YADDAŞIN KƏŞFİ

Etibar ƏLİYEV

Facebook səhifəmdə fiziologiya və tibb sahəsində əsrimizin böyük kəşflərindən biri kimi “yaddaş”ın kəşfini yazmışdım. Dostum Vasib bəy şərhində bu məsələnin bir qədər açıqlanmasını xahiş etmişdi. Mən ixtisasca molekulyar bioloq deyiləm. Ancaq bu statusu 2000-ci ildə Nobel mükafatına layiq görülmüş Erik Kandelin “Yaddaşın axtarışında” kitabı ilə tanışlıqdan sonra yazmışdım. Kitab qəliz elmi dildə yazılmayıb. Kitabın dili o qədər gözəldir ki, Ziqmund Freydin məşhur nəzəriyyəsindən tumuş, molekulyar biologiyanın keçdiyi yol haqqında müfəssəl bilgilər əldə etmək olar. Ancaq bu böyük alimi elmin bu istiqamətinə gətirən hadisə insanın qanını dondurur və bunun bizə də birbaşa aidiyyatı var.

Həmin kitabdan bir parça:

“Yaddaş məni həmişə vəcdə gətirib. Siz məktəbə getdiyiniz birinci günü, ilk görüşünüzü, ilk sevginizi yada salın. Siz bu hadisələri elə-belə yada salmırsınız. Onların baş verdiyi atmosferi: şəkilləri, səsləri və iyi, ətrafdakı insanları, günün vaxtını, danışıqları, emosiyaları və s. sanki hiss edirsiniz. Onlar bizi başqa zaman və məkana cəmlənmiş məhdudiyyətdən xilas edir və bizə tamam başqa ölçülərdə sərbəst hərəkət emək imkanları yaradır.

Zaman boyunca düşüncəmin səyahəti məni oturub bu cümlələri yazdığım zamanı tərk edib 67 il bundan əvvəlki Venada olan evimizə aparır.

Bu gün 1938-ci il, noyabr ayının 7-dir. Ad günümdür. Valideynlərim, çoxdan onlardan xahiş etdiyim məsafədən idarə olunan, batareya ilə işləyən göy maşını mənə hədiyyə ediblər. Artıq 2 gündür ki, mən bu maşını kənardan idarə etməklə kiçik otaqlarımıza, oradan mətbəxə, sonra isə əks istiqamətə gəzdirirəm. Lakin mənim bu sonsuz sevincim çox çəkmədi. İki gündən sonra gecə yarısı qapımızı bərk döyməyə başladılar. Anam qapını açdı. İçəri daxil olmuş iki nəfər özlərini nasistlərin polisi kimi təqdim etdilər və hansısa əşyaları götürüb evi tərk etmək əmrini verdilər. Biz dəyişəklərimizi və tualet əşyalarımızı, böyük qardaşım Lüdviq isə topladığı marka və sikkə kolleksiyasını götürdü. Əşyalarımızı götürdükdən sonra bizi yaşlı bir yəhudinin evinə gətirdilər. Bir neçə gündən sonra bizi evimizə qaytardılar. Buna səbəb, atamın 1-ci Dünya müharibəsində almanlar tərəfdən döyüşməsi faktı oldu. Lakin qayıtdığımız ev, tərk etdiyimiz evə bənzəmirdi. Evi yağmalamışdılar: anamın şubasını, qiymətli əşyaları, mətbəxdəki gümüş dəstləri, atamın pencəklərini və mənim distant idarə etdiyim möcüzəli göy maşınımı aparmışdılar.

Bunları xatırladıqca elə bil ki, həmin evimizdə maşınımı inamla sürürəm, qapımızın bərk döyülməsini, nasistlərin bizi evi tərk etməyimiz barədə əmrini eşidirəm. Yağmalanmış evimizə necə gəlməyimizi, atamaın yoxa çıxması, sonra qyıtması mənim ən güclü uşaqlıq xatirələrimdir.

Sonra Xolokostu yaşayan yəhudilərin bir devizi yadımdan çıxmadı: “Heç zaman unutmamalıyıq!” Mənim elmi işim bu devizin bioloji əsaslarını - beynimizdə baş verən prosesləri yada salmağa vadar etməsini oyrənmək oldu”.

Kandel belə bir sual qoyurdu: Yada salmaq və unutmaq necə baş verir? O, beyini tədqiq etdikcə yaddaşı iki yerə bölür: deklarativ (yəni aydın və parlaq ifadə olunan) və qeyri-deklarativ (qapalı). Bu bölgü Freydin şüur və təhtəlşüur nəzəriyyəsinə tam uyğun gəlir. Deklarativ qabiliyyət yaddaşda şüurlu yaşantı və düşüncəni əks etdirir ki, insan bu xatirələri aydın şəkildə təsvir edə bilir. Qapalı yaddaş qabiliyyəti onda saxlanılan nəsnələrə uyğun gəlir, hansı ki, biz bunları sezməmişik və bunlar haqqında heç nə bilmirik. Kandel Berlin zirzəmisinin iyini bu tip yaddaşa aid edir.

Və bununla da o, “qısamüddətli yaddaş” və “uzunmüddətli yaddaş” anlayışlarını elmi dövriyyəyə gətirdi. Böyük alim CREB zülalını kəşf etdi. Və tapdı ki, bu zülal əsəb hüceyrələri (neyronlar) ilə əlaqəyə girəndə sinaptik (yunanca “əlaqə”) birləşmələrin kəmiyyəti çoxalır. Kandelə görə “qısamüddətli yaddaş” formalaşanda sinapslar daha effektli çalışır. Əksinə “uzunmüddətli yaddaş” sinaptik əlaqələrin sayının çoxalması sayəsində əmələ gəlir . Və CREB zülalı bu sayın çoxalmasında mühüm rol oynayır.

Yeri gəlmişkən, Kandel "qısamüddətli yaddaş"ı dəniz dovşanının beyninin üzərində apardığı 20 illik tədqiqatdan sonra tapmışdır. Bu heyvanın beynində cəmi 20.000 əsəb hüceyrəsi var. Dostları zarafatla deyirmiş ki, Kandel dəniz dovşanı ilə keçirdiyi vaxtı, həyat yoldaşı ilə keçirmir.

Erik Kandel Nobel mükafatına Arvid Karlsson və Pol Qrinqardla birgə layiq görüldü.

635x100

Şərhlər

Tubuxanim 2022-07-21 07:42:22

Çox böyük maraq doğurdu məqalə, bioloq kimi maraqlı məqamları öyrəndim

Məhəməd 2018-09-23 17:49:52

Etibar bəyin butün yazıları maraqlıdır və heyrət döğurur!!!!! Dövrümüzün KAMİL insanıdır!!!!Əla yazıdır!!!!

Son yazılar