BAKIDA MÖHTƏŞƏM PARAD KEÇİRİLDİ - FOTOLAR + VİDEO

Bu gün Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan parad keçirilib. Azadlıq meydanında keçirilən paradda  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda iştirak edirlər. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə prezidentlərinə raport verib.

Dövlət başçıları əsgərləri salamlayıb. Hərbi orkestr Türkiyənin və Azərbaycanın dövlət himnlərini ifa edib.

“Çırpınırdın Qara dəniz” və “Azərbaycan” mahnıları səsləndirilib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paradda çıxış edib.

Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi başlandı. Qarnizonun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri və xüsusi təyinatlı təhsil müəssisələrini təmsil edən parad heyətləri tribunaya doğru irəliləyib.

Qarşıda Azərbaycan Respublikasının dövlət bayrağı, onun ardınca isə Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları gətirilib.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da bugünkü parada gətirilib.

Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarından, Bakı Qarnizonu zabitlərindən ibarət parad heyəti tribunanın önündən keçiblər.

Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olublar.

Daha sonra Bakı Qarnizonunun birlik, birləşmə və hərbi hissələrinin xüsusi texnikaları və silah sistemlərinin keçidi olub.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilən Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

Azadlıq meydanı üzərindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin döyüş helikopterləri və təyyarələrinin uçuşu olub. Hərbi Hava Qüvvələrinin uçuş nümayişini “Mi-17” tipli iki helikopter açıb. Birinci helikopter Azərbaycan Respublikasının dövlət bayrağını, ikinci helikopter isə Türkiyə Respublikasının dövlət bayrağını aparırıb.

“Su-25” hücum təyyarələri Bakı səmasında Azərbaycan Respublikasının dövlət bayrağının təsvirini yaradıblar. “MİQ-29” təyyarəsi yüksək pilotaj fiqurları nümayiş etdirib.

Sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları”nın uçuşları başlayıb. Türkiyəli şahinlər Azadlıq meydanı üzərində yüksək məharətlərini nümayiş etdiriblər, Azərbaycanın və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəkli çəkiblər.

Bununla da Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad başa çatıb.

Qeyd edək ki, əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu paradı xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə birləşmiş hərbi orkestr müşayiət edib.

Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə Azadlıq meydanında hərbi parad keçirilir.

1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Paradda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edir.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2018-09-15 17:30:17

Dünən Bakı Azadlıq meydanında Azərbaycan çümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən Paradda Azərbaycan və Türküyə Prezidentlərinin çıxışları hər iki ölkənin bir-birinə nə qədər bağlı olduğunu bir daha, bütün dünyanın gözləri önünə sərmiş oldu. Bu qardaşlıq, bu birlik tarixən həp belə olub. Odurki də dost da duşman da bunu böylə bilsin və anlasın ki, artıq bu birliyi bu qardaşlığı heç kimsənin pozmasına gücü yetməz.Türküyə Prezidentinin onca siyasi sıxıntılarına rəğmən bu paradda yanımızda olması və möhtəşəm çıxışı qürurverici və mütəssiredici idi. İnsan darda olanda, yaralı və köməksiz olanda, köməyinə arxa bildiyi qardaşı, dostu yetəndə ürək atlanar, gözlər dolar. Axar gözlərdən sevinc yaşları. Məhz dünən bu hissi bütün Azərbaycan yaşadı. Sonda Paradda çalınan Mehtər marşı, Türk yıldızlarının uçuşu və Qafqaz İslam Ordusunu təmsil edən bölüyün möhtəşəm marşı, qəlblərə bir ümüd, bir qələbə sevincini gətirdi. İnşallah biz bu qələbəni öz həyatımızda da yaşayacayıq. Tanrı Türküyə və Azərbaycanı qorusun. Birliyini, qardaşlığını qorusun.

t.ədalət 2018-09-15 17:30:17

Belə müqəddəs bir paradın Abdulla Qurbani tərəfindən aparılması doğru deyil...

t.ədalət 2018-09-15 17:30:17

Qardaş və doğma Türkiyənin Prezidenti Sayın R.T.Ərdoğanın Bakının erməni-bolşevik (sovet) işğalından qurtuluş günü ilə əlaqədar Bakıya gəlişi və paradda iştirakı böyük tarixi hadisədir.Yüz il əvvəl olduğu kimi Türkiyə bu gün də bizimlədir və DQ -nin erməni-rus işğalından qurtulması üçün də həmişə bizim yanımızdadır. Allah Türkiyəni daima var eləsin!Allah bizi Rusiyanın növbəti işğalından xilas eləsin!

Son yazılar