ETİMAD İSMAYILOV NİYƏ QƏTLƏ YETİRİLİB? - Qatil peşəkar killer kimi hərəkət edib + VİDEO

Xəbər verdiyimiz kimi, Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov Beşiktaşda polis tərəfindən saxlanılıb.  “Sabah” qəzeti saxlanılan şəxsin sürücüsü ilə küçədə gəzərkən tutulduğu bildirib. Polisin onu cinayətdən 3 saat sonra yaxaladığı bəlli olub.

“Sabah” qətlin necə baş verdiyini də qeyd edib. Belə ki, Gözəl Dəmirov Etimad İsmayılovla axşam saatlarında ikincinin ofisində görüşüb. Birlikdə çay içən Dəmirovla İsmayılov arasında az sonra mübahisə yaşanıb. Mübahisənin borc ucbatından başladığı iddia edilib. Məhz bundan sonra Dəmirovun silahını çıxararaq İsmayılovu qətlə yetirdiyi vurğulanır.

Dəmirov İsmayılovu vurduqdan sonra onun işçilərini silahla təhdid edərək, ofisdən qaçıb.  Axar.az xəbər verir ki, borc və ya pul mübahisəsi ilə bağlı ilkin informasiyalar təzadlıdır. Vaxtilə Azərbaycan DİN-də idarə rəisi olan keçmiş polis polkovniki Gözəl Dəmirovun o zaman baş verən insidentlə bağlı ölkədən Türkiyəyə qaçdığı və orada biznes qurduğu bildirilir. Bəzi məlumatlara görə, G.Dəmirov da normal iş adamlarından sayılıb. Hətta az öncə o, türkiyənin nəhəng iş adamı Yaşar Sönməzin qızının toyunda görüntülənmişdi. Bildirilir ki, Dəmirovun “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımla da biznes əlaqələri var.

Bəzi mənbələr E.İsmayılovla G.Dəmirovun birgə biznesinin (inşaat və təşkilatçılıq) olduğu, ortaqların mübahisəsinin buradan qaynaqlandığını ehtimal edir.

Digər versiyada isə bildirilir ki, G.Dəmirovun işləri son vaxtlar yaxşı getmirmiş və maddi sıxıntı çəkirmiş. Ona görə də azərbaycanlı iş adamlarına dəstək üçün xahiş edibmiş. Etimad İsmayılov bu xahişi geri çevirdiyi üçün mübahisə yaranıb.

Bütün hallarda bilinən odur ki, G.Dəmirov əsəbiləşdiyi üçün tapançaya əl atmayıb, E.İsmayılovu qətlə yetirmək üçün, məhz killer kimi atəş açıb. Belə ki, iki güllə başına vurduqdan sonra 3-cü gülləni ürəyindən atıb.

"AzPolitika.info" onu da əlavə edir ki,  Etimad İsmayılovu qətlə yetirən keçmiş polis rəisi, istefada olan polkovnik Gözəl Dəmirovu tanıyanlar onun heç də "təmiz" iş adamı olmadığını bildirirlər.  Əslən Sabirabad rayonundan olan Gözəl Dəmirov 90 -cı illərin əvvəllərində Suraxanı rayonunda polis rəisi, Su Polisində rəis,  Daxili İşlər Nazirliyində idarə rəisi işləyib.  90-cı ilərin ortalarında Azərbaycanda  törətdiyi bəzi əməllərə görə ölkədən qaçıb, Türkiyədə yaşamağa başlayıb.

Orada biznes quran Gözəl Dəmirovun son vaxtlar işlərinin qaydasında getmədiyi, vəziyyətinin ağırlaşdığı da yayılan məlumatlar sırasındadır. Hətta onun bəzi fırıldaq işlərlə də məşğul olduğu bildirilir. Məsələn, mediada  Dəmirovun adı saxta sənəd hazırlamaqda da  hallanıb.

Ancaq onun  Etimad İsmayılovu qətlə yetiriməsinin səbəbləri hələ qaranlıqdır. Qətlin borc məsələsilə bağlı Gözəl Dəmirovla Etimad İsmayılov arasında mübahisənin böyüyərək davaya çevrilməsinə görə baş verdiyinə dair iddialar səslənsə də, inandırıcı görünmür.  Qatilin mərhumun başına atəş açması, üstəlik bir güllə də ürəyinə vurması onun  iş adamının ofisinə Etimad İsmayılovu öldürmək üçün gəldiyini düşünməyə əsas verir. Bunu özü əvvəlcədən planlaşdırıb, yoxsa sifarişlə edib, istintaq müəyyənləşdirməlidir. Hər halda Türkiyədə iş adamı kimi fəaliyyət göstərən Etimad İsmayılovun sifarişlə qətlə yetirilə biləcəyi versiyası da diqqətdən kənarda qalmamalıdır...

Rasim

AzPolitika.info

 

635x100

Şərhlər

Zaur 2018-09-20 15:51:13

Bu şərəfsiz qatil cəzasını layiqincə almalıdır. Vaxtında Azərbaycandakı əməllərinə görə zərərsizləşdirilsəydi, Azərbaycanın sayılıb seçilən insanlarına belə bir kədər yaşatmazdı. İstənilən halda Allahın qədəridir. Hər birimiz hansısa səbəblə gedəcəyik bu dünyadan. Halına ən çox acıdığım isə, şəxsən tanımasam da, özünə böyük rəğbət bəslədiyim Sevil xanımdır. Onun kədərini təsəvvür etmək belə çətindi. Başda Sevil xanım olmaqla, əzizlərinə və sevənlərinə səbr və möhkəm olmağı arzu edirəm. Allah rəhmət eləsin!

Hacı Nazim 2018-09-20 15:51:13

Allah rəhmət eləsin, qəbri nurla dolsun, məkanı Cənnət olsun! Mərhum Etimadın vaxtsız tökülən günahsız qanı hamı kimi məni də sarsıtdı. Qoy onun qanı yerdə qalmasın. Allah ona əl qaldırmış "gözəl" deyilən o canlıya, qatilə lənət etsin. Adam söz də tapıb deyə bilmir. Gün o gün olsun ki, balaca İLYAS böyüyüb atasının və el ağsaqqalımız olan babasının yerini tutsun,daha yüksəklərə ucalsın və Etimadın ruhu daim şad olsun! Amin!

Son yazılar