"Railvet" şirkəti ölkəyə təhlükəli dərmanlar gətirir? - "Yüzlərlə heyvanın məhvinə səbəb olub..." + Fotolar

"Railvet" şirkəti Şamaxıda və Ucarda çoxlu sayda iribuynuzlu heyvanı tələf etməkdə ittiham olunur

Ümumilikdə kənd təsərrüfatının və onun vacib sahələrindən olan maldarlığın ölkəmizin ərzaq təhlükəsizliyinin təminatındakı rolunu xüsusi izah etməyə ehtiyac yoxdur. Lakin təəssüf ki, hələ də bu sahəyə cavabdeh olan şəxslər buradakı pərakəndəlik və nəzarətsizliyin qarşısının alınmasında aciz görünürlər. Xüsusilə də baytarlıq və dərman preparatlarına nəzarət məsələsinin lazımi səviyyədə olmadığını redaksiyamıza daxil olan aşağıdakı şikayət məktubu da təsdiqləmiş olur.

Belə ki, Şamaxı rayonu Göylər kənd sakini İsmayılov Aqil Əbilcan oğlu Azərbaycanda baytarlıq preparatlarının idxalı və satışı ilə məşğul olan "Railvet" şirkətini maldarlığa külli miqdarda ziyan vurmaqda ittiham edir.

A.İsmayılov konkret olaraq, "Railvet" firmasının iribuynuzlu heyvanların gənə parazitlərinə qarşı istifadə üçün xaricdən idxal etdiyi "Diacidol" adlı preparatın ona məxsus 13 baş iribuynuzlu heyvanın tələf olmasına səbəb olduğunu bildirir. Şikayətçi qeyd edir ki, sözügedən dərman vasitəsi son iki ildə ölkədə yüzlərlə heyvanın məhvinə səbəb olub: "25 may 2018-ci il tarixdə "Railvet" firmasının gətirdiyi "Diacidol" dərmanını alıb, üzərində qeyd edilən miqdarda su ilə qarşıdırıb, mal-qaramı təlimata uyğun şəkildə yuyundurdum. Bundan bir-neçə dəqiqə sonra 13 baş iribuynuzlu heyvanım tələf oldu. Sonradan öyrəndim ki, "Ralivet" firmasının gətirdiyi həmin dərmandan iki il ərzində Azərbaycanda yüzlərlə iribuynuzlu heyvan tələf olub."

Fermer deyir ki, İordaniya istehsalı olan sözügedən dərman preparatı bundan əvvəl, 2017-ci ilin noyabrında Ucar rayon Bərgüşad kəndində 16 baş iribuynuzlu mal-qaranı tələf edib.

Buna baxmayaraq, dərmanın satışı davam etdirilib və tələfat daha da artıb. Şikayətçinin bildirdiyinə görə, "Railvet"in rəhbərliyi məsuliyyətdən boyun qaçırmaq üçün guya heyvanların ölümünə səbəb kimi fermerlər tərəfindən dərmandan təlimata uyğun formada istifadə olunmadığını göstərir.

Ancaq A.İsmayılov iddia edir ki, bunun yalan olduğu Ucar rayon Baytarlıq Xidmətinin əməkdaşının da iştirakı ilə sübut olunub: "2017-ci ilin noyabr ayında Ucar rayon Bərgüşad kənd sakininə məxsus 16 baş iribuynuzlu mal-qara həmin dərmandan tələf oldu. Bu şəxsin şikayətindən sonra "Railvet" firmasının 3 əməkdaşının və "Diacidol" dərmanını istehsal edən İordaniya şirkətinin Bassan adlı nümayəndəsinin iştirakı ilə Bərgüşad kəndində eksperiment aparıldı. Həmin eksperiment videolentə də alınıb. Eksperiment zamanı "Diacidol" dərmanı ilə yuyulan inək hamının gözü qarşısında tələf oldu. Orada Ucar rayon Baytarlıq Xidmətinin əməkdaşı və digər vəzifəli şəxslər də iştirak ediblər."

Şikayətçi bildirir ki, "Railvet" firmasının sahibi sözügedən videoçəklişin yayılmaması üçün həmin kənd sakininə dəymiş ziyanı oradaca ödəməyə məcbur olub. Lakin sözügedən şirkət A.İsmayılovun tələf olan 13 baş mal-qarasının qarşılığını ödəməkdən imtina edir. Onun müvafiq orqanlara şikayəti isə lazımi şəkildə araşdırılmadığı üçün nəticə vermir. Şikayətçi bildirir ki, yuxarıda qeyd edilən eksperimentin videoçəkilişi var və onu tezliklə mətbuata təqdim edəcək.

Şikayətdə qeyd olunanlarla bağlı şirkət rəhbərliyinin də mövqeyini öyrənməyə çalışdıq. Şirkətin baytarı İlqar Əliyev saytımıza açıqlamasında şikayətdə qeyd olunanların həqiqəti əks etdirmədiyini bildirdi. Onun sözlərinə görə, şikayətçi İsmayılov Aqil Əbilcan oğlu dərmandan düzgün istifadə etmədiyi üçün onun 13 baş iribuynuzlu heyvanı tələf olub: "Bunu onun özü də əvəllər etiraf edirdi. O, əvvəla heyvanlara dərmanı dozadan artıq verib. Bu dərman da güclü təsirə malik olduğundan heyvanların ölümünə səbəb olub. İkincisi də həmin dərmanla mal-qaranı çimizdirdikdən sonra onları uzaq məsafəyə aparıb. Halbuki, "Diacidol" dərmanı ilə yuyulan inəklər müəyyən müddət nəzarət altında saxlanılmalıdı. Onların bir-birinə yaxınlaşmasına, bir-birini yalamasına, hərəkət edərək tərləməsinə imkan verilməməlidir. Ancaq Aqil İsmayılov bu qaydalara əməl etmədiyindən onun heyvanları tələf olub".

İlqar Əliyevin sözlərinə görə, Aqil İsmayılovun şikayətinin həqiqəti əks etdirmədiyini göstərmək üçün onun iştirakı ilə həmin dərmanın başqa mallara da vurulması təklif olunub: "Təlimata görə eksperimenti mal-qaranın tələf olduğu həmin kənddə həyata keçirə bilməzdik. Buna görə də Baytarlıq Xidmətinin əməkdaşıları ilə birgə qonşu kəndlərdən birində eksperiment apardıq. Ancaq təəssüf  ki, Aqil İsmayılov gəlmədi".

İlqar Əliyev Ucar rayon Bərgüşad kənd sakininə məxsus 16 baş iribuynuzlu mal-qara həmin dərmandan tələf olmasına dair iddiaları da qəbul etmir. İordaniya şirkətinin Bassan adlı nümayəndəsinin iştirakı ilə Bərgüşad kəndində aparılan eksperiment zamanı inəyin ölməsini isə heyvana zəhərli dərman vurulması ilə bağlayır. Hətta bunu gördüklərini, ancaq yerli camaatın şirkətin nümayəndəsindən pul almasına maneə olmamaq üçün susduqlarnı iddia edir: "Bunu edən həmin kənddə yaşayan Fərhad adlı baytar həkimdir. O, həmin kənddə əvəllər tələf olmuş inəklərin da "Diacidol" dərmanından öldüyünü göstərmək üçün eksperiment aparılan inəyə zəhərli iynə vurdu. İnək də buna görə tələf oldu. İordaniya şirkətinin nümayəndəsi də elə bildi ki, inək onların dərmanından tələf olub. Buna görə də, əvvəl ölən inəklərin də pulunu ödədi. Biz bunu bilsək də, öz camaatımızın ərəbdən pul almasına mane olmamaq üçün göz yumduq... Öz camaatımızı haqsız çıxartmamaq üçün susduq. Ancaq Fərhad adlı həmin baytar həkim pul qoparmaq üçün "youtube"-da telefon nömrəsini yayaraq, kimin bu məsələ ilə bağlı şikayəti varsa, ona müraciət etməsini istəyib. Biz də bu adamla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik, araşdırma aparılır".

Vaqif

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar