi tərəfi haqda danışıb:  “Hazırda parkomatların idarəsi və nəzarəti Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Bu ilin aprelində Prezident parkomatlara nəzarətin BİH-dən Bakı Nəqliyyat Agentliyinə verilməsi ilə bağlı fərman imzaladı. Bunun üçün iki ay müddət ayrılsa da, hələ ki, parkomatlara nəzarət BNA-ya təhvil verilməyib. Artıq təhvil verilmək üçün nəzərdə tutulan müddət bitib”.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə saytımıza açıqlamasında BİH əməkdaşlarının qanun pozuntularından, sürücülərlə sərt davranışlarından danışıb:  “Ölkə prezidenti İlham Əliyevin imzaladığı fərmanla Bakı şəhəri ərazisində  dayanma-durma və parklanma qaydalarının təşkili və nəzarəti Bakı Nəqliyyat Agentliyinə həvalə edildi. Bu sərəncama əsasən nə yol polisi, nə də ki, BİH əməkdaşları dayanma-durma qaydasının pozulmasına görə sürücülərə cərimə yaza, bu cür ərazilərdə dayanaraq pul yığıla bilər. BİH əməkdaşlarının parkinqlərdən pul yığması qanunsuzdur. Lakin təəssüflər olsun ki, bu gün BİH əməkdaşları hətta buna görə sürücüləri hədələyir, şantaj edirlər. Əllərindəki aparatla qəbz yazıb hədə-qorxu gəlirlər ki, ödəniş etməsəniz, sizə cərimə yazacağıq. Saatına bir manatdan cərimə hesablayırlar. Düşünürəm ki, hüquq-mühafizə orqanları bu məsələ ilə əlaqədar olaraq bir addım atmalıdır. Söhbət gün ərzində yığılan neçə min manatdan gedir. Gün ərzində bu yolla təxminən 10 min manatadək pul yığılır. Bu isə aylıq təxminən 300 min manat puldu. Bu pulun hara və kimin cibinə axdığını araşdırmaq lazımdır. Hər əyninə jilet geyib əlinə taxta parçası alan dayanacaqlarda pul yığmamalıdır. Bu səlahiyyət artıq Bakı Nəqliyyat Agentliyinə verilib. Bakı Nəqliyyat Agentliyi yeni sistem qurmağa çalışır və bununla bağlı açıqlama verməyə hazırlaşır”.
Ekspert tələb edilən pulun da həddən artıq yüksək olduğunu düşünür: “Gün ərzində elə olur ki, 10 yerdə avtomobil saxlamalı oluruq. Hər dayanacağa 1 manatdan versək, gün ərzində təxminən 10 manatı dayanacağa vermiş olarıq. Bunun  bir həddi olmalıdır. Bu məsələyə ciddi nəzarət edilməlidir. Düşünürəm ki, BNA sürücüləri nəzərə alacaq, 1 manat çox yüksəkdir. Simvolik rəqəm olmalıdır ki, insnalar bunu ödəyə bilsin”.
Ekspert parklanma qiymətlərinin ərazilərə görə müəyyən edilməsini təklif edir: “Bəzi ərazilər var ki, orada sürücülər az qala avtomobillərini restoranın qapısından içəri salsınlar. “İçərişəhər” metrostansiyası və bu kimi ərazilərdə bu cür halları daha çox müşahidə edə bilərik. Yalnız şəhərin bahalı hesab edilən belə ərazilərində qiymətin fərqli, daha yüksək olmasını təklif edirəm. Belə yerlərdə parkinq qiymətləri 2 manat olsa, daha yaxşı olar. Bu addımla həmin ərazilərdəki sıxlığı da aradan qaldırmaq mümkün olacaq. Elə ərazilər var ki, sıxlıq olduğundan həmin yerlərdə gəzmək mümkün deyil”.
İqtisadçı Natiq Cəfərli isə parkomatlara və nəzarətçilərə vəsaitin xərclənməsindənsə, telefonlara xüsusi proqramların yüklənməsini təklif edir: “Azərbaycanda həm aparat quraşdırılır, həm də yanına nəzarətçi qoyulur. Biri varsa, digərinə nə ehtiyac? Bunun üçün əlavə vəsait xərcləməyə gərək yoxdur. Dünyada parkomatlar artıq tarixə qovuşur. Mobil telefonlarda yüklənən xüsusi proqramlar parkomatların funksiyasını icra edir. Avtomobili saxladıqdan yenidən tərpənənədək proqram işlək olur. Bu zaman mesaj formasında nə qədər vəsaitin ödənilməsi haqda bildiriş göndərilir. Sürücülərin bank, təqaüd kartları ilə bir neçə gün ərzində bu pulu ödəmək imkanları olur. Bundan əlavə, nəzarətçilərin olması elə bir düşüncə formalaşdırır ki, sanki nəzarət olmasa, vətəndaş ödəniş etməyəcək”.
N.Cəfərli bir çox xarici ölkələrdə olan bu təcrübənin ölkəmizdə tətbiqi üçün pilot layihənin keçirilməsinə gərək olduğunu deyib: “Düşünürəm ki, bu işi istənilən İT şirkətə həvalə etməklə bir pilot bölgə yaratmaq olar. Həmin rayonun ərazisində isə proqramın necə işlədiyini sınaqdan keçirmək olar. Bu proqramın əsas üstünlüyü əlavə xərc, insan resursu və buna görə də maaş tələb etməməsidir”.
N.Cəfərli bu problemin həllində şəffalıq amilinin mühüm olduğunu vurğulayıb: “Azərbaycanda parkomatların idarəsindən yığılan pulların hara axmasınadək bir çox suallar var. BİH dövlət büdcəsindən ən çox vəsait və datasiya alan qurumlardan biridir. Lakin təəssüflər olsun ki, bu neçə illər ərzində BİH tərəfindən yığılan pullarla bağlı hansısa hesabatın verildiyini görməmişik. Şəffaflıq qorunmalıdır və insanlar ödədikləri vəsaitin hara axdığını bilməlidir”.

 


loading...




Fikrinizi bildirin