Parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir - Prezident də iştirak edir

Bu gün Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. Dövlət başçısı iclasda nitq söyləyir.

AZƏRTAC-n məlumatına görə,  Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar təkcə Azərbaycanın deyil, bütün müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdı.

Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin siyasi, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul etdiyi mütərəqqi qanunvericilik aktları bu dövlətin səmərəli fəaliyyətinə şərait yaradıb. “Şərq aləmində ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətində kişilər və qadınlara bərabər seçki hüququ təsbit edilib. Azərbaycan parlamenti öz fəaliyyətini demokratik prinsiplər əsasında qurmuşdu. Ölkədə mövcud olan bütün siyasi qüvvələr və cərəyanlar, müxtəlif millətlərin nümayəndələri bu qanunvericilik orqanında təmsil olunub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin və siyasi mədəniyyətin inkişafında mühüm rol oynayıb. Bu parlamentin uğurlu fəaliyyəti sübut etdi ki, Azərbaycan xalqı demokratik prinsiplərə əsaslanan milli dövlət qurmağa qadirdir”, - deyə Milli Məclisin sədri vurğulayıb.

Qeyd edək ki, yubiley mərasimində 150 ölkənin parlamentinin nümayəndə heyəti qatılacaq. Tədbirdə Bosniya və Herseqovina, Bolqarıstan, Pakistan, Oman, Türkiyə, Bəhreyn, Küveyt, Qırğızıstan, Cibuti, Səudiyyə Ərəbistanı,  Sudan,  parlament sədrləri səviyyəsində təmsil olunacaq.

Bundan əlavə, təntənəli iclasda Çexiya, Qazaxıstan, Polşa, Vyetnam, Rusiya, İran, Tacikistan, Macarıstan, Monteneqro, Serbiya parlament sədrlərinin müavinləri də iştirak edəcək.

Təntənəli iclasda həmçinin NATO Parlament Assambleyasının, ATƏT Parlament Assambleyasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA), Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA), Avropa Şurası Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA), Avropa Parlamentinin, GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) Parlament Assambleyasının, AVRONEST Parlament Assambleyasının nümayəndələri də iştirak edəcəklər.

Təntənəli iclasda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı hazırlanmış sənədli film qonaqlara nümayiş olunacaq.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

 

Dövlət başçısı bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

 

635x100

Şərhlər

EWDER 2018-09-21 12:34:12

AZERBAYCANA GELEN TURISTLERIN SAYI ARTIR...ELIBOW YOLA SALMAYIN...BIYABIR OLARIQ.ESAS INKIWAFDU EJDER OYL CANI.WIROKO WAQAET AZEBIJAN...

Son yazılar