"Avropa İttifaqını SSRİ kimi xalqlar həbsxanasına çevirməyin!» - Britaniyalı nazir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın xarici işlər naziri Ceremi Hant Avropa İttifaqını (Aİ) üzv ölkələrin «əsirliyində» olmaqda və birlikdən çıxmaq istəyinə qarşı maneələr yaratmaqda ittiham edib.

Hakim Mühafizakarlar Partiyasının Birmingemdə keçirilən qurultayında o, tarixin dərslərini nəzərə alaraq, Aİ-nı SSRİ-yə bənzəməməyə və «xalqlar həbsxanası»na çevrilməməyə çağırıb.

«Avropa arzusu və onun idealları ilə nə baş verib? Aİ azadlığı qorumaq üçün yaradılıb. Sovet İttifaqı heç kimə onu tərk etməyə imkan verməyib. Tarixin dərsi tam aydındır: Əgər siz, Aİ-nı klubdan türməyə çevirəcəksinizsə, o zaman klubu tərk etmək cəhdləri azalmaq yox, yalnız artacaq və biz, türmədən qaçmaq istəyən yeganə məhbus olmayacağıq» - deyə, Hant bəyan edib.

Nazir həm də Aİ-nın, Tereza Meyin uzatdığı «dostluq əlini» sıxmaqdan imtina edəcəyi halda, baş verə biləcək faciəli nəticələr barədə xəbərdarlıq edib.

Nazirin sözlərinə görə, «Brekzit»in səbəbi Avropa elitasının, o cümlədən, Britaniya elitasının, dövlətlər birliyinin qarşısında duran miqrasiya siyasəti üzrə çağırışların öhdəsindən gələ bilməməsidir.

«Britaniya mehribanlığını heç vaxt zəiflik kimi qəbul etməyin, çünki əgər siz, Britaniya kimi bir dövləti küncə qısnasanız, biz təslim olmayacağıq - döyüşəcəyik» - deyə, Hant əlavə edib.

Beləliklə, o, işarə vurub ki, Britaniya hökuməti əvvəlki kimi, «ayrılmaq» üzrə uzun sürəcək və mürəkkəb danışıqlarda Aİ-yə güzəştə getmək fikrində deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar