Prezident sərəncam imzalayıb – Daxili istehsalın dəstəklənməsi ilə bağlı

Dərc olunub: 19/09/2018 - 18:42

ilham imzaPrezident İlham Əliyev “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb:

ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi;
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi;
ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi;
mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi;
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”;
ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası”.
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin; Sərəncamın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratsın; “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görsün.
Sərəncamla İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin.


loading...




Fikrinizi bildirin