“Çindən gələn ölüm” Trampı qızışdırıb… – ABŞ-ın siyasəti bütün ölkələrə ziyan vuracaq

Dərc olunub: 21/09/2018 - 17:13

trampkitay-737x375Dünya iqtisadiyyatının inkişafı ilə bağlı bədbin proqnozlar verilir

Məşhur “Fitch” Reytinq Agentliyi dünya iqtisadiyyatının inkişaf tempinin azalacağına dair proqnoz dərc edib. Agentlik 2019-cu ildə dünya iqtisadiyyatında cəmi 3.1 faiz böyümə olacağını bildirir. Hansı ki, cari ildə bu göstərici 3.3 faiz təşkil edir.

“Fitch”in aparıcı mütəxəssislərindən olan Brayn Kulton bildirib ki, ABŞ tərəfindən Çin mallarına yeni yüksək rüsumların tətbiqi Vaşinqtonla Pekin arasında “ticarət müharibəsini” danılmaz reallığa çevirib.O, deyib ki, ABŞ-ın apardığı proteksianist siyasət bütövlükdə dünya iqtisadiyyatına ziyan vuracaq həddə çatıb.

Bununla yanaşı, mütəxəssislər qeyd edir ki, sanksiyalar ABŞ iqtisadiyyatına da mənfi təsir göstərə bilər. Belə ki, hazırda bu superdövlətdə iqtisadiyyatın böyümə tempinin çox cüzi olacağı gözlənildiyi halda, Avrozonada həmin inkişaf maksimal həddə yaxınlaşıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu ilin 24 sentyabr tarixindən etibarən 200 milyard dollarlıq Çin istehsallı malların idxalına 10 faizlik əlavə rüsum tətbiq edilməsinə dair qərar qəbul edib. 2019-cu ilin yanvarından etibarən isə bu rüsum 25 faizə çatdırılacaq. Çin isə ABŞ-ın qərarına cavab olaraq, bu ölkədən idxal olunan 60 milyard dollarlıq məhsula 5-10 faizlik əlavə rüsum tətbiq edilməsinə dair qərar verib.
Ekspertlər hesab edir ki, artıq tam gücü ilə alovlanmaqda olan bu savaşın ilk mərhələsində Tayvan, Malaziya və Qonkonq kimi ölkələr zərər görəcəksə, çox da uzaqda olmayan növbəti mərhələdə artıq Yaponiya, Rusiya, Car, Çili və digər bir çox ölkələrin iqtisadiyyatları ciddi ziyan görəcək.

Qeyd edək ki, hələ seçki kampaniyası dövründə D.Tramp demokratların Çinlə qurduğu iqtisadi münasibətləri tənqid edərək, bu ölkənin apardığı ticarət siyasətini “insanlıq tarixinin ən böyük oğurluğu” adlandırmışdı. Çinin “oğurluq etdiyi” ölkə isə Trampın fikrincə, təbii ki, ABŞ-dır. O, Çini valyuta bazarında manipulyasiyalar etməkdə, ABŞ bazarını saxta mallarla doldurmaqda və ən əsası ABŞ-ın iş yerlərini oğurlamaqda günahlandırırdı.

Təsadüfi deyil ki, Tramp hakimiyyətə gələn kimi, Ağ Evin nəzdində xüsusi ticarət şurası təsis edib. Onun rəhbəri vəzifəsinə isə “Çindən gələn ölüm” adlı kitabın müəllifi, Kaliforniya Universitetinin professoru Piter Navarronu təyin edib. Həmin professor Çinə qarşı ən sərt addımlar atılmasının tərəfdarı kimi tanınır. Sözügedən kitabda P.Navarro Çini ABŞ-a qarşı “iqtisadi müharibə” aparmaqda, Çinin ABŞ-a eksportu artırmaq üçün ixracatçılara subsidiyalar ayırdığı halda, əvəzində ABŞ-dan Çinə mal axınının qarşısını almaq üçün hər yola əl atmaqda günahlandırıb. Nəticədə bu professorun da “səyləri” sayəsində aqressiv siyasət yürüdən Tramp hələ mart ayında öz Tvitter səhifəsində yazmışdı ki, ABŞ ticarət müharibəsindən çox zərər görməyəcək və ondan qalib ayrılacaq.
Bir sözlə, iki nəhəng iqtisadiyyat arasında əsl “ticarət müharibəsi” və ABŞ-ın bir çox ölkələrə qarşı sanksiya isterikası artıq qızışmaqdadır. Bu da ümumilikdə dünya iqtisadiyyatının böyüməsinə mənfi təsir göstərməkdə, ziyan vurmaqdadır. Əsas səbəbkar isə ABŞ-ın hazırki qeyri-adekvat adminstrasiyasıdır…

Cəlal
AzPolitika.info








loading...


Fikrinizi bildirin