Şirkətdən 1 milyon manat oğurlayanı girov götürənlərin şikayətinə baxılıb

Apellyasiya Məhkəməsində adam oğurluğunda təqsirli bilinərək həbs olunan Zamiq Xasıyev, Aqil Şəmiyev və Ruslan Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Trend-in məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Zamiq Xasıyevə aid hissədə dəyişdirilərək onun cəzası 12 ildən 10 ilə endirilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Əliyev 14 il 6 ay, Zamiq Xasıyev və Aqil Şəmiyev hər biri 12 il müddətinə olmaqla, azadlıqdan məhrum ediliblər.

İttihama görə, Abşeron rayon Qobu qəsəbə sakini, 28 yaşlı Ramil İmaməliyev əvvəllər işlədiyi “Karat MMC”-dən oğurluq etmək üçün ofisin binasına gəlib dam örtüyünü sökərək, içəri daxil olub.

R.İmaməliyev ofisdəki seyfin qapısını sındıraraq bir milyon manat pulu idman çantasına doldurub və aradan çıxıb. Oğurluq pulları Qobu qəsəbəsində yaşadığı evə gətirən R.İmaməliyev bu barədə qardaşı Ramiz İmaməliyev və anası Ceyran İmaməliyevaya məlumat verib. Onlar pulun əsas hissəsini evin müxtəlif yerlərində gizlədiblər.

R.İmaməliyev isə pulun bir hissəsini özü ilə götürərək “İnfiniti” markalı, 90 HZ 200 dövlət nömrə nişanlı avtomobil alıb.

Saxlanılarkən maşının yük yerindən beş min manat, Qobu qəsəbəsindəki evdən isə 31 min 338 manat pul aşkarlanaraq götürülüb.

Ramil İmaməliyevin oğurladığı pulların, demək olar ki, yarısını bir qrup şəxs hədə-qorxu gələrək onun əlindən zorla alıb. Onlar özlərini polis əməkdaşı kimi təqdim ediblər.

Əməliyyat-axtarış tədbirlərini davam etdirən polis əməkdaşları bu cinayətdə şübhəli bilinən dörd nəfəri - Kürdəmir rayon sakini, 35 yaşlı Aqil Şəmiyev, Qobustan rayon sakini 31 yaşlı Zamiq Xasıyev, Beyləqan rayon sakinləri 30 yaşlı Röyal Qədirovla 32 yaşlı Ruslan Əliyevi də saxlayıb.

Araşdırmalarla müəyyən edilib ki, R.İmaməliyevin son zamanlar bahalı avtomobil sürməsi və varlanması onu tanıyan Aqil Şəmiyev və dostlarını şübhələndirib.

Onlar Ramili izləyərək Bakı şəhərində yerləşən restoranlardan birinin qarşısında başına torba keçirib, zorla avtomobilə oturdublar. Onlar özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək R.İmaməliyevin 450 min manatını tələb ediblər.

Ramil İmaməliyev onu girov saxlayan şəxslərin əlindən yaxa qurtarmaq üçün anası Ceyran İmaməliyevaya zəng edərək evdəki puldan 400 min manatı göndərməyi tapşırıb. Ceyran İmaməliyeva isə pulu kiçik oğlu Ramizə verib və qardaşının dediyi yerə göndərib.

R.İmaməliyevdən 450 min manat alındıqdan sonra buraxılıb. Əldə olunan pulu “saxta polislər” bölüşdürüblər.

Əməliyyat-istintaq tədbirləri zamanı pulun 20 min manatı Zamiq Xasıyevlə Aqil Şəmiyevdən, 98 min manatı isə Ruslan Əliyevdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Eləcə də, İmaməliyevlərin evində axtarış aparılarkən hissələrə ayrılaraq müxtəlif yerlərdə gizlədilmiş 6600 manat və 800 ABŞ dolları tapılıb.

Ramiz həbs olunmamışdan bir neçə gün əvvəl Ramilə və anasına zəng edib. O, oğurluq pulların 200 min manatını qəbiristanlıqda gizlətməyi tapşırıb. R.İmaməliyev həmin pulu sellofan torbaya bükərək nənəsinin Qobu qəsəbə qəbiristanlığındakı qəbrinin yanında basdırıb.

Polis əməkdaşları deyilən əraziyə baxış keçirərkən 190 800 manat pulu taparaq istintaqa təhvil verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar