“Oğluma cəza verib ailəsini dağıtmaq məni öldürmək kimidir”- İŞİD-ə qoşulanın atası

Dərc olunub: 19/09/2018 - 18:52

918d59129bb0eb04c7a6a82af3dfc41cİŞİD-in tərkibində döyüşlərdə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “İŞİD” terror qruplaşmasının bir qolu olan “Nüsra cəbhəsi” tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Feyruz Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib.

Təqsirləndirilən Əliverdiyevin anası Simnarə Əliverdiyeva deyib ki, oğlu ona Türkiyəyə “Qızıl aypara” cəmiyyətində işləməyə getdiyini deyib. Onun sözlərinə görə, oğlunun gedişindən sonradan xəbər tutublar: “Getməzdən əvvəl bizə heç nə deməmişdi. Bir həftə sonra zəng gəldi ki, məni axtarmayın, Türkiyədəyəm, qayıdacağam. 18 gün orda qaldı, sonra da qayıtdı. Bizə dedi ki, Suriyadan Türkiyəyə gələn qaçqınlara kömək edib. Oğlumun 4 oğlu var, bizimlə qalır”.

Məhkəmədə Əliverdiyevin atası Dadaş Əliverdiyev də ifadə verib.

O deyib ki, Teyfur onun yeganə oğludur: “Mən maşın aldım, sürməyi Teyfura öyrətmək istədim, amma öyrənə bilmədi. Ona görə də maşını sürməyə ona vermədim. Sürməyi öyrənmədən maşını ona versəydim, bir hadisə olsaydı, mən özümü bağışlaya bilməzdim, mənim üçün ölüm olardı. Amma Teyfur məndən incidi, dedi sənin maşının mənə lazım deyil, özüm maşın alacam. Bir müddət sonra dedi ki, işləməyə Türkiyəyə gedir. Qayıdandan sonra da heç vaxt Suriya adını çəkməyib. Amma sağlam gedib, yaralı gəlmişdi. Orda məşq edən yerdə turnikdən yıxılıb, ayağı əzilmişdi.

Getməzdən əvvəl ibadətlə məşğul olduğu üçün onu danlamışdım, dedi, içməyəcəyəm, çəkməyəcəm, işləyib pulumu qazanıb, düzgün yaşayacağam”.

Ata məhkəmədən oğlunun bağışlanmasını xahiş edib: “Hörmətli hakimlər, hörmətli prokuror, onun 4 oğlu var, sonuncunun 9 yaşı var. Ona cəza verib ailəsini dağıtmaq məni öldürmək kimidir”.

Digər təqsirləndirilən Asim Baxışovun anası İradə Baxışova isş deyib ki, 2012-ci ilin axırında oğlu işləmək üçün Türkiyəyə gedib. O deyib ki, oğlu ilə Türkiyədə olan zaman “Skype”da danışıb: “Bir dəfə dedi Suriya ilə sərhəddəyəm, qaçqınlara kömək edirəm. Bir ay orda qaldı, sonra qayıdıb Moskvaya gəldi”.

Amma məlum olub ki, İ. Baxışova istintaqa ifadəsində oğlunun Türkiyədən Suriyaya keçdiyini deyib. Lakin şahid bunu təkzib edib və ifadəsini rusca verdiyini, müstəntiqin azcanca yazdığını bildirib.

İttihama görə adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gücüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah “Kalaşnikov”dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

Elan olunmuş ittihamla hər üç şəxs özlərini təqsirli bilmədiklərini deyirlər.








loading...


Fikrinizi bildirin