Bakı İslam Universiteti bağlandı

Bakı İslam Universiteti bağlanıb.Təhsil eksperti Kamran Əsədov virtualaz.org-a bildirib ki, tələbələrə universitetin bağlanacağı haqda bir həftə əvvəl məlumat verilib. Onları topladıqları ballara uyğun digər universitetlərə köçürəcəklər: “Aldığım məlumata görə, artıq bu il birinci kursa qəbul olan tələbələr köçürülüb”.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə (DİM) də virtualaz.org-a faktı təsdiqləyib və bildirib ki, Nazirlər Kabineti təmsil etdiyi quruma müraciət edərək Bakı İslam Universitetinin 1-ci kurs tələbələrinin digər ali məktəblərə köçürülməsinə köməklik göstərilməsini istəyib.

Onun sözlərinə görə, universitetin 1-ci kursunda 139 tələbə var. Onlar digər ali məktəblərin boş qalan yerlərinə yerləşdiriləcək.

Universitetin Zaqatala şöbəsində oxuyanlar isə sosial şəbəkələrdə narahatlıqlarını bildiriblər. Onların sözlərinə görə, Bakı İslam Universitetinə aşağı balla qəbul mümkün idi, indi əksəriyyət balı az olduğundan digər ali məktəblərə köçürülməyəcəyindən narahatdır.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova da məsələ ilə bağlı KİV-ə açıqlama verib. O, qeyd edib ki, universitetin bağlanması haqqında müvafiq qurumlarla məsələhətləşmələr aparılıb. Bundan sonra bağlanma haqqında qərar verilib: “Builki qəbul dayandırılıb. Səbəb isə İlahiyyat İnstitutunun yaranması və eyni ixtisas üzrə pulsuz təhsilin təşkilidir. Tələbələrin hazırda köçürülmə prosesi gedir”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində olan Bakı İslam Universiteti 1991-ci ildə Bakı İslam Mədrəsəsinin bazası əsasında formalaşmışdı. 2009- cu ildə Təhsil Nazirliyi 5 il müddətinə universitetin fəaliyyətinə xüsusi razılıq vermişdi. Universitetin rektoru Hacı Sabir Həsənli idi

635x100

Şərhlər

ayzek 2018-09-24 17:11:47

İLAHİYYAT İNSTİTUTUNU YƏQİN MÜBARİZ Q. AÇIB Kİ ALLAHŞÜKÜRÜN BAZARI BAĞLANSIN.

Son yazılar