Ən böyük şərəfsizlik millətin haqqını yemək deyilmi?

Millətin seçmədiyi deputat E.Hüsenli ATƏT-in seçki saxtakarlığına qarşı verdiyi obyektiv qiymətdən qızdı və neçə illərdən bəri iqtidarın ümid yeri kimi xalqa Qarabağ probleminin çözülməsində nicat qapısı kimi göstərdiyi mötəbər bir təşkilata şərəfsiz dedi. Qardaş Türkiyədə bu cür yöndəmsiz və çılğın tövr sərgiləyənlərə “adam çıldırmış” deyirlər.

Sıradan, adi bir vətəndaşın deyil, zorən millət vəkili statusu qamarlamış birilərinin ədəb-ərkana, beynəlxalq normalara və siyasi etikaya yaraşmayan hədyanlar yağdırması millət adına utancdır. Hər bir beynəlxalq təşkilatın, seçkiləri müşahidə missiyası ilə görəvlənmiş hər bir qurumun borcudur ki, akreditə olunduğu ölkədə keçirilən seçkilərə bu və ya digər formada qiymət versin. Obyektiv dəyərlənmələr subyektiv təhqirlərlə nəticələnməməlidir.

Əslində ən böyük şərəfsizlik millətin haqqını yeməkdir. Bu gün hakimiyyətdə oturanların, parlamentdə baş girləyənlərin əksəriyyəti millətin haqqını yeyənlərdir. Millətin seçim haqqını yeməkdən də böyük şərəfsizlik ola bilməz! 9 oktyabrda millətin haqqı yeyildi. Söhbət kimin 85, kiminsə o,66 faiz almasından getmir. Onsuz da hər şey əvvəldən gün kimi aydın idi. Ağlı başında olan hər bir kəs bu seçkilərin də qeyri demokratik olacağına inanırdı.

Söhbət beynəlxalq müşahidəçilərin gözü qarşısında baş verən total saxtakarlıqdan, təlimatlanmış qulbeçələrin bir neçə adamın əvəzinə səs verməsindən, bir şəxsin qutulara topa bülleten atmasından, geri qalmış ölkələrə məxsus olan karusel əməliyyatından, faktiki səslərin sonradan saxtalaşdırılmasından gedir və ATƏT də bu saxtakarlıqları fiksə etmişdir.

Siz necə fikirləşirisiniz, ATƏT və ya digər beynəlxalq qurumlar bu qədər aşkar formada baş verən seçki saxtakarlığına rəğmən durub deməliydi ki, Azərbaycanda ən demokratik, şəffaf və ədalətli seçkilər keçirildi? Bunu etməyiblərsə, kim hüseynlilərə haqq verib ki, arxasında böyük güclərin durduğu və istənilən vaxt Azərbaycana ən yüksək formada təsir etmək imkanı olan bir təşkilata şərəfsiz desin. E.Hüsenli gözünü yumub ATƏT-ə şərəfsiz damğası yapışdırırsa, ATƏT-in gəldiyi rəydə olan onlarla digər beynəlxalq təşkilatların və böyük dövlətlərin sonradan başımıza yağdıracağı daşlardan ehtiyyatlı olmalıdır.

Öz ağasını müdafiəyə qalxan kölənin halı dəyişməz. Köləlikdən qurtarmağın ən yaxşı yolu kölənin bir gün kölə olduğunu dərk etməsi və köləliyə qarşı mübarizəyə başlamasıdır. Azərbaycanda milli demokratik qüvvələrin apardığı mübarizənin əsas qayəsi həm də birilərini düçar olduğu köləlikdən xilas etməkdir. Təbii, bu hakimiyyət korrupsiya və rüşvət, sədaqətli xidmət, regionçuluq yolu ilə seçdirdiyi yarıtmaz deputatların bədəlini beynəlxalq təşkilatların üstümüzə qalxması hesabına ödəməli olacaq.

Pulun, sərvətin, neftin-qazın tükəndiyi bir gün var. Elə siyasət izlənməli, elə diplomatiya yürüdülməlidir ki, maddi sərvətlər tükənəndə millətin, dövlətin özündə yaşatdığı mənəvi dəyərlər bu itkini kompensasya edə bilsin. Gürcüstanın nə boyda milli sərvəti var, Rusiya caynağından xilas olan Baltikyanı ölkələr heç də Rusiyadan zəngin ölkələr deyil. Lakin bu ölkələrin Avropa dəyərlərinə sadiqliyi onlara Avropa evini qucaq açdırdı.

Xeyir ola, torpaqlarımızın işğal müəllifləri Rusiya və İrana qucaq açır, İran və Rusiyanın Azərbaycana yönəlik imperialist siyasətinin neytrallaşdırılması yolunda strateji siyasət yürüdən Avropaya və onun strukturlaına kəllə atırsınız? Əlinizdə dəstəvuz etdiyiniz və dəfələrlə səsləndirdiyiniz bəhanə ondan ibarətdir ki, ATƏT Qarabağ məsələsində ədalətsiz mövqe sərgiləyir. Bəli, ATƏT də özbaşına olan bir təşkilat deyil və bu qurum arxasında duran qlobal güclərin aləti rolunda çıxış etməyə məhkumdur. Lakin Qrabağla bağlı hakimiyyətin izlədiyi uğursuz siyasət necə, millətimizi qane edirmi?

Hanı sizin Qarabağ probleminin ədalətli həlli adına böyük dövlətlərə güzəştə getdiyiniz “əsrin neft kontraktları”? Bu qədər milli sərvətlə çox iddiaçı ölkələrin ağzını yummaq, hətta, əliniz öyrəşdiyi rüşvətlə Qarabağı geri almaq mümkün idi. Amma, təssüflər və yazıqlar olsun ki, hakimiyyət neftdən əldə etdiyi sərvətləri Qarabağın işğaldan azad olunmasına, xalqımızın rifahının yaxşılaşdırılmasına deyil, millət üzərində öz hegemonluğunu təmin etməyə, bütün gücü və resursları ilə xalqı susdurmağa yönəltdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar