Əmlak Komitəsindən Ayaz Mütəllibova cavab – “Bəzi qərəzli şəxslərin təxribatçılıq yaratmaq...”

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) eks-prezident Ayaz Mütəllibovun yaşadığı binada foyenin satılması ilə bağlı iddialara münasibət bildirib. A.Mütəllibov Prezident İlham Əliyevə bir sıra KİV-lərdə dərc olunmuş müraciətində bu barədə söhbət açıb.

ƏMDK-nın mətbuat xidmətindən “AzPolitika”ya daxil olan müraciətində bildirilir ki, son günlər “Haqqın.az” və “Virtualaz.org” saytlarında yer almış “Ayaz Mütəllimov İlham Əliyevə müraciət etdi: Foyemi əlimdən alırlar” başlıqlı yazıda heç bir araşdırma aparmadan, aidiyyəti qurumlarla əlaqə saxlamadan və məsələ ilə bağlı məlumat almadan yanlış və həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapıb. Belə ki, yazıda Bakı şəhəri Qurban Xəlilov 5 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinlərinin ümumi istifadədə olan foyesinin sənədləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi kimi məlumatlar yerləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar hazırlanarkən komitədən heç bir məlumat alınmamış və münasibət öyrənilməmişdir.

Əmlak Məsələləri Dövlət Komitəsi məsələ ilə bağlı aşağıdakıları bildirir: “Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsi 5 ünvanında yerləşən, ümumi sahəsi 9736.6 kv.m olan 16 mərtəbəli bina üzərində “Turanlılar KO” LTD şirkətinin mülkiyyət hüququ qeydiyyata alınaraq, onun adına 26 noyabr 1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.

Binanın 9308 kv.m hissəsi 4 avqust 2000-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında “Turanlılar KO” LTD şirkəti tərəfindən tam xarici investisiyalı “Tapet Oil Gas Co LTD” Məhdud Məsuliyyətli Müəssisəyə satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında “Tapet Oil Gas Co LTD” MMM-nin mülkiyyət hüququ qeydiyyata alınmış və 6 sentyabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir.

Binada yerləşən mənzillər və qeyri-yaşayış sahələri müxtəlif vaxtlarda “Tapet Oil Gas Co LTD” MMM tərəfindən ayrı-ayrı şəxslərə satılmışdır.

Sonradan “Tapet Oil Gas Co LTD” MMM satılmış mənzillər və qeyri-yaşayış sahələri çıxılmaq şərti ilə binanın yerdə qalan hissəsinə öz adına dövlət reyestrindən çıxarışın alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir.

Hüquqi şəxsin həmin müraciətə əlavə etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsi nəzərə alınaraq, binanın ümumi istifadədə olan 144.3 kv.m hissəsi (dəhliz, lift, pilləkən qəfəsi) istisna olmaqla, yerdə qalan 189.8 kv.m üzərində “Tapet Oil Gas Co LTD” MMM-nin mülkiyyət hüququ 4 oktyabr 2016-cı il tarixli, 1116066723 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və texniki pasportla rəsmiləşdirilmişdir.

Qeyd edilməlidir ki, çoxmənzilli binaların ümumi istifadədə olan hissələrinin sənədləşdirilməməsi ilə bağlı məsələ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nəzarətdə saxlanılır”.

Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, qeyd edilən yazılar bəzi qərəzli şəxslərin məqsədyönlü şəkildə komitənin hüquqi fəaliyyətinə kölgə salmaq məqsədini daşıyır. “Belə böhtan xarakterli məqalələr təxribatçılıq yaratmaq, komitənin iş fəaliyyətini pozmaq, komitə haqqında mənfi ictimai rəy yaratmaq məqsədi daşıyır. Qeyd edilməsi vacibdir ki, belə məqalələrdə iddia olunan “faktlar” araşdırılmadan yayılmış və komitənin münasibəti öyrənilməmişdir”.

635x100

Şərhlər

Abdulla Abdullayev 2018-09-15 18:39:22

"komitə haqqında mənfi ictimai rəy yaratmaq..." Buna ehtiyac yoxdur, çünki bu komitə haqqında artıq çoxdan mənfi ictimai rəy yaranmışdır.

Abdulla Abdullayev 2018-09-15 18:39:22

"çoxmənzilli binaların ümumi istifadədə olan hissələrinin sənədləşdirilməməsi ilə bağlı məsələ Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən nəzarətdə saxlanılır” məzmunundan və reallıqda olanlardan belə qənaətə gəlmək olar ki, "komitənin razılığını" almadan belə işlər etmək olmaz.

behruz 2018-09-15 18:39:22

Gorun bu komitenin emekdaslari ne qeder etikadan kenardirlae ki eks-prezident haqqinda nece danisirlar. Eks-prezident de insandi neyise yanlis deye biler...

Son yazılar