ETİMAD İSMAYILOV İSTANBULDA QƏTLƏ YETİRİLDİ! - Qatili saxlanıldı- FOTO + VİDEO (Yeniləndi)

Dərc olunub: 20/09/2018 - 08:35

etimad-44-e1499428009369Türkiyə mediası azərbaycanlı iş adamı Etimad İsmayılovun İstanbulda silahlı basqın nəticəsində öldürüldüyü xəbərini verir.

Hadisə iş adamının Floryadakı ofisində baş verib. Başından 2, ürəyindən isə 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumu həyata keçirən Gözəl Dəmirov adlı şəxs isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

Böyük təəssüflə bildiririk ki, bu dəhşətli xəbərdə adı keçən Etimad İsmayılov Azərbaycanın sabiq baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur. E.İsmayılov Ədalət Partiyasının sədr müavini idi.

Musavat.com-un məlumatına görə, qatil Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznes işləri var. Dəmirovun “Fənərbaxça” klubunun keçmiş prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.

***

demirov

Etimad İsmayılovun öldürülməsinin səbəbi məlum olub. Türkiyə mediasında yer alan xəbərə görə, Etimad İsmayılov Gözəl Dəmirovla uzun müddətdir ki şərik imiş. Hadisə saat 21:00 radələrində meydana gəlib. İş adamı ofisində güllələnərək qətlə yetirilib.

Məlumatda qeyd edilir ki, Etimad İsmayılov və Gözəl Dəmirov şərikli inşaat və təşkilatçılıq işi ilə məşğul imişlər, aralarında borc məsələsi olub. Hadisədə tərəflər borc məsələsinə görə mübahisə edib. Mübahisə getdikcə böyüyüb və davaya çevrilib. Bu zaman Dəmirov silahını çıxardaraq şərikinə 3 dəfə atəş açıb.

Son məlumata görə, Gözəl Dəmirov gecə saat 01:00 radələrində Beşiktaşda saxlanılıb. Cinayətdə istifadə olunan silah polis tərəfindən götürülüb. Hadisə ilə əlaqədar daha bir nəfər də polis tərəfindən saxlanılıb. Hazırda onlar polis idarəsində dindirilirlər.

***

Ədalət Partiyasındakı məlumatlı mənbələrdən Strateq.az-a bildiriblər ki, qatil Gözəl Dəmirov uzun müddətiymiş Etimad İsmayılovun Floryadakı ofisinə gedib-gəlirmiş. Deyilənə görə, o, Etimad İsmayılova Belarus Respublikasında ən yüksək səviyyədə ciddi əlaqələrinin olduğunu deyərək, ondan birgə iş görmək adı altında külli miqdarda borc pul alıbmış və bu pulu qaytarmadığından, son zamanlar aralarında gərginlik yaranıbmış.

Dəmirovun sentyabrın 19-da, təxminən, saat 21.00 radələrində Etimad İsmayılovun ofisinə silahla gələrək, mübahisə etdiyi və ona başından və ürəyindən 3 güllə vuraraq qaçmağa çalışdığı, ancaq  Beşiktaş ərazisində polis tərəfindən yaxalandığı deyilir. 

Ailəsindən bildiriblər ki, mərhumun nəşi dəfn üçün ya bu gün, ya da sabah Azərbaycana gətiriləcək.

Xatırladaq ki, Etimad İsmayılov 1969-cu ilin 22 iyununda Bakıda anadan olub. Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Uzun müddət Azərbaycanda vəkil işləyib. 2000-ci ildə Ədalət Partiyasının yenidən bərpa olunmasında müstəsna xidmət göstərib, atası İlyas İsmayılova böyük maddi-siyasi dəstək verib. O, həmçinin Ədalət Partiyası sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

Rusiyada biznes fəaliyyəti ilə də məşğul olan Etimad İsmayılov 2008-ci ilin martında Bakıdan Moskvaya qayıdarkən, aeroportda FTX tərəfindən saxlanılaraq, Çelyabinskə aparılıb və Çelyabinsk məhkəməsi onun barəsində 8 illik həbs cəzası kəsib. Ancaq Etimad İsmayılov təqsirsizliyini sübut etmək üçün 3 il inadla mübarizə apararaq, Azərbaycan hakimiyyətinin də köməkliyi ilə, nəhayət,  2011-ci ildə bir daha Rusiyaya buraxılmamaq şərtiylə azalığa çıxmağa müvəffəq oulub.

Həbsdən çıxdıqdan sonra tanınmış telejurnalist Sevil Nuriyeva ilə ailə həyatı quraraq, Türkiyəyə köçüb. Buna baxmayaraq, Azərbaycandakı siyasi fəaliyyətini də dayandırmayıb. Ölkə mətbuatında tez-tez müxtəlif mövzularda, xüsusən də Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutmağımızın gərəkli olduğu haqda müsahibə və açıqlamalarıyla diqqət çəkib.

Atası İlyasın adını daşıyan bir oğlu var.








loading...


Fikrinizi bildirin