"ACGÖZLÜK EDƏRƏK BÖHRANI DƏRİNLƏŞDİRİRLƏR" - "Bankirlərimizi acınacaqlı vəziyyət gözləyir"

"Dövlət bank sisteminin maraqlarını vətəndaşların maraqlarından üstün tutur"

Sentyabrın 22-də Azərbaycan Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verib. Qərarda deyilir ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflərə gözlənilməz hesab edilmədiyini və borclunun krediti xarici valyutada almaqla maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Mövzu ilə əlaqədar bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun "Turan" İA-ya müsahibəsini təqdim edirik.

***

-Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərarını açıqladı. Və birmənalı olaraq kredit götürənləri deyil, bankları müdafiə etdi. Dövlət niyə sadə vətəndaşların deyil, bankların tərəfini tutsun ki? Məqsəd nə idi?

Əkrəm Həsənov-İstənilən ölkədə dövlət bank sisteminin maraqlarını vətəndaşların maraqlarından üstün tutur. Məhz bank sisteminin, ayrı-ayrı bankların yox. Səbəb sadədir: bank sistemi ölkə iqtisadiyyatının qanıdır, onu qorumaq lazımdır. Kapitalist cəmiyyətində başqa cür ola da bilməz. Buna görə də təəccüb doğuran dövlətin Konstitusiya Məhkəməsinin simasında bankların tərəfini tutması deyil. Hətta qərarın hüquqi cəhətdən çox zəif, hətta deyərdim ki, gülməli şəkildə (guya kəskin devalvasiya gözlənilməz hal deyil və sanki hər kəs onu gözləyirmiş) əsaslandırılması da təəccüb doğurmur. Halbuki, məhkəmə hüquq nəzəriyyələri və xarici təcrübəni araşdırsaydı, daha ciddi əsaslandırılmış qərar verə bilərdi. Lakin ölkədəki hüquq elmi, hüquq təhsili və hakimlərin əksəriyyətinin səviyyəsini bilən hər kəs üçün məhkəmənin qərarı belə əsaslandırması təəccüb doğurmur. Bacardıqları budur! Təəssüf doğuran dövlətin və ölkə iqtisadiyyatının maraqlarını düzgün başa düşməməkdir. Bank sistemi etimada söykənən institutdur. Bizim bank sisteminə etibar onsuz da sarsılıb. Bu cür birtərəfli qərarlar isə inamı tam məhv edir. Əhali və sahibkarlar banklara düşmən kimi baxmağa başlayır. Buna görə də qərarın ən azı kompromis xarakterli olacağı gözləntisi var idi. Heç olmasa vətəndaşlara münasibətdə. Həmçinin sual da yaranır ki, niyə birdən- birə məhz indi bu məsələ Konstitusiya Məhkəməsinə çıxarıldı və icraat çox gizli şəkildə aparıldı. Faktiki olaraq mən təxmini bir ay əvvəl açıqlama verməsəydim, məhkəmənin iyun ayından bu işə baxması ictimaiyyətə heç bəlli də olmayacaqdı. Məhkəmə yalnız Banklar Assosiasiyasına bununla bağlı müraciət edib rəy verilməsini istəmişdi. Elə təəssürat yaranır ki, sanki bilə-bilə bu iş məhkəməyə çıxarıldı ki, banklar qorxsun və onlardan istənilənə nail olunan kimi məsələ bankların xeyrinə həll edildi. Halbuki, kompromis qərar kreditlərin qaytarılması və nəticədə problemli kreditlərin azalmasına apara bilərdi. İndi isə əvvəlki tək borclular düşdükləri vəziyyəti ədalətsiz hesab etdikləri üçün borcun qaytarmamağa davam edə bilər. Müqayisə üçün bir neçə il əvvəl İspaniya bankları ipoteka kreditləri üzrə faizləri düzgün hesablamırdı. Avropa məhkəməsi mübahisəni borcluların xeyrinə həll etdi və İspaniya bankları bir neçə milyard avro itirdi. Nəticədə yalnız haqq-ədalət zəfər çalmadı, həmçinin İspaniya bank sistemi böhrandan çıxdı, kreditlər qayıtdı. Bizdə isə acgözlük edirlər və başa düşmürlər ki, bununla yalnız böhranı daha da dərinləşdirirlər.

- Sizcə, bu qərar insanların, investorların banklara olan inamını daha sarsıtmayacaqmı?

-Nəinki banklara, həmçinin ədalətə, ölkənin məhkəmə sisteminə olan inamı sarsıdacaq. Onsuz da ölkədə mülkiyyət hüququnun müdafiəsi, müqavilələrin icrası və sağlam rəqabətin təminatı olduqca zəifdir. Bunların kökündə də müstəqil, ədalətli və savadlı məhkəmə sisteminin olmamasıdır. Konstitusiya Məhkəməsi də belə həssas və açıq-aydın məsələdə (kəskin devalvasiya da şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyilsə, bəs onda nədir?) nəinki ədalətsiz, ümumiyyətlə, savadsız şəkildə əsaslandırılmış qərar qəbul edirsə, hansı inamdan söhbət gedə bilər? İqtisadi inkişafın təməli oyun qaydalarına riayət etməkdir. Bizdə isə qaydasız döyüşdür.

-Azərbaycanda xarici valyuta ilə alış-satış qanunla qadağandır. Bəs banklar niyə xarici valyuta ilə kredit verirlər? Olmazmı ehtiyac qədəri ilə olan xarici valyuta cari məzənnə ilə hesablanaraq manata çevrilsin və mövcud qaydalara uyğun kreditlə ehtiyacı olanlara təqdim edilsin?

-Hazırda banklar, bir qayda olaraq, əhaliyə xarici valyutada kredit vermir. Hələ 2016-cı ilin ortalarından Maliyyə Bazarlarına Nəzarət Palatası məsuliyyətli kreditləşdirmə tələbləri çərçivəsində yalnız xarici valyutada gəliri və ya girovu olan fiziki şəxsə xarici valyutada kreditin verilməsinə icazə verir. Düzgün yanaşmadır. Amma əvvəlki illərdə götürülmüş kreditlərə bu, şamil edilmir. 2015-ci ilin may ayında Konstitusiya Məhkəməsi xarici valyutada verilən kreditlərin qanuni olduğunu tanıdı, halbuki, Konstitusiya və Mülki Məcəllə bunu qadağan edir. Mövcud kreditlərin cari məzənnə ilə manata çevrilməsinə gəldikdə isə ədalət naminə demək lazımdır ki, bəzi banklar bunu edib. Amma əksər kreditlər yenə də xarici valyutada olduğu kimi qalıb və təəssüf ki, bu barədə lazımi qərar qəbul edilmədi. Ümumən isə yaxşı olardı ki, devalvasiyadan sonra yaranmış məzənnə fərqi üzrə zərər bank, borc alan və dövlət arasında bərabər şəkildə bölüşdürülərdi.

-Artıq ikinci dəfədir Konstitusiya Məhkəməsi belə bir qərar verir. Vəziyyəti, qərarı dəyişdirmək üçün başqa bir yol varmı? Borcalanlar haqlarını harada tapa, axtara bilərlər?

-Böyük ehtimalla bu, yekun qərardır və məsələyə bir daha qayıtmayacaqlar. Düzdür, son qərar dolayısı ilə borc alanlara imkan verir ki, Mərkəzi Banka qarşı iddia qaldırsınlar. Çünki Konstitusiya Məhkəməsi mövqeyini belə əsaslandırıb ki, milli valyutanın məzənnəsini Mərkəzi Bank müəyyənləşdirdiyi üçün hər kəs hər an buna hazır olmalı idi. Lakin hamının xatirindədir ki, 2015-ci ilin fevral ayında devalvasiyadan bir neçə gün əvvəl Elman Rüstəmov bəyanat verdi ki, devalvasiya olmayacaq. Buna görə də borc alanlar nəzəri cəhətdən onlara dəyən zərərin əvəzini yalan məlumat vermiş Mərkəzi Bankdan tələb edə bilər. Ümumən isə vətəndaşlarımız ölkəmizdə fiziki şəxslərin özlərini müflis elan edə bilməsi uğrunda mübarizə aparmalıdır (çünki borcluların ən azı yarısı faktiki müflisdir). Əslində, qanun buna imkan verir. Lakin məhkəmələrimiz bu hüququ tanımır. Bir neçə ay bundan öncə bununla bağlı Konstitusiya Məhkəməsinə şikayət də göndərmişəm, amma hələ xəbər yoxdur. Ümumiyyətlə, ölkədə nəinki fiziki şəxslərə, heç hüquqi şəxslərə münasibətdə də müflislik institutu işləmir (səbəbi yalnız hakimlərə bəlli olan bəzi istisnalarla). Azərbaycanda barbar cəmiyyətlərə xas olan "canın çıxsın, borcunu ödə" prinsipi hökm sürür. Borclunun əmlakının olub-olmaması heç kəsi maraqlandırmır. Hətta borcunu ödəyə bilməyəni həbs də edirlər, halbuki, bu ölkəmizin qoşulduğu beynəlxalq sazişlərə ziddir. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə 3 şikayət də göndərmişəm, hazırda onlar üzrə kommunikasiya prosesi gedir. Ümid edirəm ki, Avropa məhkəməsi tezliklə həmin şikayətlər üzrə müsbət qərar çıxaracaq və xalqımızı bu bəladan qurtaracaq. Son vaxtlar sahibkarların da üzərinə hüquq-mühafizə orqanları ciddi həmlə edir problemli kreditlərlə bağlı. Heç bir məhkəmə qərarı olmadan belə. Buna görə də borc alanlar möhkəm olmalı və haqlarını tələb etməyə davam etməlidir. Eyni zamanda dələduz borclular da ifşa olunmalıdır. Amma onların dələduzluğu bank işçilərinin köməyi olmadan baş tuta bilməzdi. Buna görə də həm qayıtmayacağı əvvəldən bəlli olan krediti vermiş təqsirkar bank işçiləri, həm də dələduz borc alanlar birgə məsuliyyətə cəlb olunmalıdır.

-Durum ilk növbədə bankların xeyrinə kimi görünə bilər. Amma o biri tərəfdən problemli kreditlərin sayı da arta bilər ki, bu da banklara sərf etməyəcək. Həm banklar, həm də vətəndaşlar üçün ortaq yol tapmaq mümkün deyildimi?

Təbii, banklar üçün də bu, ciddi problemdir. Ortaq yol, bayaq dediyim kimi, məzənnə fərqi üzrə zərərin üç tərəf (dövlət, bank, borc alan) arasında bölüşdürülməsi olardı. Lakin dövlət buna maraq göstərmir ki, artıq xərcə düşməsin. Bəzi banklar güzəştli məzənnə ilə krediti manata çevirir. Amma bu, geniş yayılmayan təcrübədir. Nəticədə xəsis bankirlərimizi acınacaqlı vəziyyət gözləyir, amma bunun fərqində deyillər.

-Başqa ölkələrdə belə məsələlər necə tənzimlənir? Xarici təcrübə nə deyir? Bizim kimi oxşar taleni yaşayan ölkələr çıxış yolu kimi hansı yoldan istifadə ediblər?

-Bizim banklar kimi əhali və sahibkarlara xarici valyutada bu qədər kredit vermiş ikinci ölkə tanımıram. Bunun təqsirkarı Mərkəzi Bankdır. Vaxtilə banklara milli valyutada ucuz kreditlər versəydi, banklarımız xaricdən xarici valyuta kredit vəsaitləri cəlb edib ölkə daxilində onu paylamazdılar. Kreditləri manatla verərdilər. Buna görə də yalnız qismən analoqlar tapmaq olar. Rusiya, Qazaxıstan, Ukrayna və s. ölkələrdə banklar ciddi güzəştlərə getdi və nəticədə problem bizdəki kimi böyümədi. Ümumən isə xarici ölkələrdə şəraitin əhəmiyytəli dərəcədə dəyişməsinə görə müqavilə şərtlərinin dəyişməsi hallarına az rast gəlinmir. Məsələn, elə bizə hüquq sistemi baxımdan ən yaxın ölkə olan Almaniyada XX əsr ərzində məhkəmələr dəfələrlə kəskin inflyasiyanı və devalvasiyanı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab edərək borcluların maraqlarına uyğun olaraq müqavilə şərtlərini dəyişiblər. Lakin təəssüf ki, bizim Konstitusiya Məhkəməmiz ya bu təcrübəni bilmir, ya da bilmək istəmir.

635x100

Şərhlər

Nə isə...))) 2018-09-29 10:05:33

Yanlışda bir naxış,amma yerinə düşməyinə söz ola bilməz...)))

sual 2018-09-29 10:05:33

• Yazırsızki,......”Ortaq yol, məzənnə fərqi üzrə zərərin üç tərəf (dövlət, bank, borc alan) arasında bölüşdürülməsi olardı. Lakin dövlət buna maraq göstərmir ki, artıq xərcə düşməsin”…...əgər dövlət iqtisadiyyatın tənzimlənməsini qaydaya salsa (hüquqi tənzimləmə, o cümlədən azad məhkəmələr, İNHİSARÇILIQ, liberallaşma, dövlətin iqtisadiyyata minimum müdaxiləsi və s., və s.) belə suallar özü özünə həllini tapar. Bazar iqtisadiyyatında “görünməz əl” mexanizminin fəaliyyəti Azərbaycanda spesifikliyi ilə fərqlənir

2+2=4 2018-09-29 10:05:33

• ……”Bizim banklar kimi əhali və sahibkarlara xarici valyutada bu qədər kredit vermiş ikinci ölkə tanımıram”……belə ölkələr yetərincədir, birini mən deyim – Argentina və bu ölkədəki peso böhranı. Elə ölkələr varki, ümumiyyətlə dövriyyələrində yalnız ABŞ doll. istifadə edilir. Rusiya ilə birgə ABŞ doll.-ın nə qədər ölkə dövriyyədən çıxarmaq istəyib??? Nə olsun, mümkün deyil!!! Əgər Rusiya qonşu dövlətə qaz ixrac edirsə və əvəzində, məsələn, lirə alacaqsa, o, bu vəsaitlərlə nə etməlidir??? Ya qonşu ölkənin mallarını almalı, göstərdiyi xidmətlərindən istifadə etməli, ya da konvertasiya etməlidir. Ölkələr arasında isə inflyasiya, devalvasiya və faiz dərəcələri üzrə kəskin fərqlər mövcuddur, yəni əldə olunan vəsaitlər fərqli dərəcədə əriyir

2+2=4 2018-09-29 10:05:33

• Əjdər adlı yazarın sözü olmasın biləndə danışır, bilməyəndə. Bu nə deməkdir……..“Bunun təqsirkarı Mərkəzi Bankdır. Vaxtilə banklara milli valyutada ucuz kreditlər versəydi, banklarımız xaricdən xarici valyuta kredit vəsaitləri cəlb edib ölkə daxilində onu paylamazdılar. Kreditləri manatla verərdilər”…....Belə çıxır ki, Mərkəzi bank nə etdiyini bilmir???........))))))))))))))) Ölkədə sərt qeyd olunmuş məzənnə siyasəti reallaşdırılıb, son illər. Bu rejim şəraitində isə apriori pul-kredit siyasətinin sərbəstliyi mümkün deyil. Təsəvvür edək ki, mərkəzi bank dediyin kimi bankların kreditləşməsini genişləndirdi, nə baş verəcək bu halda??? Bu pullar ya istehlak bazarına çıxacaq (inflyasiya təzyiqləri artacaq), ya valyuta bazarına çıxacaq (məzənnəyə təzyiqlər artacaq), ya da investisiya malları bazarına (tədiyyə balansı üzrə dəyişikliklərə əsasən yenədə məzənnəyə təzyiqlər güclənəcək). Mərkəzi bank inflyasiyanı cilovlamazsa - faiz dərəcəsi yüksələcək, daha sonra isə manatın daxili bazarda ucuzlaşması məzənnəyə təzyirləri artıracaq; əgər inflyasiya çilovlanacaqsa bu halda dövriyyədəki pul kütləsi azalmalıdır (məzənnə, faiz dərəcəsi və ya kredit kanallarından biri ilə). Iqtisadi tənzimləmənin əlifbası var!!!!!

EJDER 2018-09-29 10:05:33

BANKLAR DEVALIVASIYANIN OLACAQINI BILIRDILER,MANATLA KREDIT GOTURMUWDUM,DEFELERLE MESSAW GONDERIB,MANATI DOLLARA CEVIRDILER.MENIM KIMI COXSUNU ALLATDILAR .,,UNI,, ILE ,,BANK OF BAKU,,NUN SAHIBLERININ EVINI ALLAH YIXSIN.CAHANGIRIN YANINA GETSINLER,NASILKADA,INWA ALLAH...

********* 2018-09-29 10:05:33

......”Ümumən isə yaxşı olardı ki, devalvasiyadan sonra yaranmış məzənnə fərqi üzrə zərər bank, borc alan və dövlət arasında bərabər şəkildə bölüşdürülərdi”……. Bəs niyə valyutada əmanətləri olan bank müştəriləri kənarda qalmalıdır???.....))))) Gəlin onlarında bu ümumi ziyanda iştirakını təmin edək, baxaq görək bank sisteminə bundan etimad artacaq, yaxud azalacaq, xüsusi ilə qeyri-rezidentlərin iştirakı ilə….)))))))))))))

********* 2018-09-29 10:05:33

• ….”Hələ 2016-cı ilin ortalarından Maliyyə Bazarlarına Nəzarət Palatası məsuliyyətli kreditləşdirmə tələbləri çərçivəsində yalnız xarici valyutada gəliri və ya girovu olan fiziki şəxsə xarici valyutada kreditin verilməsinə icazə verir. Düzgün yanaşmadır”…...bu cür qəraraları ümumilikdə səviyyəli, yüksək keyfiyyətli qərarlar hesab etmək olmaz (yalnız müvəqqəti, müəyyən müddətə). iqtisadiyyatda məhdudiyyətlərin artırılması, mümkün ola bilən və ya ola bilməyən məhdudiyyətlərin tətbiqi ölkədə iqtisadi fəaliyyət azadlığını məhdudlaşdırır, iqtisadi inkişafı əngəlləyir. Bu liberal iqtisadiyyatın əlifbasıdır. İstər bank, istər vətəndaş bazar iqtisadiyyatında risk daşıyıcılarıdır, üzərlərinə götürdükləri riskləri qabaqcadan qiymətləndirməlidirlər. Qadağalar sisteminin inkişafı isə - ancaq bəsit idarəçilik üsuluna xasdır

********* 2018-09-29 10:05:33

....”Nəticədə yalnız haqq-ədalət zəfər çalmadı, həmçinin İspaniya bank sistemi böhrandan çıxdı, kreditlər qayıtdı. Bizdə isə acgözlük edirlər və başa düşmürlər ki, bununla yalnız böhranı daha da dərinləşdirirlər”…....böhran deyəndə yəqinki, banklardakı ödəməmələr problemini deyirsən. Narahat olma. Banklar öz problemlərini həll edəcəklər, istənilən halda – tez ya gec; xoş, ya naxoş. O ki, qaldı vətəndaşa- onu bu vəziyyətə salan ölkə hökumətinin uzun illər reallaşdırdığı qüsurlu, deyərdim məsuliyyətsiz maliyyə siyasətidir və birdə 2014-cü ilin sonları ən yüksək səviyyədə səsləndirilmiş təminatlar!!! Bankların burada nə günahı var???

********* 2018-09-29 10:05:33

…….«Müqayisə üçün bir neçə il əvvəl İspaniya bankları ipoteka kreditləri üzrə faizləri düzgün hesablamırdı. Avropa məhkəməsi mübahisəni borcluların xeyrinə həll etdi və İspaniya bankları bir neçə milyard avro itirdi»…….... Göstərdiyin nümunə ilə Azərbaycandakı vəziyyət təmamilə fərqlənir: itirilmiş, əldə edilməmiş gəlir – bir anlayışdır, itrilmiş baza (əsas) bank vəsaitləri isə tamam başqa. Azərbaycanda bankların vəsaitləri hesabına müştərilərin xeyrinə qərar (verilmiş kreditlərin köhnə məzənnə ilə hesablanması və ya itkilərin yarısının banklar tərəfindən ödənilməsi) – bankların əldə edə biləcəyi/bilmədiyi gəlirlər deyil, onların malik olduqları baza vəsaitlərin itkisidir.

Səid 2018-09-29 10:05:33

Analoqu olmayan ölkənin analoqu olmayan məhkəməsinin analoqu olmayan qərarı analoqu olmayan millətə xeyirli olsun!!!

vekil 2018-09-29 10:05:33

dogru meqaledir!banklar ve bankirler soygunculuq edirler onlarin qarsisini kesen de yoxdur! filyal muduri olan mudurceler bahali cip navastroykanin yaxsisinda evladlari harin her biri de 2 ya 3 qiz saxlayirlar oz yanlarinda Sultan Suleyman bele yasamamisdir??? butun o xercleri de musderilerden cekirler ona gore de krizis mutleq olacaq

Son yazılar